Sevinc Vaqifqızı ikinci dəfə qlobal “10 ən vacib” jurnalist siyahısına daxil edilib

Sevinc Vaqifqızı ikinci dəfə qlobal “10 ən vacib” jurnalist siyahısına daxil edilib
4 May 2026
Mətni dəyiş

Həbsdə olan jurnalist Sevinc Vaqifqızı artıq ikinci ildir ki, beynəlxalq media qurumlarının hazırladığı ən təcili müdafiə tələb edən jurnalistlər siyahısına daxil edilir

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının adı ikinci dəfə öz ölkəsində təqib olunan jurnalistlərin “10 ən vacib” (“10 Most Urgent”) siyahısına salınıb. Jurnalist ötən il də bu siyahıda yer almışdı.

3 May – Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində 40-dan çox qlobal media qurumu Vahid Azad Mətbuat Koalisiyası (One Free Press Coalition) çərçivəsində birləşərək həqiqəti ictimaiyyətə çatdırmağa çalışdıqları üçün təhdid olunan jurnalistlərə diqqət çəkmək məqsədilə bu siyahını açıqlayıb. Bu ilki “10 ən vacib” siyahısı dünyada “terrorizm” və ya “dövlət əleyhinə” ittihamlarla hədəf alınan jurnalistlərə fokuslanır.

Koalisiya 1 milyarddan çox auditoriyaya çıxış imkanlarından istifadə edərək 2026-cı ildə mətbuat təqibi ilə üzləşən 10 jurnalistin işinə diqqət yönəltməyi hədəfləyir.

Siyahıda Sevinc Vaqifqızı ilə bağlı yazılır:

“Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı Azərbaycanda 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2023-cü ildən bəri ölkədə müstəqil mediaya qarşı aparılan təzyiqlər fonunda həbsdə olan 24 jurnalistdən biridir.

Vaqifqızı 2023-cü ilin sonunda iki həmkarı ilə birlikdə Bakıdakı redaksiyada aparılan axtarış zamanı 43 min dollardan artıq vəsaitin aşkar edildiyi iddiası ilə saxlanılıb. O, 2025-ci ilin ortalarında Qərb donorlarından maliyyə alma və külli miqdarda vəsaiti qanunsuz şəkildə ölkəyə gətirməkdə ittiham olunaraq maliyyə cinayətləri üzrə məhkum edilib.

36 yaşlı jurnalist və həmkarları ittihamları rədd edərək bildiriblər ki, bu işlər ölkə prezidentinin və onun təyin etdiyi məmurların korrupsiya fəaliyyətləri ilə bağlı apardıqları araşdırmalara görə qisas xarakteri daşıyır”.

Siyahıda Sevinc Vaqifqızı ilə yanaşı, İrandan Rza Vəlizadə, Honq Konqdan Cimmi Ley, Vyetnamdan Fam Doan Tranq, Çindən Zanq Zan, Tacikistandan Ulfatxonim Mamadşoeva, Kamerundan Si Konrad, Filippindən Frençi Mai Kumpio, Efiopiyadan Genet Asmamav və Əlcəzairdən Kristof Qlezi də yer alıb.

Koalisiya ötən il – 2025-ci ilin mayında açıqlanan siyahıda yer alan üç jurnalistin azadlığa buraxıldığını da qeyd edir. Bunlar 2021-ci ildən Rusiyanın işğalı altında olan Krımda həbsdə saxlanılan Vladislav Yesipenko, 2023-cü ilin oktyabrından Myanmada saxlanılan Şin Daewe və Belarusda həbsdə olan İhar Losikdir.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, 2025-ci il dekabrın 1-nə olan vəziyyətə əsasən dünyada həbsdə olan jurnalistlərin 61 faizi “dövlət əleyhinə” ittihamlarla saxlanılır. Bu ittihamlar sırasında terrorçuluq və xarici hökumətlərdən maliyyə alma iddiaları da var.

Siyahı CPJ, Beynəlxalq Qadın Media Fondu (IWMF) və Sərhədsiz Reportyorlar (RSF) ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. CPJ-nin məlumatına görə, hazırda dünyada 330 jurnalist peşə fəaliyyəti ilə əlaqədar həbsdədir.

Vahid Azad Mətbuat Koalisiyası siyahıda yer alan şəxslərə dəstək olmaq üçün kollektiv çağırış edib.

Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.

Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham ediliblər, lakin ittihamları rədd ediblər. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir. Son hesabatlara görə, ölkədə 30-a yaxın jurnalist peşə fəaliyyətlərinə görə həbsdədir. Azərbaycan hökuməti isə bildirir ki, ölkədə heç bir jurnalist peşə fəaliyyətinə görə təqib olunmur və həbs olunan şəxslər konkret cinayətlərə görə məsuliyyətə cəlb ediliblər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun