Ədliyyə Nazirliyi Müsavat Partiyasına da “yox” dedi

Ədliyyə Nazirliyi Müsavat Partiyasına da “yox” dedi Foto: sosial media
19 İyul 2023
Mətni dəyiş

 “250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib”

Ədliyyə Nazirliyi Müsavat Partiyasının qeydiyyata alınmaqla bağlı müraciətinə mənfi cavab verib.

Bu barədə məlumatı partiya sədri Arif Hacılı öz Facebook hesabında yazıb. 

Arif Hacılı bildirib ki, mənfi cavab alacaqlarını gözləyiblər:

“Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5.212 nəfərlik siyahıda 2.766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb və s. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilib”.

Partiya sədri bildirib ki, üzvləri ilə bağlı məlumatlarda qeyd olunan qüsurlar, şəxsi məlumat kimi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvidə həll edəcəklər.

"Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”- partiya sədri bildirib.

İyulun 17-də Respublikaçı Alternativ Partiyasının da (REAL) dövlət qeydiyyatına alınmasında imtina edilib. Partiya sədri İlqar Məmmədov bildirib ki, onlara göndərilən cavabda 5 min 100 nəfərlik üzvdən yalnız 463 nəfərin keçərli sayıldığı bildirilib.

2023-cü il yanvarın 11-dən etibarən Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanunla partiyanın dövlət qeydiyyatına alınması üçün yeni tələblər müəyyənləşib. Belə ki, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Partiyalar müraciətlərində bu üzvlərlə bağlı da anket məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Qanunun tətbiqindən sonra əvvəlki illərdə qeydə alınmış 59 siyasi partiyadan 31-i fəaliyyətini dayandırıb.

Müxalif siyasi partiyalar və bir sıra beynəxalq təşkilatlar “Siyasi partiyalar haqqında” yeni qanunun demokratik olmadığını və ölkədəki rəqabət mühitinə mənfi təsir etdiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun