Beynəlxalq media təşkilatı İlqar Əliyevin həbsdə ölümünü şübhəli sayır, müstəqil araşdırma tələb edir

Beynəlxalq media təşkilatı İlqar Əliyevin həbsdə ölümünü şübhəli sayır, müstəqil araşdırma tələb edir
1 İyun 2026
Mətni dəyiş

Belarusun media təşkilatı “Press Club Belarus” informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis İlqar Əliyevin həbsdə ölümü ilə bağlı bəyanat yayıb və hadisənin müstəqil araşdırılmasına çağırış edib.

Təşkilat bəyanatında bildirib ki, media ictimaiyyəti İlqar Əliyevin ölümünü şübhəli hesab edir.

“Press Club Belarus” beynəlxalq media dəstək proqramları çərçivəsində müstəqil Azərbaycan mediasına məsləhətçilik etmiş informasiya təhlükəsizliyi üzrə mütəxəssis İlqar Əliyevin ölümü ilə bağlı müstəqil araşdırma aparılması çağırışlarına qoşulduğunu bəyan edib.

Bəyanatda qeyd olunur ki, İlqar Əliyev həm dövlət, həm də özəl sektorda yüksək vəzifəli İT rəhbəri kimi çalışıb, eyni zamanda “Abzas Media”, “Kanal 13” və “Məclis.info” kimi müstəqil media qurumları ilə əməkdaşlıq edib.

İKT mütəxəssisi İlqar Əliyevin mayın 1-də saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat etdiyi bildirilir. Hökumətyönlü mediada yayılan məlumatlarda onun xəstəlik səbəbindən öldüyü iddia olunub. Ədliyyə Nazirliyinin ilkin açıqlamasında da ölüm səbəbi kimi kəskin ürək-damar çatışmazlığı göstərilib.

Lakin “Abzas Media”nın əldə etdiyi məlumata görə, İlqar Əliyevin həbsdə olduğu müddətdə səhhəti ilə bağlı ciddi şikayətinin olmadığı bildirilir.

“Press Club Belarus” xatırladır ki, İlqar Əliyev 2023-cü ilin sonunda Azərbaycanda müstəqil mediaya qarşı başladığı bildirilən repressiya dalğası fonunda saxlanılıb və sonradan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunub.

İlqar Əliyev 2025-ci il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 3 ilə endirilib və azadlığa çıxması bu ilin dekabrına təsadüf etməli idi.

Təşkilatın bəyanatında qeyd edilir ki, İlqar Əliyevin ailə üzvlərinə qarşı hədələr yolu ilə etiraf verməyə məcbur edildiyinə dair məlumatlar var.

““Abzas Media” bildirir ki, İlqar Əliyev ailəsinə qarşı təhdidlər vasitəsilə etiraf ifadəsi verməyə məcbur edilib”, - bəyanatda deyilir.

İlqar Əliyev özü də həbsinin müstəqil media qurumlarına kibertəhlükəsizlik üzrə təlimlər keçməsi ilə əlaqəli olduğunu bildirib.

Əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya Texnologiyaları Departamentinin rəhbəri və bank sektorunda müşavir kimi fəaliyyət göstərən Əliyev məhkəmədə özünü təqsirli bilməyib.

“Press Club Belarus” bəyanatında vurğulayıb ki, 2023-cü ilin sonlarından etibarən Azərbaycanda müstəqil mediaya qarşı yeni təzyiq dalğası müşahidə olunur.

“Qeyri-dövlət media qurumlarının jurnalistləri və media əməkdaşları, o cümlədən “Abzas Media”, “Azadlıq Radiosu” və digər media orqanlarının nümayəndələri 7 ildən 9 ilədək həbs cəzalarına məhkum ediliblər”, - təşkilat bildirib.

Bəyanatda yerli hüquq müdafiə təşkilatlarının məlumatına istinadən qeyd olunur ki, hazırda Azərbaycanda 328 siyasi məhbus var.

Təşkilatın bəyanatına rəsmi münasibət bildirilməyib.

Azərbaycan hökuməti bir qayda olaraq ölkədə heç kimin siyasi və ya peşə fəaliyyəti ilə bağlı təqib olunmadığını, həmin şəxslərin törətdikləri əməllərə görə məsuliyyətə cəlb edildiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun