İntiqam Əliyevin yeni romanı - “Əclafın ölümü” işıq üzü görüb

İntiqam Əliyevin yeni romanı - “Əclafın ölümü” işıq üzü görüb
29 İyun 2019
Mətni dəyiş

Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus İntiqam Əliyev daha bir romanını oxuculara təqdim edib. 

İntiqam Əliyev Abzas-a açıqlamasında bildirib ki, bədii əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir.

Müəllifin sözlərinə görə, opponentlərini sıradan çıxarmaq üçün ixtiyar sahiblərinin hər vasitəni məqbul saydığı ölkədə sistem daim əclaf istehsalı ilə məşğuldur.

"Bu dəyirmana hər kəs düşə və oradan salamat çıxmaya bilər. Hər şeyin alınıb-satıldığı, dəyərlərin baş-ayaq olduğu, birtərəfli yazılmış sərt oyun qaydalarının olduğu mühitdə hər kəs potensial qurbandır".

"Əsər əclaflar barədə deyil, onları yetirən sistem barədədir"

İntiqam Əliyev sözlərinə görə, kitabın əsas sloqanı belədir: "Əsər əclaflar barədə deyil, onları yetirən sistem barədə"dir.

Əsərin əsas qəhrəmanı hakimiyyətin basqılarına məruz qalan medianın, jurnalistlərin, ictimai-siyasi fəalların işlərini çıxan az sayda mübariz vəkillərdən biridir.

Ölkəni idarə edənlərin ünvanına tez-tez sərt tənqidlər səsləndirir. Çoxsaylı xəbərdarlıq, real təhdidlər və məruz qaldığı sui-qəsd də onu yolundan döndərə bilmir.

İdarəçilər üçün ciddi başağrısına çevrilən vəkilin həbsi məsələsi ən yüksək səviyyədə gündəmə gətirilir və o, saxta ittihamlarla zindana atılır.

Təkcə öz ölkəsində deyil, kənarda da müdafiəsi üçün kampaniyalar təşkil olunur, adı dünyada tanınmış dustaqlarla yanaşı çəkilir, ən nüfuzlu ödüllərə layiq görülür, öz ölkəsindən çox-çox uzaqlarda da mübarizə simvollarından birinə çevrilir.

Beş illik həbs həyatından sonra, nəhayət, azadlığa buraxılır və daha böyük enerji ilə mübarizəyə atılır. Bu dəfə tam fərqli cəbhədə - vaxtilə çiyin-çiyinə dayandığı, onun müdafiəsinə qalxan, çətin anlarında yanında olan kəsimə, keçmiş əqidə yoldaşlarına qarşı...

Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub.

Kitab hələ ki, elektron variantdadır, onun yaxın vaxtlarda həmçinin çap variantının oxuculara təqdim edilməsi nəzərdə tutulur. Əsərin elektron variantını bu linkdən əldə etmək olar.

İ.Əliyevin “Meydan” adlı ilk romanı 2018-ci ildə nəşr edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun