İranda uzunmüddətli internet məhdudiyyətləri təkcə informasiya axınını deyil, həm də ölkə iqtisadiyyatını ciddi şəkildə sarsıdır. Rəsmilər və ekspertlər hər gün on milyonlarla dollar zərər və sosial narazılığın artması barədə xəbərdarlıq edir.
İranda internetin kəsilməsi artıq 1248 saatı, yəni 52 günü keçib və bu, 2011-ci ildə Liviyada Ərəb baharı zamanı qeydə alınan təxminən altı aylıq fasilədən sonra milli səviyyədə ən uzun blokada hesab olunur. Lakin miqyas baxımından İran nümunəsi daha böyük sayılır. 90 milyondan çox əhalisi olan ölkədə bu, tarixdə ən geniş hökumət yönümlü rabitə məhdudiyyətlərindən biri kimi qiymətləndirilir. “NetBlocks” təşkilatı vəziyyəti “miqyas və sərtlik baxımından misli görünməmiş” adlandırır.
“Azadlıq Radiosu”nun yazdığına görə, internet məhdudiyyətləri fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hava zərbələrindən dərhal sonra başlayıb. O vaxtdan bəri açıq şəbəkə məlumatları göstərir ki, ölkənin xaricə internet trafiki əvvəlki səviyyənin 1 faizindən də aşağı olaraq qalır. Bu isə o deməkdir ki, əksər iranlılar üçün xarici sayt və tətbiqlərə çıxış faktiki olaraq mümkün deyil.
Budəfəki blokadanın fərqi yalnız müddətində deyil, həm də tətbiq olunan mexanizmdədir. Hakimiyyət tam kəsinti əvəzinə “ağ siyahı” sistemi tətbiq edib, seçilmiş qurumlar, şirkətlər və şəxslərə məhdud şəkildə internetə çıxış verilir, əhalinin qalan hissəsi isə bundan məhrum edilir.
Son həftələrdə bu yanaşma daha da institusional xarakter alıb. “Internet Pro” adlı ödənişli sistem vasitəsilə biznes sahibləri və akademiklər əvvəlki səviyyədə internetə çıxış əldə edə bilirlər. Tənqidçilər bunu “sinfi internet” kimi qiymətləndirir.
“Amnesty International” təşkilatı İran hakimiyyətini “rəqəmsal qaranlıq” yaratmaqda ittiham edərək internetə çıxışı əsas insan hüquqlarından biri kimi dəyərləndirib və xüsusilə münaqişə dövründə bunun həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Aprelin 12-də İran Ticarət Palatasında keçirilən iclasda vəziyyət “dərinləşən iqtisadi fövqəladə hal” kimi xarakterizə olunub. Palatanın iqtisadiyyat komissiyasının rəhbəri Əfşin Kolahi gündəlik birbaşa itkilərin 30–40 milyon dollar, dolayı zərərin isə 70–80 milyon dollar arasında dəyişdiyini bildirib.
O, vəziyyətin miqyasını izah etmək üçün qeyd edib ki, bu itkilər hər gün təxminən dörd böyük körpünün və ya iki elektrik stansiyasının dəyərinə bərabərdir. Müqayisə üçün, aprelin 2-də ABŞ zərbələri nəticəsində qismən dağılan və səkkiz nəfərin həyatını itirdiyi Kərəcdəki B1 körpüsünün tikinti dəyəri təxminən 20 milyon dollar olub.
Kolahi həmçinin bildirib ki, internetdən asılı kiçik bizneslərdə çalışan 300 mindən 500 minədək insan işini itirmək riski ilə üz-üzədir və onların yalnız kiçik hissəsi sığortalanıb.
Rəqəmlər hökumət daxilindəki qiymətləndirmələrlə də üst-üstə düşür. Telekommunikasiya naziri Səttar Haşemi rəqəmsal iqtisadiyyat üçün gündəlik zərəri 35 milyon dollar səviyyəsində qiymətləndirib və bunun ümumi iqtisadiyyata da mənfi təsir göstərdiyini bildirib.
Müzakirələr zamanı “ağ siyahı” sisteminə də ciddi tənqidlər səsləndirilib. İran Əsnaflar Palatasının sözçüsü Mehdi Ümidvar qeyd edib ki, yalnız bizneslərə internet verilməsi, lakin müştərilərin şəbəkədən kənarda qalması effektiv deyil. Onun sözlərinə görə, rəqəmsal ticarət hər iki tərəfin - həm satıcının, həm də alıcının - internetə çıxışını tələb edir.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür məhdudiyyətlər təkcə iqtisadi itkilərlə nəticələnmir, həm də sosial bərabərsizliyi dərinləşdirir, rəqəmsal sektora inamı azaldır və ixtisaslı kadrların ölkədən miqrasiyasını sürətləndirə bilər.