“Abzas Media” işi üzrə bank hesablarına həbs qoyulanlar çətin vəziyyətdədir

“Abzas Media” işi üzrə bank hesablarına həbs qoyulanlar çətin vəziyyətdədir Foto: Amerikanın Səsi
18 Dekabr 2023
Mətni dəyiş

Ofeliya Məhərrəmova: “Kartdan pulumu çıxara bilmədim deyə aptekdən nisyə aldığım dərmanların pulunu verə bilmədim”

“Abzas Media” işi üzrə həbs edilən Ülvi Həsənlinin və Sevinc Vaqifqızının ailə üzvlərinin bank hesablarına blok qoyulub.

Saytın baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova deyir ki, o, pensiya kartı bloklandığına görə, ikinci qrup əlil kimi təyin olunan pensiyasını daha ala bilmir.

“İkinci qrup əlil kimi 326 manat pensiya alırdım. Hər ay dekabrın 15-də götürürdüm pulu. Ancaq bu dəfə pensiya kartımdan pulu çıxara bilmədim. Dərmanlarım 500 manat pul tutur. Pensiya nəinki dolanışığıma, heç dərmanımın puluna yetmirdi. Ayrı heç yerdən gəlirim yoxdur, olanım o idi. Bəzi dərmanlarımı aptekdən nisyə almışam. Dedim pensiyanı alanda verəcəm pulunuzu, pensiyanı da çıxara bilmədim. Belə çox çətindir”.

“Abzas Media”nın direktoru Ülvi Həsənlinin bacısı Nərmin Həsənova da deyir ki, Ülvi Həsənlinin ailə üzvlərinin hesablarının bloklanması onlara xeyli çətinlik yaradıb:

“Anam Esvira Musayevanın pensiya, bacım Sədaqət Həsənovanın maaş kartına blok qoyulub. Evin yeganə gəlir gətirəni onlar idi. Anamın öz ehtiyacları var, neçə gündür narahatdır ki, necə edəcəm?” - deyə Ülvi Həsənlinin bacısı Nərmin Həsənova bildirib.

Vəkil Elçin Sadıqov deyir ki, nəinki ailə üzvlərinin, hətta təqsirləndirilən şəxslərin özlərinin də bank hesablarının bloklanması əsassızdır:

“Bəzi işlər üzrə istintaqda belə qərarlar verilir, ancaq bu iş üzrə bunu şərtləndirəcək hal yoxdur. Qərar əsassızdır”, - deyə vəkil bildirib.

Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər ittihamları qəbul etmirlər və həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.

Noyabrın 29-da Xətai Rayon Məhkəməsində “Abzas Media”ya qarşı qaldırılan cinayət işi üzrə adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi ödənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun