Siyasi məhbuslardan Quterreşə çağırış: “Azərbaycandakı siyasi repressiyalara səssiz qalmayın!”

Siyasi məhbuslardan Quterreşə çağırış: “Azərbaycandakı siyasi repressiyalara səssiz qalmayın!”
5 May 2026
Mətni dəyiş

İki saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – iqtisadçı Fazil Qasımov və “Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıblar.

“Siyasi Məhbusların Müdafiə Komitəsi”nin təşəbbüs qrupu adından yazılan müraciətin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə diqqət çəkmək məqsədi daşıdığı bildirilir. Məktubda həmçinin Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərə əməl etməməsi nəticəsində yaranmış siyasi məhbus probleminin həlli üçün BMT rəhbərliyinin təşəbbüs göstərməsinə çağırış edilir.

Müraciəti olduğu kimi təqdim edirik:

“Siyasi Məhbusların Müdafiə Komitəsi”nin təşəbbüs qrupu adından bu müraciəti Azərbaycan həbsxanasından Sizə ünvanlayaraq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə diqqətinizi çəkmək və Azərbaycan hakimiyyətinin insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməməsi nəticəsində yaranmış siyasi məhbus probleminin həlli üçün BMT rəhbərliyinin təşəbbüs göstərməsinə çağırış etmək istəyirik.

1945-ci ildə BMT-nin təsis edilməsindən sonra Baş Assambleyada qəbul edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” və “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya” insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ən mühüm beynəlxalq müqavilələr arasındadır. Bu müqavilələrə tərəfdar çıxmış dövlətlər həmin sənədlərdə təsbit edilmiş insan hüquq və azadlıqlarını qorumağı öhdəsinə götürüb.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ilk 10 il ərzində hər üç beynəlxalq müqaviləyə tərəfdar çıxsa da, bu müqavilələrdə təsbit edilmiş fundamental hüquq və azadlıqlar hazırda Azərbaycan hakimiyyəti tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə sistemli şəkildə pozulur. Belə ki, beynəlxalq insan hüquqları təşkilatlarının məlumatlarına görə, Azərbaycanda siyasi motivlərlə həbs edilmiş şəxslərin sayı 400-ə çatıb. Bu isə Azərbaycanda “hakimiyyətlərin bölünməsi” prinsipinin aradan qalxdığını və məhkəmələrin siyasi hakimiyyətin repressiya alətinə çevrildiyini göstərir. Məhkəmə proseslərində yol verilən özbaşınalıqlar Azərbaycanda cinayət törətməkdə təqsirləndirilən şəxslərin azadlıq, təqsirsizlik prezumpsiyası, müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarına açıq-aşkar hörmətsizlikdir.

Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutulsa da, siyasi hakimiyyətin qanunsuz göstərişlərini yerinə yetirmək müstəqilliyini itirmiş Azərbaycan məhkəmələri üçün artıq normaya çevrilib. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və qaydalarına zidd olaraq aparılan məhkəmə istintaqı isə həqiqətin müəyyən edilməsinə deyil, təqsirləndirilən şəxslərə qarşı süni ittiham sübutlarının yaradılmasına xidmət edir. Bir sözlə, Azərbaycanda ədalət mühakiməsi ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında deyil, qərəzli mövqe tutan hakimlərin müdafiə tərəfi ilə çəkişməsi əsasında həyata keçirilir. Ona görə də Azərbaycan məhkəmələri birmənalı olaraq sübutlara qərəzli münasibət bəsləyir, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamları əsaslandırmaq üçün qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edir, təqsirləndirilən şəxslərə və onların vəkillərinə müdafiəyə hazırlıq üçün zəruri şəraiti təmin etmir, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi materiallarla müdafiə tərəfinin tanış olması üçün süni əngəllər yaradır. Həmçinin, vəkillər peşə fəaliyyətinə görə hədə-qorxulara məruz qalır və müdafiə etdiyi şəxslərin qanuni mənafeyinə zidd hərəkətlər etməyə məcbur edilir. Nəticədə təqsirləndirilən şəxslər keyfiyyətli hüquqi yardım almaq imkanından məhrum olur.

Ədalətsiz məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə müraciətlərə də eyni qaydada qərəzli baxılır. Bundan əlavə, polis və ədliyyə orqanlarında işgəncələrə məruz qalmış şəxslərin səmərəli hüquqi müdafiə vasitələrinə əlçatanlığı təmin edilmir. Penitensiar müəssisələrdə saxlanılan siyasi məhbusların vəzifəli şəxslərin qanunazidd əməllərindən məhkəməyə, prokurorluq orqanına və ombudsmana şikayət vermək hüququ pozulur. Bu isə siyasi motivlərlə həbs edilmiş şəxslərə qarşı qeyri-insani, qəddar, ləyaqəti alçaldan hərəkətlərə yol verən vəzifəli şəxslər üçün cəzasızlıq mühiti yaradıb. Vəzifədən sui-istifadə edən şəxslərin cəzasız qalması Azərbaycanda qanunun aliliyini bərqərar etmək üçün siyasi iradənin olmadığını təsdiq edir.

Azərbaycan hakimiyyətinin demokratiya tərəfdarlarına qarşı apardığı anti-humanist, repressiv, faşist siyasət zorbalığı və cəhaləti özündə ehtiva edir. Sivil dəyərlərə zidd olan bu siyasət nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti zəifləyib, demokratik institutlar sıradan çıxıb, müstəqil media qurumları fəaliyyətini dayandırıb, müxalif siyasi partiyalar bağlanıb və onların rəhbərləri həbs edilib, siyasi motivli zorakılıq faktları artıb, bir sözlə demokratiya tərəfdarları repressiya qurbanlarına çevrilib. Ayrıca, ombudsman institutu və vəkillik institutu kimi, siyasi hakimiyyətin de-fakto tabeliyində fəaliyyət göstərən qeyri-müstəqil və səmərəsiz quruma çevrilib. Daha da təhlükəlisi, siyasi təqiblər Azərbaycan cəmiyyətində totalitar rejimlərə xas qorxu və itaət psixologiyasının formalaşmasına gətirib çıxarıb.

Belə bir şəraitdə Azərbaycanda WUF13 kimi mötəbər BMT tədbirinin keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizdə insan hüquqlarının vəziyyətini öyrənməsinə və siyasi məhbusların azadlığa buraxılması üçün səfərbər olmasına fürsət yarada bilər. Bu baxımdan, siyasi motivlərlə həbs edilmiş azərbaycanlı alimlər, jurnalistlər, ictimai fəallar və QHT nümayəndələri Azərbaycanda aparılan siyasi repressiyalara BMT rəhbərliyinin səssiz qalmayacağına ümid edir. Ona görə də biz “Siyasi Məhbusların Müdafiə Komitəsi”nin təşəbbüs qrupu adından Sizə müraciət edərək, WUF13 çərçivəsində Azərbaycan rəsmiləri ilə keçirəcəyiniz görüşlərdə siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməyinizi və peşə fəaliyyətinə görə həbs edilmiş qadın jurnalistlərə baş çəkməyinizi xahiş edirik”.

***

Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb və 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, iqtisadçı Qubad İbadoğluna qarşı açılmış cinayət işi çərçivəsində həbs olunub və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham edilir.

Qasımov məhkəmədə bildirib ki, istintaq zamanı zorakılıq və dərman təsiri altında İbadoğlunun əleyhinə ifadə verməyə məcbur edilib. O, həmin ifadədən imtina edib və ittihamı siyasi motivli sayır.

Bu iş üzrə Qubad İbadoğlu barəsində əvvəl ev dustaqlığı, daha sonra polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib, işi ayrıca icraata ayrılıb. Fazil Qasımov isə 2025-ci il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

***

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” üzrə saxlanılıb. Həmin iş çərçivəsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə də həbs olunub.

2025-ci il iyunun 20-də məhkəmə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri hər iki şəxsi siyasi məhbus kimi tanıyır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun