Hökumət müxalifətin mitinq müraciətinə üçüncü dəfə “yox” deyib

Hökumət müxalifətin mitinq müraciətinə üçüncü dəfə “yox” deyib Foto: Modern az
15 May 2024
Mətni dəyiş

Əhalinin istirahət hüquqnun pozulduğunu əsas gətirən icra hakimiyyəti sonuncu mitinqini 2019-cu ildə keçirən müxalifət blokuna alternativ yerlər də təklif etməyib 

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın 19 maya təyin etdiyi mitinqin keçirilməsinə razılıq verməyib.

Milli Şuradan Milli Şuradan “Abzas Media”ya verilən məlumatda qeyd olunur ki, icra hakimiyyəti müraciətdə qeyd edilən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirildiyini bildirib.

Metronun “28 May” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı meydanlarla bağlı isə vurğulanıb ki, həmin ərazilərdə əhalinin və nəqliyyatın daha sıx hərəkəti müşahidə olunduğundan həmin yerlərdə toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.

Qeyd edək ki, BŞİH Milli Şuranın aprelin 21-nə və mayın 5-nə təyin etdiyi mitinqlərə də eyni cavabı verib. Müxalifət bloku müraciətdə göstərdikləri məkanlardan başqa yerlərin müzakirəsinə açıq olduqlarını yazsa da, icra hakimiyyəti alternativ yer də təklif etməyib. Müraciət tərəfi mitinqlərə şəraitin yaradılmamasını ölkədə sərbəst toplaşmaq hüququnun pozulması kimi dəyərləndirir.

Azərbaycanda sərbəst toplaşmaq azadlığının ən çox məhdudlaşdırılan hüquqlardan biri olduğunu deyən hüquqşünas Səməd Rəhimli “Abzas Media”ya bildirmişdi ki, müxalifətin mitinqi hökumət nümayəndələrində “rängli inqilab” anlayışı ilə assosiasiya olunur. Onun sözlərinə görə mitinqin əhalinin istirahət hüququnu pozması ilə bağlı gətirilən arqumentlər əsassızdır: “Konstitusiyaya görə, istirahət hüququ deyəndə ildə 21, həftədə 1 gün olmaqla istirahət nəzərdəd tutulur.”

Qeyd edək ki, Milli Şuranın təşkilatçılığı ilə sonuncu mitinq 4 il əvvəl 2019-cu ilin yanvarında keçirilib. Mitinqdə Müsavat və Respublikaçı Alternativ Partiyaları da iştirak ediblər. Bundan sonra hökumət elə həmin ilin sonunda yalnız 1 piketə razılıq verib. Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı gəlib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunub.

Bu ilin noyabrında Azərbaycanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Milli Şuranın mitinq keçirməkdə məqsədi siyasi azadlıqların təmin olunmasını, ölkənin quru sərhədlərinin açılması, sayı 300-ə çatan siyasi məhbusların azadlığa buraxılması və siyasi repressiyalara son qoyulması ilə bağlıdr.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun