Nazirlər Kabinetinin Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qərarı ictimai müzakirələrə səbəb olub. Qərarın “Xəzərin qurudulması” kimi təqdim edilməsinə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bu iddialarla razılaşmır.
Deputat “Pravda.az”a açıqlamasında bildirib ki, qəbul olunan qərar ölkənin iqtisadi inkişafına xidmət edir:
“Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında qərar qəbul edilib. Süni adaların yaranması, özəl sektorun inkişaf etdirilməsi üçün şəraitin olması Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə imkan verir. Digər tərəfdən turizmi daha da intensivləşdirir. Premium turizmə də müsbət nəticəsini verir”.
Aydın Hüseynovun sözlərinə görə, bu təşəbbüs qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir və iqtisadi baxımdan müsbət nəticələr vəd edir:
“Qeyd etdiyimiz kimi, qanunla tənzimlənən, qanunun tələblərinə uyğun olaraq süni adaların yaradılması, biznes sektorunun inkişaf etdirilməsi ölkə iqtisadiyyatına, məşğulluğun təmin olunmasına müsbət təsir göstərəcək. Bir sözlə, Baş nazir tərəfindən Xəzərdə torpaq ayrılması qanundan irəli gələn tələblərin tərkib hissəsidir”.
Nazirlər Kabineti aprelin 15-də imzalanan qərarla president İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze Resort” layihəsi üçün Xəzər dənizinin Azərbaycan sektorunda ümumilikdə 55,08 hektar sahədə süni torpaq yaradılmasını təsdiqləyib.
Rəsmi sənədə əsasən, ayrılan sahənin 9,08 hektarı sahilboyu 20–50 metrlik zolağın altında, 46 hektarı isə dənizin akvatoriyasında yerləşir. Layihə çərçivəsində biri düzbucaqlı, digəri isə gəmi formasında olmaqla iki süni torpaq sahəsinin salınması planlaşdırılır. Bu ərazilərdə yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur.
Sənəddə bildirilir ki, tikinti başa çatdıqdan və obyektlərin istismarına icazə verildikdən sonra həmin sahələr yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçiriləcək. Tikinti üçün bütün icazələrin müvafiq qanunvericiliyə uyğun alınacağı vurğulanır.
Nazirlər Kabinetinin istinad etdiyi qanun - “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” sənəd 2024-cü ilin mayında qəbul olunub və Xəzərdə süni torpaq yaradılması üçün hüquqi baza formalaşdırıb.
Bununla belə, “Azadlıq Radiosu”nun araşdırmasına görə, bu qanun “Sea Breeze Resort” ərazisində “Caspian Dream Liner” layihəsi çərçivəsində süni yarımada üzərində tikinti işlərinə başlanmasından təxminən bir il sonra qəbul edilib. Araşdırmada həmin dövrdə dövlət qurumlarından rəsmi icazələrin olub-olmamasına dair məlumatın açıqlanmadığı qeyd olunurdu.