Qəbələ və Balakəndə qanunsuz olaraq 2 milyon manatlıq qum-çınqıl hasilatı aparılıb, cinayət işi başlanıb

Qəbələ və Balakəndə qanunsuz olaraq 2 milyon manatlıq qum-çınqıl hasilatı aparılıb, cinayət işi başlanıb
3 Fevral 2022
Mətni dəyiş
Qəbələ və Balakən rayonları ərazisində qanunsuz qum-çınqıl hasilatı aparıldığı iddia olunur. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, bununla əlaqədar bir neçə şirkətin vəzifəlisi, eləcə də fiziki şəxs haqqında cinayət işi başlanıb. Balakən və Qəbələ rayonları ərazisindəki qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə qaydalarının pozulmasıyla qanunsuz hasilatın aparılması barədə məlumatlar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi, bu sahə üzrə aidiyyəti rayon prokurorlarının köməkçiləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakıyla yoxlanılıb. “Mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyilə ərazilərə baxış keçirilib, ölçülər götürülüb, hesablamalar aparılıb. Müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumatlar təhlil edilib. Aidiyyəti şəxslərin izahatları alınıb, müvafiq dövlət qurumlarına verilmiş sorğulara cavablar toplanıb. Müəyyən edilib ki, “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC və “Redstone” MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonu ərazisində 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılıb”, – prokurorluqdan bildirilib. Faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanaraq, araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib. Adları çəkilən şəxslərin prokurorluğun açıqlamasında deyilənlərə münasibəti məlum deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun