Emin Ağalarovun “Sea Breeze” layihəsi üçün Xəzərdə 55 hektar torpaq sahəsinin ayrılmasına qərar verilib

Emin Ağalarovun “Sea Breeze” layihəsi üçün Xəzərdə 55 hektar torpaq sahəsinin ayrılmasına qərar verilib
16 Aprel 2026
Mətni dəyiş

Nazirlər Kabineti prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze Resort” layihəsi üçün Xəzər dənizində 55 hektardan çox süni torpaq sahəsinin yaradılmasına qərar verib

Nazirlər Kabineti Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimalında yerləşən “Sea Breeze Resort” istirahət zonasının genişləndirilməsi ilə bağlı qərar qəbul edib. Aprelin 15-də imzalanan qərara əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda ümumilikdə 55,08 hektar sahədə süni torpaq yaradılacaq.

Rəsmi sənədə görə, bunun 9,08 hektarı sahilboyu 20–50 metrlik zolağın altında, 46 hektarı isə dənizin akvatoriyasında yerləşəcək. Layihə çərçivəsində biri düzbucaqlı, digəri isə gəmi formasında olmaqla iki süni torpaq sahəsinin salınması planlaşdırılır. Bu ərazilərdə yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur.

Qərarda bildirilir ki, tikinti başa çatdıqdan və obyektlərin istismarına icazə verildikdən sonra həmin torpaq sahələri yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçiriləcək.

Tikinti işləri üçün icazələrin “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna və Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınacağı qeyd olunur.

Nazirlər Kabinetinin istinad etdiyi “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun 2024-cü ilin mayında qəbul edilib. Bu qanun Xəzərdə torpaq və ya qruntun tökülməsi, səpilməsi və digər üsullarla süni torpaq sahələrinin yaradılmasına hüquqi əsas yaradıb.

“Azadlıq Radiosu”nun araşdırmasına görə, qanun Emin Ağalarovun “Sea Breeze Resort” ərazisində “Caspian Dream Liner” layihəsi çərçivəsində süni yarımada üzərində tikintiyə başlamasından təxminən bir il sonra qəbul olunub. Araşdırmada qeyd edilirdi ki, həmin tikinti işləri aparılarkən bununla bağlı dövlət qurumlarından hər hansı rəsmi icazənin alındığına dair məlumat olmayıb.

Qanunun qəbulundan bir il sonra Milli Məclis süni torpaq sahələrində kazino fəaliyyətini leqallaşdıran dəyişiklikləri də təsdiqləyib. Yeni qaydalara əsasən, Azərbaycanda kazinolar yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində fəaliyyət göstərə bilər.

Emin Ağalarov 2005-ci ildə prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə evlənib. Cütlük sonradan boşansa da, Ağalarovun Nardaran ərazisində həyata keçirdiyi layihələr genişlənməkdə davam edib.

Bu layihələr çərçivəsində Nardaranın sahilyanı ərazilərində yerləşən bağ sahələrinin alınması illərdir mübahisə mövzusudur. Yerli sakinlər torpaqların zorla alındığını bildiriblər.

Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci ildə qərara gəlib ki, “Sea Breeze” layihəsi ilə bağlı 18 Nardaran sakininin mülkiyyət hüquqları pozulub. Məhkəmə Azərbaycan hökumətini həmin şəxslərə ümumilikdə 285 min dollar kompensasiya ödəməyə məhkum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun