Bakı–Vaşinqton “Strateji Tərəfdaşlıq Xartiyası” imzaladı: Əliyev və Vens yeni mərhələ elan etdi

Bakı–Vaşinqton “Strateji Tərəfdaşlıq Xartiyası” imzaladı: Əliyev və Vens yeni mərhələ elan etdi
10 Fevral 2026
Mətni dəyiş

ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 10-da Bakıya səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevlə əvvəlcə məhdud tərkibdə, ardınca geniş tərkibdə görüş keçirilib və tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nı imzalayıblar.

Rəsmi imzalanma mərasimindən sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edərək əməkdaşlığın prioritetlərini - təhlükəsizlik, enerji, regional bağlılıq, texnologiya və investisiya gündəmini açıqlayıblar.

Xartiyaya əsasən, Azərbaycan və ABŞ strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli əməkdaşlığın beş əsas məqsədini müəyyənləşdirir. Sənəddə tərəflər, o cümlədən bir-birinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyi təsdiqləyir, 2025-ci il 8 avqust tarixli, Xartiyanın işlənməsi üzrə işçi qrupunun yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumuna istinad edir, regional bağlılıq, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı kimi sahələrdə strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır, dövlət qurumları ilə yanaşı, özəl sektorun da prosesə cəlb olunmasını vacib sayır.

Sənəddə əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi regional bağlılıq və enerji təhlükəsizliyi önə çəkilir. Bakı və Vaşinqton Orta Dəhlizin inkişafına diqqət yetirməklə iqtisadi artıma və regional əlaqələnməyə töhfə verən əməkdaşlığı genişləndirmək niyyətini bildirir.

Xartiyada həmçinin süni intellekt və rəqəmsal infrastruktur kimi sahələrdə investisiyaların əhəmiyyəti qeyd olunur: tərəflər iqtisadi artımı stimullaşdırmaq, investisiyaları təşviq etmək və ikitərəfli biznes mühitini yaxşılaşdırmaq məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Təhlükəsizlik bölməsində Cənubi Qafqazda sülhün hər iki ölkənin ümumi maraqlarına cavab verdiyi vurğulanır. Sənəddə eyni zamanda, strateji tərəfdaşlıq mexanizmi çərçivəsində iqtisadiyyat və ticarət, enerji, bağlılıq, süni intellekt və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə üzrə işçi qruplarının yaradıla biləcəyi qeyd olunur.

Xartiyanın mətnində ABŞ-nin Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğu bildirilir: maliyyə dəstəyi və texnologiya təminatı vasitəsilə bu sahədə potensialın artırılması nəzərdə tutulur.

Sənəddə, həmçinin Azərbaycan və ABŞ-nin neft, qaz və elektroenergetika sahələrində - həm ikitərəfli əsasda, həm də üçüncü ölkələrlə tərəfdaşlıq formatlarında - əməkdaşlığı genişləndirmək niyyəti yer alır.

Prezident İlham Əliyev bildirib ki, Xartiyanın imzalanması “ürəkdən aparılan işin nəticəsidir” və sənədin 6 ay ərzində hazırlandığını qeyd edib. Əliyev təhlükəsizlik, anti-terror əməliyyatları, müdafiə avadanlıqlarının satışı, süni intellekt mərkəzləri və enerji təhlükəsizliyi mövzularını ikitərəfli gündəmin əsas istiqamətləri kimi təqdim edib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə Ermənistanla sülh sazişinin dayanıqlı olmasına dair gözləntiləri dilə gətirib və Xartiyanın tərəfdaşlığı “rəsmiləşdirəcəyini” vurğulayıb. Vens ABŞ-nin Azərbaycanın ərazi sularının müdafiəsinə dəstək məqsədilə ölkəyə bir neçə yeni qayıq tədarük etməyi planlaşdırdığını da bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun