İngiltərə kimi ölkədə də VAR-a müraciət edirlər. Amma heç yerdə oyunu 10-12 dəqiqə uzatmırlar. Bu, gülməlidir. Uzun-uzadı məsləhətləşmələr aparırlar. Bunlar VAR-a bir əyləncə kimi baxırlar. Hər epizoda görə VAR-a müraciət etmək lazım deyil. Məsələn, “Sabah” – “Neftçi” oyununda olan penalti epizodu Sumqayıt yolundan görünürdü. Orda VAR-a nə ehtiyac var idi?
Xaqani Məmmədov
Dəyəsən, 2015-ci ilin payız fəsli idi. Qəfildən xəbər yayıldı ki, bəs ölkədə falçılığa qarşı ciddi mübarizə başlayacaq, falçılıqla məşğul olmaq qadağan olunacaq. Xəbərə çox operativ reaksiya verdim. “Falçılığın qadağan edilməsinin törədə biləcəyi təhlükələr” adlı yazı yazdım. Yazıda falçılığı dəstəklədim, falçılığın qadağan olunmasının əleyhinə açıq mətnlə çıxış etdim. Fikirimi də belə əsaslandırmışdım:
“Falçılığın qadağan olunmasının hansı nəticələrə aparıb çıxaracağını bir dərindən düşünən adam varmı?! Qadağan etmək asandır. Amma gərək qadağanın hansı nəticələr verə biləcəyini də dərindən düşünəsən. Əgər falçılıq qadağan olunsa, ərə getmək istəyən minlərlə, on minlərlə qıza kim ümid verəcək?! Kim onlara deyəcək ki, sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən.
Əgər onlar bilsələr ki, ortada cadu yoxdu və onlar, doğrudan da, ərə gedə bilmirlər, bu acı, bu zəqqutum həqiqəti həzm edə biləcəklərmi?! Bəs ərə getmək ümidini itirən qızlar kütləvi surətdə dəli olsalar, hökumətin bu dəliləri saxlamağa, onları müalicə etməyə, təzədən həyata qaytarmağa gücü çatacaqmı?
Onları təzədən həyata qaytarmaq üçün bu qədər psixoloqu, psixiatrı, sosioloqu və digər mütəxəssisləri hardan tapacağıq?! Falçılar ərə getmək istəyən və ərə gedə bilməyən minlərlə, on minlərlə qıza ümid verirdilər. Sənə cadu ediblər – deyərək, bu dəhşətli uğursuzluğun, ərə gedə bilməməklərinin səbəbini onların özlərində olmadığını göstərirdilər.
Beləliklə, falçılar on minlərlə qızın dəli olmasının qarşısını alırdılar. İndi o qızlar bilsələr ki, cadu yoxdu, onlar, doğrudan da, ərə gedə bilmirlər, amansız rəqabətdə uduzublar və bunun fonunda yaxın rəfiqəsi, lap doğma bacısı, qonşusu, qohumu, iş yoldaşı, qrup yoldaşı, yol yoldaşı gəlin paltarı geyinəndə, vağzalı havası çalınanda bu zərbəyə, bu ağır dərdə, bu zülmə, bu məşəqqətə, bu faciəyə, həyatın bu amansızlığına, bu iztiraba, bu ədalətsizliyə necə tab gətirəcəklər?! Bu haqda bir düşünən varmı?”
İndi deyəcəksiniz VAR sisteminin falçılıqa nə dəxli var? Mən sadəcə onu demək istəyirəm ki, əgər cəmiyyət, ətraf mühit üçün ciddi təhlükə yaratmırsa, emosiya bəxş edən, emosiya paylayan, mübahisə, müzakirə etmək üçün mövzu verən obyektləri və subyektləri mümkün qədər qorumaq lazımdır. Söhbət burda heç də VAR-ın oyunda tempi aşağı salmasından getmir. Bu məsələ çox güman ən yaxın vaxtlarda öz həllini tapacaq. Oyunda mübahisəli məqamların yoxlanılması, qərarların verilməsi sürətlənəcək. Söhbət burda ondan gedir ki, VAR sistemi futbolun ruhuna öldürücü zərbələr vurur. Bu fani həyatda hamımızın səhv etmək hüququ var. O cümlədən, hakimlərin də. Hakimlər allahlar sinfinə aid deyil. Ölənlər sinfinə aiddir. Əgər hakimlər bilərəkdən və ya bilməyərəkdən səhv qərarlar verməsə, bəs futbol azarkeşləri əsəbiləşmək, qəzəblənmək üçün hardan mövzu tapacaqlar? Zəif komandalar güclü komandalara uduzanda öz məğlubiyyətlərini necə əsaslandıracaqlar, öz məğlubiyyətlərini kimin üstünə atacaqlar, hansı bəhanələrdən yapışacaqlar?
VAR sistemi futbolu amansızcasına qurudur. Baxın, Maradonanın əllə qol vurması uzun illərdi müzakirə olunur. Maradonanın əllə qol vurmasının bu və ya digər formada hələ də söhbəti gedir. Hətta italyan rejissor, hörmətli Paolo Sorrentino da müəllifi olduğu “Tanrının əli” filmində bu mövzudan, Maradonanın əllə qol vurmasından möhtəşəm bir tərzdə, çox ustalıqla istifadə etdi. Özünüz düşünün, o vaxtlar VAR sistemi olsaydı, Maradonanın əllə qol vurması bu qədər müzakirələrə, mübahisələrə, bu qədər emosiyanın yaranmasına səbəb ola bilərdimi? Ola bilməzdi. Hələ, deyilənə görə, yaxın vaxtlarda yan xətt hakimlərini robotlar əvəz edəcək. Ta birdəfəlik meydana oyunçuların da əvəzinə robotlar buraxsınlar mövzu, ümumiyyətlə, bağlansın.
Xülaseyi-kəlam, şəxsən mən bir insan kimi, bir qələm adamı kimi futbolda VAR sisteminin tətbiq olunmasının qəti şəkildə əleyhinəyəm. Hakimlərin bilərəkdən və ya bilməyərəkdən səhv qərarlar verməsinin tərəfdarıyam. İnsan adlanan varlıq emosiyalardan ibarətdir. İnsan əsəbiləşməlidir, qəzəblənməlidir, hakimlərin ədalətsiz, səhv qərarlarından şikayətlənməlidir, hakimlərin səhv qərarları müzakirə edilməlidir. VAR sistemi mənbəyini futbol meydanından götürən emosiya selinin qarşısını alır. VAR insanları emosiyadan məhrum edir. Emosiya verən bütün obyektlərə və subyektlərə “papaq tıxamaq” olmaz. Emosiya verən obyektlər və subyektlər sıradan çıxdıqca insanlar da avtomatik olaraq “ölü canlar”a çevrilirlər.
Mənə kifayət qədər yad olan bir mövzuya toxundum. Ümid edirəm, çox düşüklük etmədim.
Seymur Baycan