Şahinlərin gözümdən tamam düşməsi haqqında - Seymur Baycan

Şahinlərin gözümdən tamam düşməsi haqqında - Seymur Baycan Foto: Yaşar Xudiyev
29 Yanvar 2022
Mətni dəyiş

İgidin adını eşit, üzünü görmə.

Atalar məsəli

Hər gün səhər bir saat, saat yarım parkda piyada gəzirəm. Gəzməzdən əvvəl parkdakı quşları yemləyirəm. Evdən çıxanda özümlə üç-dörd dilim çörək, iki-üç ovuc çiy günəbaxan tumu götürürəm. Tumları bazardan alıram.

Həqiqətən quşları yemləmək çox əla məşğuliyyətdir. Adamın beyni dincəlir. Quşbazları indi başa düşürəm. Heyf ki, şəraitim yoxdur. Şəraitim olsaydı məmnuniyyətlə göyərçin saxlayardım.

Bəzən quşları yemlədiyim zaman quşlar qəfildən, həyacanla pərən-pərən düşürlər. Bir anda uçub dörd tərəfə dağılışırlar. Başım çıxmır niyə belə edirlər. Ətrafa diqqətlə baxıram. Gözümə heç bir şübhəli canlı dəymir.

Yaxşı, göyərçinləri başa düşdük. Deyək ki, hansısa bir canlı göyərçinləri ovlayıb yemək istəyir. Bəs bu sərçələrə nə olub? Onlar niyə qorxurlar? Sərçələr niyə həyacanla uçub kolların içində gizlənirlər? Hansı canlının sərçələrlə işi var? Niyə rahat yeməklərini yemirlər?

Sərçələrin qəfildən pərən-pərən düşməkləri, həyacanla uçub kolların arasında gizlənməkləri mənə gülməli görünürdü. Mənə elə gəlirdi ki, onlar heç bir ciddi əsas olmadığı halda həyacanla uçub kollarda gizlənməklə başlarını başa qoşmaq, özlərini qiymətə, mataha mindirmək istəyirlər. Guya bunları da ovlamaq istəyən var. Guya bunlar da ciddi quşdur. Guya bunlar da kiməsə lazımdır.

Demə sərçələrə qarşı haqsızlıq etmişəm. Demə sərçələrin həyəcanla uçub kolların arasında gizlənməyə ciddi əsasları varmış.

Ötən bazar günü quşları yemlədiyim zaman quşlar yenə qəfildən, həyacanla pərən-pərən düşdülər. Nəhayət bu dəfə quşların niyə qəfildən, həyacanla pərən-pərən düşməklərinin sirri mənim üçün açıldı (şəhərin mərkəzində şahinin yaşaması, ov etməsi ağlıma qətiyyən gəlmirdi). Bir şahin hardansa peyda olub sərçələrdən birini caynağına aldı və götürüb harasa apardı. Sözün həqiqi mənasında hər şey bir göz qırpımında baş verdi. Heç nə edə bilmədim. Heç əlimi tərpətməyə imkan olmadı. Amma caynağa alınmış sərçə ağır, kədərli bir tablo kimi yaddaşıma həkk olundu. Şahinin caynağındakı sərçə çox aciz görünürdü. Onun xilas olmaq üçün heç bir şansı yox idi.

Yaxınlıqdakı skamyada oturdum. Baş verən hadisə, xüsusən şahinin caynağındakı sərçənin çox aciz görünməsi, xilas olmaq üçün heç bir şansının olmaması məni xeyli düşündürdü. Həm də özümü bir az günahkar kimi hiss edirdim. O mənada ki, şahin şərçəni məhz quşları yemədiyim zaman ovlamışdı. Əlbəttə, özümü günahkar hiss etməyim açıq-aşkar axmaqlıq idi, amma yenə də… Qanım bərk qaralmışdı.

Evə qayıdanda başladım şahinlər haqqında oxumağa. Mən elə bilirdim bu şahin əməlli-başlı ciddi quşdur. Sən demə şahinlər nəinki sərçə, hətta qurbağa da yeyirmişlər. Vay, vay, vay… Dəhşət. Ciddi deyirəm şahinlər bir quş kimi tamam gözümdən düşdülər.

Seymur Baycan

Azlogos

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun