“Hürriyyət” qəzetinin və “HurriyyetTV” internet kanalının həbsdə olan baş redaktoru Vüqar Məmmədov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Teleqrafın” yazdığına görə, mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İclasda dövlət ittihamçısı Orxan Kəngərli cinayət işinin məhkəmə baxışına verilməsini xahiş edib. Zərərçəkmiş qismində tanınan şəxslərin nümayəndələri də bu mövqeni dəstəkləyiblər.
Müdafiə tərəfi isə ittihamları əsassız sayır. Vəkil Aqil Layıc bildirib ki, Vüqar Məmmədovun əməlində cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, hədə-qorxu ilə tələbetmə cinayətlərində hüquqi şəxslər zərərçəkmiş kimi tanına bilməz və yalnız fiziki şəxslər bu statusa malik ola bilər. Vəkil cinayət təqibinə xitam verilməsini istəyib.
Bundan əlavə, müdafiəçi təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. O, bunu müvəkkilinin ziyalı şəxs olması ilə əsaslandırıb və əlavə edib ki, Vüqar Məmmədovun işi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işindən ayrılıb.
Vüqar Məmmədov özü də çıxışında Ramiz Mehdiyevlə hər hansı əlaqəsinin olmadığını bildirib. O qeyd edib ki, əvvəlcə dövlət çevrilişi ittihamı ilə saxlanılsa da, sonradan ittiham dəyişdirilib və barəsində cinayət təqibinə xitam verilməlidir.
Dövlət ittihamçısı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmamasını istəyib.
Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməyib. Eyni zamanda, Vüqar Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar qəbul olunub.
İş üzrə məhkəmə baxışı mayın 18-nə təyin edilib.
Vüqar Məmmədov Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə ittiham olunur. Bu maddələr üzrə ona 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Azadlıq Radiosu”nun məlumatına görə, cinayət işində “Veysəloğlu” Şirkətlər Qrupunun adı keçir. İttihama əsasən, baş redaktorun şirkəti hədə-qorxu ilə “Hürriyyət” qəzetinin hesabına 200 manat köçürməyə məcbur etdiyi iddia olunur. Vüqar Məmmədov ittihamları qəbul etmir və bildirir ki, tərəflər arasında reklam müqaviləsi olub.
Ötən il oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Hürriyyət” qəzetinin redaksiyasında axtarış aparıblar. Axtarışdan sonra Vüqar Məmmədov və bir neçə əməkdaş saxlanılıb. Digər şəxslər sonradan sərbəst buraxılsa da, baş redaktor barəsində həbs qətimkan tədbiri seçilib.
Hökumətyönlü media onun saxlanılmasını Ramiz Mehdiyevin işi ilə əlaqələndirsə də, rəsmi ittiham yalnız hədə-qorxu ilə tələbetmə maddəsi üzrə irəli sürülüb.
Vüqar Məmmədov özünü təqsirli bilmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. O, daha əvvəl - 2023-cü ilin iyununda “HurriyyetTV”də yayımlanan materiala görə qadağan olunmuş məlumat yaymaq ittihamı ilə 1 ay müddətinə həbs edilmişdi.