“Toplum TV işi” üzrə məhkəmədə hakim hal şahidini müdafiə edib, vəsatətlər rədd edilib

“Toplum TV işi” üzrə məhkəmədə hakim hal şahidini müdafiə edib, vəsatətlər rədd edilib
28 Aprel 2026
Mətni dəyiş

Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan proses hal şahidlərinin dindirilməsi ilə davam edib.

“Toplum TV”nin yaydığı məlumata görə, əvvəlcə təqsirləndirilənlərdən Elmir Abbasovun evində aparılan axtarışda iştirak etmiş Səid adlı şahid ifadə verib. Şahid onu dindirən vəkil Zibeydə Sadıqovanın suallarının əksəriyyətinə “yadımda qalmayıb” cavabını verib. O, həmçinin bildirib ki, belə əməliyyatda hal şahidi kimi ilk dəfə iştirak edib.

“İlk dəfə iştirak etdiyiniz bir şey necə yadınızda qalmaya bilər?”, – vəkil soruşub.

Bu zaman hakim Azər Tağıyev vəkilin sözünü kəsərək şahidi müdafiə edib: “Deyir, yadımda qalmayıb da!”

Şahid daha sonra evdən təxminən 3 min avro pul tapıldığını iddia edib. Elmir Abbasov isə həmin vəsaitin ona və ya ailəsinə məxsus olmadığını bildirib.

Daha sonra təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı İlkin Əmrahov evində axtarış zamanı tapıldığı iddia olunan 2700 avronun sübutlar siyahısından çıxarılması və sübutların yenidən qiymətləndirilməsi ilə bağlı vəsatət təqdim edib.

“Axtarışda hal şahidi kimi iştirak edən şəxs də burada dedi ki, mən axtarış zamanı pulların mənə aid olmadığını demişəm. Azərbaycan elə bir yerdir ki, siqaret çəkməyənin üstündən narkotik çıxır, camaatın yastığının altından silah çıxır. Evimdə axtarış zamanı çəkilişin aparılmaması, babamın həbslə təhdid olunması və digər amillər də sübut edir ki, mənim həbsim qeyri-legitim əsaslarla həyata keçirilib”, - deyə o bildirib.

“Toplum TV” əməkdaşı Fərid İsmayılov isə Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılovun məhkəməyə çağırılaraq dindirilməsi üçün vəsatət qaldırıb.

“Deyirsiniz, cinayətkar qrupun jurnalisti olmuşam. Əhməd İsmayılov gəlsin, desin, qaçaqmalçılığı təbliğ etmişəm, ya göstərmişəm?”, - o qeyd edib.

Təqsirləndirilənlərdən “Toplum TV”nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli yenidən ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təqdim edib. O, boğazındakı şişlərlə bağlı müalicə üçün endokrinoloqa və hormonal analizlərə ehtiyac duyduğunu, lakin Bakı İstintaq Təcridxanasında bu imkanların olmadığını bildirib.

“İki ildir vəsatətlər verirəm, siz təcridxanaya sorğu göndərirsiniz, onlar da deyir ki, Ələsgər Məmmədlinin xəstəliyi müşahidəmiz altındadır. Bəzən 24-36 saat fasiləsiz başağrılarım olur. Xəstəliyim qarşısıalınmaz nöqtəyə çatmadan müalicəsi ilə məşğul olmaq istəyirəm. İndiyədək şahidlərə, hətta sizə təsir edə biləcəyim əsası ilə məni ev dustaqlığına buraxmamısınız. Şahidlərin dindirilməsi bitib. Məhkəmə prosesinə isə hörmət edirəm və elə adam da deyiləm ki, sizə təzyiq göstərim”, - deyə o, hakimə müraciət edib.

Vəkillər Zibeydə Sadıqova və Fuad Ağayev vəsatəti müdafiə edərək Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar işlər üzrə Azərbaycan hökumətinə qarşı çıxardığı qərarları xatırladıblar.

Digər təqsirləndirilən şəxs, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də təcridxanada tibbi xidmətin səviyyəsindən şikayətlənib.

“Təcridxanaya gələn bir həkim dalağından şikayət edən bir məhbusa dedi ki, sənin dalağında heç nə yoxdur. Bu həkimlər 600-700 manata işləyirlər. Hansı savadlı həkim bu maaşa işləyər?”, - o bildirib.

Məhkəmə təqdim olunan vəsatətlərin heç birini təmin etməyib. Növbəti iclas mayın 4-nə təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra polis nəzarətinə götürülüb.

Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilib. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun