12 il azadlıqdan məhrum edilən siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıya qarşı cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəmə prosesi başlayıb.
Aprelin 24-də Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə hazırlıq iclası keçirilib.
Şikayətçi, Azər Qasımlının işində zərərçəkmiş kimi tanınan Qurbanəli Yusibov Samirə Qasımlının Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. O, məhkəməyə təqdim etdiyi ərizədə Samirə Qasımlının “Facebook” hesabında etdiyi paylaşımlarla onu hədələdiyini, böhtan atdığını və həyatına təhlükə yaratdığını iddia edir.
Qeyd olunan maddələr üzrə alternativ cəzalarla yanaşı, 6 ayadək azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.
“Azadlıq Radiosu”nun məlumatına görə, hazırlıq iclasında Samirə Qasımlının anket məlumatları dəqiqləşdirilib. Daha sonra onun vəkili Aqil Layıc işin aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb.
Müdafiəçi bildirib ki, Samirə Qasımlı ailə qurduqdan sonra Yasamal rayonunda yaşayır və mübahisəyə səbəb olan paylaşımlar da həmin ünvandan edilib:
“Burada söhbət onun əməlində cinayət tərkibinin olub-olmamasından getmir. Məsələ yurisdiksiyadır. Samirə Qasımlının faktiki yaşayış yeri Yasamaldır”.
Hakim Zamiq Bağırov vəsatətin yazılı şəkildə təqdim ediləcəyi halda baxılacağını bildirib. Növbəti məhkəmə iclası mayın 1-nə təyin edilib.
Aprelin 20-də Samirə Qasımlı ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. O, məhdudiyyəti ona qarşı qaldırılan iddialarla əlaqələndirib.
Samirə Qasımlı ittihamları qəbul etmir. O, “Abzas Media”ya bildirib ki, iş siyasi motivlidir və bu proses həm onun, həm də həyat yoldaşının fəaliyyəti ilə bağlıdır:
“Hakimiyyət mənə deyir ki, həyat yoldaşını cəzalandırmışıq, sən də bununla barışmalısan. Onun azadlığı uğrunda mübarizə aparmamalısan, hüquqlarını müdafiə etməməlisən. Qərar verilib, bu şəkildə də qəbul etmək lazımdır. Mənə qarşı baş verənlərin qısa məğzi budur. Bu, Azər Qasımlıya və onunla yanaşı, digər siyasi məhbusların problemlərini gündəmə gətirən Samirə Qasımlıya qarşı yönəlib”.
Qurbanəli Yusibov daha əvvəl Azər Qasımlıya qarşı şikayətində atasının və oğlunun oğurlanması ilə hədələndiyini iddia etsə də, məhkəmə prosesində bu iddiaları təsdiqləyən sübutlar təqdim olunmayıb.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və 2026-cı il martın 11-də 12 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə - külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmədə təqsirli bilinib.
İttihama görə, Qasımlı Qurbanəli Yusibovu oğlunu qaçırmaq və atasını öldürmək hədəsi ilə pul verməyə məcbur edib. Siyasətçi ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Foto: Sosial Media