Ermənistanın Baş naziri Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham edib. O, Laçın dəhlizinin bağlı saxlanılmasının Qarabağda humanitar böhrana gətirib çıxardığını deyib:
“Laçın dəhlizi ötən həftədən bəri bağlıdır. Bir qrup azərbaycanlı fəal Ermənistan hökumətinin Qarabağdakı təbii sərvətlərdən qanunsuz istifadə etdiyini iddia edir və buna etiraz olaraq aksiya keçirir. Rusiya hərbçiləri vəziyyəti izləyir, lakin heç bir güc tədbiri görmür” – Paşinyan bildirib.
Azərbaycanın Laçın dəhlizindəki hərəkətlərini qanunsuz adlandıran N. Paşinyan Rusiyanı tənqid edib, Moskvanın öz öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətində olması nəzərdə tutulur.
“Bu maddə faktiki olaraq bu gün işləmir. De-fakto belə çıxır ki, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizinin nəzarətdə saxlanılması ilə bağlı üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir” - Paşinyan bildirib.
Rusiyan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nikol Paşinyanın ittihamlarını qəbuledilməz hesab edib:
"Mən bütün bunların əksini deyə bilərəm. Rusiya sülhməramlıları stabilliyi təmin etməkdən ötrü işlər görür. Onlar bu istiqamətdə fəaliyyət göstərir. Əgər kimsə, bunu yadından çıxarıbsa, mən yadına sala bilərəm. Ona görə də bizim sülhməramlılarımıza qarşı bu cür fikirlər qəbuledilməzdir" - deyə XİN rəsmisi söyləyib.
23 noyabrda KTMT-nin Yerevanda keçirilən sammitində Paşinyan birgə bəyanatı imzalamaqdan imtina edib. O bildirdi ki, Ermənistanın müttəfiqləri, o cümlədən Rusiya Azərbaycanla qarşıdurmada Yerevana böyük dəstək verməlidir.
Laçın dəhlizi dekabrın 12-dən bağlanıb. Dəhlizə toplaşan Azərbaycanın QHT nümayəndələri Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə təbii sərvətlərin qanunsuz istismar olunduğunu bildiriblər. Onlar buna etiraz olaraq 10 gündür Laçın dəhlizində çadır qurub təbii sərvətlərin qanunsuz istismarının dayandırılmasını tələb edirlər.