Vardanyan Ermənistan ombudsmanını Bakıya səfərə çağırıb: “Həyat yoldaşım da müşayiət etməyə hazırdır”

Vardanyan Ermənistan ombudsmanını Bakıya səfərə çağırıb: “Həyat yoldaşım da müşayiət etməyə hazırdır”
21 Aprel 2026
Mətni dəyiş

Azərbaycan həbsxanasında saxlanılan Ruben Vardanyan Ermənistan ombudsmanını Bakıya səfərə çağırıb, bu təşəbbüsün artıq Azərbaycan tərəfi ilə müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, səfərdə həyat yoldaşı da iştirak etməyə hazırdır və təşəbbüs humanitar məsələlərin həlli məqsədi daşıyır

Qarabağdakı separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyan Ermənistanın İnsan Hüquqları Müdafiəçisi (ombudsmanı) Anait Manasyanı Bakıya səfər imkanını nəzərdən keçirməyə çağırıb. Bu barədə o, ailəsi ilə telefon danışığı zamanı ötürülən müraciətində bildirib.

Vardanyanın sözlərinə görə, sözügedən səfər məsələsi artıq Azərbaycan tərəfi ilə müzakirə olunub və Bakı bu təşəbbüsün təşkilinə hazır olduğunu ifadə edib. O əlavə edib ki, belə bir səfərdə həyat yoldaşı Veronika Zonabend də iştirak etməyə hazırdır.

Vardanyan qeyd edib ki, bu yaxınlarda o, Azərbaycanın ombudsmanı Səbinə Əliyeva ilə görüşüb. Görüş zamanı saxlanma şəraiti, tibbi xidmət, hüquqi təminatlar və digər humanitar məsələlər, eləcə də Azərbaycanda saxlanılan erməni məhbusların vəziyyəti müzakirə olunub.

Onun sözlərinə görə, bu məsələlər həbsdə olan şəxslərin təhlükəsizliyi, sağlamlığı və ləyaqəti ilə birbaşa bağlıdır. Vardanyan bildirib ki, Azərbaycan ombudsmanı ilə söhbət zamanı Ermənistan ombudsmanının Bakıya mümkün səfəri də gündəmə gəlib, lakin bu təşəbbüs hələlik reallaşmayıb.

O, həmçinin vurğulayıb ki, Ermənistan vətəndaşları uzun müddətdir Azərbaycanda saxlanılır, lakin onların ailə üzvləri ilə görüşü və beynəlxalq qurumların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin monitorinqi təmin olunmayıb.

Vardanyan hesab edir ki, Ermənistanın müvafiq qurumları bu istiqamətdə kifayət qədər təşəbbüs göstərmir. O, rəsmi Yerevanın gündəliyində məhbusların hüquqları və sağlamlığı məsələlərinin yer almamasını sual altına alıb və niyə heç bir nümayəndə heyətinin onları ziyarət etmədiyini sorğulayıb.

Müraciətdə o, ombudsmanı Bakıya səfər imkanını, eləcə də uyğun şəraitdə erməni məhbusların ailə üzvlərinin də belə səfərdə iştirakını nəzərdən keçirməyə çağırıb. Vardanyan qeyd edib ki, bu cür səfər institusional xarakter daşımalı və Ermənistan hökuməti tərəfindən siyasi dəstək almalıdır.

O, eyni zamanda iki ölkənin ombudsmanları arasında humanitar məsələlər üzrə koordinasiyanın vacibliyini vurğulayıb və bunun olmamasını mövcud yeganə humanitar kanalın faktiki olaraq işləməməsi kimi qiymətləndirib.

Sonda Vardanyan Ermənistan ombudsmanını bir sıra suallara ictimai şəkildə cavab verməyə çağırıb. Bu suallar arasında Bakıya rəsmi səfərin təşkili, Azərbaycan ombudsmanı ilə əməkdaşlıq planları və saxlanılan ermənilərin hüquqlarının qorunması istiqamətində görülən tədbirlər yer alır.

O bildirib ki, mövcud şəraitdə bütün mümkün humanitar və hüquqi mexanizmlərin təcili şəkildə işə salınması vacibdir və Ermənistan hökumətinin Azərbaycanda saxlanılan vətəndaşlarının maraqlarını nəzərə almaması dövlət öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də saxlanılıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, o, Azərbaycandan Ermənistana keçmək istəyərkən tutulub.

2024-cü il fevralın 17-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl, fevralın 5-də eyni məhkəmədə tanınmayan “Dağlıq Qarabağ respublikası”nın keçmiş rəhbərləri və digər təqsirləndirilən şəxslərə də hökm oxunub.

Hökmə əsasən, "Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti" Araik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Müdafiə nazirinin birinci müavini" Davit Manukyan, "parlament sədri" Davit İşxanyan, "keçmiş müdafiə naziri" Levon Mnatsakanyan və "keçmiş xarici işlər naziri" Davit Babayan da ömürlük həbs cəzası alıblar. 

"Keçmiş prezident"lər Arkadi Qukasyan və Bako Saakyana 20 il həbs cəzası verilib.

Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurqen Stepanyan və Erik Qazaryan da 15 il azadlıqdan məhrum ediliblər. Qərarda hökm çıxarılanadək Babayanın 65 yaşına çatdığının nəzərə alındığı bildirilib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun