İqbal Əbilov: “Məni “xəyanətkar” adlandıranlar əslində dövlətə və dövlətçilik anlayışına xəyanət edənlərin özləridir”

İqbal Əbilov: “Məni “xəyanətkar” adlandıranlar əslində dövlətə və dövlətçilik anlayışına xəyanət edənlərin özləridir” Foto: Amerikanın Səsi
20 Aprel 2026
Mətni dəyiş

18 il azadlıqdan məhrum edilən “Talış Milli Akademiyasının xəbərləri” nəşrinin baş redaktoru, tədqiqatçı İqbal Əbilov hökumətyönlü mediada onun haqqında yayılan video materiala münasibət bildirib. Əbilov yayılan materialları “qaralama kampaniyası” adlandıraraq ittihamları rədd edib və istintaq, məhkəmə prosesi, eləcə də ölkədəki hüquqi mühitlə bağlı sərt fikirlər səsləndirib

18 il azadlıqdan məhrum edilən “Talış Milli Akademiyasının xəbərləri” nəşrinin baş redaktoru, tədqiqatçı İqbal Əbilov bir müddət əvvəl hökumətyönlü mediada barəsində yayımlanan video materiala münasibət bildirib. Əbilovun bununla bağlı müraciətini yaxınları “Abzas Media” ilə paylaşıb.

İqbal Əbilov bildirib ki, ona qarşı yeni qaralama kampaniyasının başladığını eşidəndə buna təəccüblənməyib. Onun sözlərinə görə, əgər əməliyyat məhkəmədə sübutların olmaması ilə nəticələnibsə, bu, “hüquqi, intellektual və mənəvi fiasko” kimi qiymətləndirilməlidir:

 “Hökumət nəzarətindəki mediada mənə qarşı yeni qaralama kampaniyasının başladığını eşidəndə gülümsədim. Bu mənzərə kampaniya müəlliflərinin bir həqiqəti dərk etdiklərini göstərir: ağlı başında olan heç kim onların iddialarına inanmır. Məhz buna görə də onlar növbəti dəfə bir talış alimini həbs edib saxta cinayət işi uydurmadıqlarına, guya “uğurlu əməliyyat” keçirdiklərinə hamını - hətta özlərini də - yenidən inandırmağa çalışırlar. Əgər bu “əməliyyat” məhkəmədə sübutların tam yoxluğu ilə başa çatıb və hüquqi, intellektual və mənəvi fiaskoya uğrayıbsa, o zaman bu hadisə həqiqətən də “dərsliklərə daxil edilə bilər””.

Əbilov müraciətində istintaq zamanı baş verdiyini iddia etdiyi dialoqlara da toxunub:

“Mənə həsr olunmuş film haqqında danışılanları dinləyərkən, DTX-nin istintaq şöbəsinin rəhbəri olan müstəntiqlə aramızda keçən dialoqlardan birini xatırladım. O, mənə “etirafedici” ifadə müqabilində qısamüddətli həbs cəzası təklif etmişdi (əvvəlcə səkkiz il, sonra üç il, çarəsiz “istintaq”ın sonunda isə bir il). Söhbət əsnasında o, Yerin kürə şəklində olmasına dair "sadəlövh inancım"a təəccübləndiyini bildirdi. İddia edirdi ki, Yer kürəsi düzdür və "Antarktidanın o tayında başqa qitələr var". Əgər bir insan və ya xüsusi xidmət orqanı yerin düz olduğuna inanırsa, mənə qarşı irəli sürülən ittihamlar məni təəccübləndirmir”.

O, ölkədəki hüquqi mühitlə bağlı da tənqidi fikirlər səsləndirib və istintaq və məhkəmə prosesini “absurd teatr” adlandırıb:

“Onlarla müstəqil jurnalistin həbsdə olduğu, özlərini jurnalist adlandıran danışan başların kameralar qarşısında onlara və digər siyasi məhbuslara qarşı sifarişlə hazırlanmış paskvillər oxuduğu bir vaxtda; bir çox həqiqi, dürüst və prinsipial vəkilin daimi hücumlara və həbs olunma təhdidlərinə məruz qaldığı, Vəkillər Kollegiyasından qovulduğu (bu isə onların peşə fəaliyyətinin qadağan edilməsi deməkdir) bir mühitdə, kölə (“paykovıy”) vəkillərin “müvəkkillərini” yalnız istintaq tərəfindən dindirildikdən sonra ziyarət etdiyi bir şəraitdə (mənim həbs olunduğum gün belə bir vəkil mənimlə danışmaq əvəzinə müstəntiqdən soruşurdu: “Cənub bölgəsini hələ təmizləməmisiniz?”); “hakimlərin” bütün qanunları və prosedur normalarını pozaraq saxtalaşdırılmış hökmlər çıxardığı bir mühitdə, məni həbs olunmağımdan bir ay əvvəl dindirən əməliyyatçılardan birinin dediyi “Azərbaycanda qalmaq özü-özlüyündə sənin üçün bir cəzadır” sözlərinə artıq təəccüblənmirəm. Çünki bu absurd teatrda cinayətkarlar onların cinayətkar əməllərindən danışanları həbs etməklə qorxu və ixtilaf toxumu səpərək öz cinayətlərini gizlətməyə ümid edirlər. Məni “xəyanətkar” adlandıranlar əslində dövlətə və dövlətçilik anlayışına xəyanət edənlərin özləridir”.

Tədqiqatçı həmçinin akademik fəaliyyətinin hədəf alınmasını da tənqid edib. Əbilov talışşünaslıq sahəsində fəaliyyətinə görə irəli sürülən ittihamları da şərh edib:

“Müstəntiqlər - bunun üçün heç bir ixtisasları olmadığı halda - cinayət işi çərçivəsində də məhz eyni şeyi etməyə çalışırdılar. Xatırladım ki, əməliyyatçılar ilk dindirmə zamanı (həbsimdən bir ay əvvəl) gülümsədiyimə görə mənə qəzəblənirdilər: “Ni̇yə qorxmursan? Sən qorxmalısan. Anlamırsan, biz sənə travma yaşadırıq”. Amma kimsə “humanitar” və “humanist” sözləri arasındakı fərqi anlamadan sənə “Biz sənə humanitar davranırıq” deyəndə necə gülümsəməmək olar?

Talışşünaslıq üzrə apardığınız tədqiqatlara görə sizi təqib edənlərin sizin haqqınızda çəkilən “filmdə” “Talış” sözünü belə çəkməkdən qorxduqlarını görəndə necə gülümsəməmək olar? Müstəntiqlərdən biri təndirxananın “Əsl talış təndiri” adlandırılmasının “milli ədavətin salınması” olduğunu iddia edib, xalqınızın tarixi, mədəniyyəti və dili haqqında akademik nəşrlərinizə görə sizi bu ittihamla günahlandıranda necə gülümsəməmək olar? Başqa bir müstəntiq sizdən “Azərbaycanda neçə talış yaşayır? 500 min? Bir milyon?” deyə soruşanda və siz ölkədə rəsmi statistikaya görə, cəmi 85 mindən bir qədər çox talışın qeydiyyata alındığını xatırladanda onun dərhal sözlərini geri götürməsi qarşısında necə gülümsəməmək olar?”

İqbal Əbilov mediaya və rəsmi qurumlara açıq çağırış da edib:

“Əgər bu media və istintaq orqanları akademik fəaliyyətimi qiymətləndirmək iddiasındadırlarsa, bəlkə ölkədə ilk Talışşünaslıq konfransını təşkil etsinlər? Mən hətta distant iştirak edib istənilən peşəkar tənqidi dinləməyə hazıram. Yaxud bu media orqanları öz nominal funksiyalarını xatırlayıb gəlib məndən müsahibə alsınlar, istədikləri sualları versinlər. Bunu edəcəklərinə inanmıram. Çünki görünür, onlar öz rollarını ölkənin bu gününü məhv etməkdə və onu parlaq gələcəkdən uzaqlaşdırmaqda görürlər. Amma gələcək qaçılmazdır - həqiqətin, qanunun və ədalətin hökm sürəcəyi bir gələcək”.

İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 18 il müddətinə azadlıqdan məhrum edib. Oktyabrın 23-də Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Əbilov ittihamları qəbul etmir və fəaliyyətini elmi-tədqiqat işi kimi qiymətləndirir. Bir neçə hüquq müdafiə təşkilatı onu siyasi məhbus kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun