Paşinyan: “İki ildir Azərbaycanla toqquşmalarda itkilərimiz yoxdur və bu, müstəqillikdən bəri görünməmiş bir dövrdür”

Paşinyan: “İki ildir Azərbaycanla toqquşmalarda itkilərimiz yoxdur və bu, müstəqillikdən bəri görünməmiş bir dövrdür”
4 May 2026
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin VIII sammitində çıxışı zamanı Ermənistan–Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və beynəlxalq sülh perspektivlərindən danışıb.

“Armenpress”in məlumatına görə, Paşinyan bildirib ki, gələcək sülh arxitekturası Vaşinqtonda keçirilən sammitin əsasını təşkil edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın dəstəyi ilə sülh bəyannaməsi qəbul olunub, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri isə sülh və dövlətlərarası münasibətlərə dair sazişi paraflayıblar.

Baş nazir qeyd edib ki, tərəflər hazırda TRIPP - “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə doğru irəliləyir.

“Hazırda biz Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu adlı mühüm layihənin həyata keçirilməsinə doğru irəliləyirik. Bu layihə regional marşrutların blokdan çıxarılması və şərqdən qərbə, cənubdan şimala yeni beynəlxalq marşrutların yaradılması yolu ilə sülhün bərqərar olmasına xidmət edəcək, beynəlxalq təchizat zəncirlərinin sabitliyinə mühüm töhfə verəcək. Əziz dostlar, hazırda bizim Azərbaycanla sülhümüz var. Artıq iki ildir ki, Azərbaycanla toqquşmalar nəticəsində itkilər yoxdur və bu, müstəqillik əldə etdiyimiz vaxtdan bəri görünməmiş bir dövrdür. Hazırda biz iki ölkəmizdə sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik”, - deyə o bildirib.

Paşinyan əlavə edib ki, bu, Azərbaycan prezidentinin Ermənistanda keçirilən tədbirdə ilk dəfə - onlayn formatda da olsa - iştirakı ilə yadda qalır.

O, həmçinin gələcəkdə Azərbaycana səfər etmək niyyətini də dilə gətirib:

“Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin X sammitində iştirak etmək üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyinin sammitlərinin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyiblər”, - deyə Paşinyan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun