“Amnesty International”: “Azərbaycanda insan haqları sahəsində vəziyyət daha da pisləşib”

“Amnesty International”: “Azərbaycanda insan haqları sahəsində vəziyyət daha da pisləşib”
21 Aprel 2026
Mətni dəyiş

“Amnesty International”ın son illik hesabatı Azərbaycanda insan haqları sahəsində vəziyyətin ağır olaraq qaldığını, hakimiyyətin tənqidçilərə qarşı sistemli repressiyalarını davam etdirdiyini və yüzlərlə insanın siyasi motivli ittihamlarla azadlıqdan məhrum edildiyini göstərir

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı aprelin 21-də “Dünyada insan haqlarının vəziyyəti” adlı illik hesabatını açıqlayıb. Hesabat 2025-ci ildə 144 ölkədə insan haqlarının vəziyyətini əhatə edir və milli, regional və qlobal səviyyədə baş verən inkişafları geniş şəkildə təhlil edir.

Hesabatda bildirilir ki, bir çox dövlətlər beynəlxalq hüquqa əsaslanan qaydalar sistemini zəiflədərək milyonlarla insanın həyatına təsir edən problemlərin həllini çətinləşdirib. Sənəddə silahlı münaqişələr, etirazların boğulması, ayrı-seçkilik, iqtisadi və iqlim ədalətsizliyi, humanitar yardımların qəfil dayandırılması və texnologiyalardan sui-istifadə kimi əsas tendensiyalar vurğulanır.

Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə insan haqları sahəsində vəziyyətin ağır olaraq qaldığı və hakimiyyətin bütün növ dissenti boğmağa davam etdiyi xüsusi vurğulanır.

Qeyd edilir ki, yüzlərlə insan saxta və siyasi motivli ittihamlarla həbsdə saxlanılır. Bu şəxslər arasında hüquq müdafiəçiləri, jurnalistlər, alimlər və müxalifət nümayəndələri var. Ümumilikdə, 300-dən çox şəxsin belə ittihamlarla azadlıqdan məhrum edildiyi bildirilir.

Müstəqil QHT-lər və vətəndaş cəmiyyəti qrupları ciddi məhdudiyyətlərlə üzləşib, dinc etiraz aksiyaları dağıdılıb. İşgəncə və digər pis rəftar halları geniş yayılıb və bu hallara görə məsul şəxslər cəzasız qalıb. Qadınlar və LGBTI şəxslər diskriminasiya, gender əsaslı zorakılıq və dövlət təqibləri ilə üzləşməkdə davam edib.

Hesabatda qeyd olunur ki, Azərbaycan insan haqları sahəsində vəziyyətin pisləşməsinə baxmayaraq, ABŞ və Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməyə davam edib. Eyni zamanda, ABŞ vasitəçiliyi ilə Ermənistan-Azərbaycan sülh sazişi avqust ayında imzalanıb və Qarabağ münaqişəsinin başa çatdırılmasına yönəlib.

Media və ifadə azadlığı

Hakimiyyətin bütün növ etirazları boğmağa davam etdiyi bildirilir. Media sahəsində qəbul edilən qanunvericilik dəyişiklikləri vəziyyəti daha da ağırlaşdırıb.

2022-ci il “Media haqqında” qanuna edilən dəyişikliklər bütün media qurumları üçün məcburi qeydiyyatı genişləndirib və Medianın İnkişafı Agentliyinə saytları bloklamaq, materialları silmək və uyğun gəlməyən xarici media qurumlarını bağlamaq kimi geniş səlahiyyətlər verib. Qanun eyni zamanda qeyri-müəyyən əsaslarla “yalan məlumat” yayımını cinayət məsuliyyətinə cəlb edir, xəbər agentlikləri üçün əlavə inzibati yük yaradır və Media Reyestrinə daxil olmayan çap məhsullarının yayımını qadağan edir.

Bu dəyişikliklərin nəticəsi olaraq fevral ayında “BBC”nin Azərbaycan xidməti fəaliyyətini dayandırıb, daha sonra onun tərəfdaş qurumunun qanunsuz fəaliyyət göstərdiyi açıqlanıb; müstəqil “TURAN” İnformasiya Agentliyi də fevral ayında fəaliyyətini dayandırıb; jurnalist fəaliyyətini məhdudlaşdırmaq üçün səyahət qadağaları tətbiq olunub və ən azı 40 jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsi əvvəlcədən xəbərdarlıq edilmədən belə qadağalarla üzləşib.

Korrupsiya və insan haqları pozuntularını araşdıran jurnalistlər xüsusilə hədəfə alınıb. Onlara qarşı qaçaqmalçılıq, pulyuma, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb. 30-a yaxın jurnalist həbsdə və ya uzunmüddətli istintaq təcridxanasında saxlanılır.

İyun ayında “Abzas Media” jurnalistləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və Məhəmməd Kekalov, eləcə də “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə və araşdırmaçı journalist Hafiz Babalı ədalətsiz məhkəmə proseslərindən sonra valyuta qaçaqmalçılığı və saxtakarlıq kimi ittihamlarla 9 ilə qədər azadlıqdan məhrum ediliblər.

2024-cü ilin dekabrından 2025-ci ilin mayına qədər “Meydan TV” ilə bağlı cinayət işi çərçivəsində bir sıra jurnalistlər - Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qəmbərova), Xəyalə Ağayeva, Natiq Cavadlı, Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova, Fatimə Movlamlı, Nurlan Libre (Qəhrəmanlı), Şəmşad Ağa və Ülviyyə Əli (Quliyeva) - valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunublar. Onların istintaq müddəti dəfələrlə uzadılıb.

“Toplum TV” jurnalistləri Fərid İsmayılov, Müşfiq Cabbarov və Ələsgər Məmmədli, eləcə də “Yoldaş Media”dan Əhməd Məmmədli də oxşar ittihamlarla həbsdə qalıb və il sonuna qədər məhkəmələri davam edib.

Alimlər, müxalifət və siyasi fəallar

Hesabatda qeyd olunur ki, tədqiqatçılar və akademiklər də təqiblərə məruz qalıb. İqbal Abilov 18 il, Bəhruz Səmədov isə 15 il həbs cəzasına məhkum edilib.

Müxalifət nümayəndələri də hədəfə alınıb. 2024-cü ilin dekabrında həbs olunan siyasətçi Azər Qasımlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli il sonuna qədər şübhəli ittihamlarla həbsdə saxlanılıb.

“Üçüncü Respublika” platformasının üzvləri Akif Qurbanov və Ruslan İzzətli, eləcə də Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, Ramil Babayev və İlkin Əmrahov valyuta qaçaqmalçılığı ittihamı ilə istintaq təcridxanasında saxlanılıb və məhkəmələri davam edib.

Vətəndaş cəmiyyəti və QHT-lər

Müstəqil QHT-lər və fəallar ciddi məhdudiyyətlər, təqiblər və əsassız cinayət təqibləri ilə üzləşib. Fevral ayında prokurorluq 2014-cü ilə aid cinayət işini yenidən açıb. Mart ayında keçirilən reydlər zamanı bir sıra vətəndaş cəmiyyəti nümayəndələri saxlanılıb.

Onların arasında Bəşir Süleymanlı, Məmməd Alpay, Asəf Əhmədov, Əhməd Məmmədzadə və sosial işçi Zamin Zəki də olub. Məhkəmələr onların barəsində saxta maliyyə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs-qətimkan tədbiri seçib və sağlamlıq problemlərinə baxmayaraq azadlığa buraxılma ilə bağlı vəsatətləri rədd edib.

Eyni iş çərçivəsində Mehriban Rəhimli, Hafiz Həsənov, Qalib Bayramov və Nərgiz Muxtarova polis nəzarətinə götürülüb. Ümumilikdə ən azı 50 vətəndaş cəmiyyəti nümayəndəsi dindirilib ki, bu da ölkədə qorxu və özünüsenzura mühitini gücləndirib.

Seçki Monitorinqi və Demokratik Tədqiqatlar Mərkəzinin rəhbəri Anar Məmmədli də qaçaqmalçılıq ittihamı ilə həbsdə saxlanılıb, daha sonra ittihamlar genişləndirilib. Onunla birlikdə ittiham olunan fəal Anar Abdulla da avqustda yenidən həbs olunub.

Müstəqil həmkarlar ittifaqları və yerli təşəbbüs qrupları da təzyiqlərə məruz qalıb. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 8 il həbs cəzası alıb, təşkilat üzvləri saxlanılıb. Gənc Veteranlar İctimai Birliyi rəhbəri Hacı Vəliyevin həbsi və pis rəftara məruz qalmasından sonra fəaliyyətini dayandırıb.

Sərbəst toplaşmaq və dini azadlıqlar

Dinc toplaşmaq azadlığının ciddi şəkildə məhdudlaşdırıldığı qeyd olunur. İşçi hüquqları, siyasi etirazlar və dini məsələlərlə bağlı aksiyalar qadağan edilib, iştirakçılar təqib olunub.

İyul ayında maaşların azaldılmasına etiraz planlaşdıran kuryerlər polisə çağırılıb və sosial şəbəkələrdəki paylaşımlarını silməyə məcbur edilib. Müxalifət üzvlərinin toplantıları mütəmadi şəkildə əngəllənib.

Sentyabr ayında polis Əli Kərimli və Cəmil Həsənlinin ictimai tədbirdə iştirakının qarşısını alıb, daha sonra bir neçə fəal əsassız ittihamlarla həbs olunub.

Dini azadlıqlara da məhdudiyyətlər tətbiq edilib. İyulun 6-da şiə icmalarına Aşura mərasimini düzgün tarixdə keçirməyə icazə verilməyib və bəzi məscidlərdə mərasimlər qadağan olunub.

Qarabağ münaqişəsi və hüquqlar

Hesabatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsindən zərər çəkən şəxslərin hüquqlarının qorunması və məsuliyyətin təmin edilməsi istiqamətində yetərli addımlar atmayıb.

Avropa İnsan Haqları Məhkəməsi oktyabr ayında Azərbaycan hökumətindən saxlanılan 23 erməni məhbusun vəziyyəti və sağlamlığı barədə məlumat təqdim etməyi tələb edib.

İşgəncə və pis rəftar

İşgəncə və digər pis rəftar hallarının geniş yayıldığı bildirilir. Saxlanılan şəxslərin döyülməsi, hədələnməsi, cinsi zorakılıqla təhdid olunması, məcburi etiraflara məruz qalması və tibbi yardımdan məhrum edilməsi halları qeyd olunur.

Bu hallarla bağlı effektiv və müstəqil araşdırmalar aparılmadığı üçün cəzasızlıq mühiti davam edir.

Müsəlman Birliyi Hərəkatının üzvü Elgiz Məmmədovun işgəncə nəticəsində xəsarət aldığı, bəzi qadınların saxlanılarkən döyüldüyü və vəkillə təmin olunmadığı bildirilir.

“Abzas Media” və “Toplum TV” işi üzrə qadın jurnalistlərin məhkəmə proseslərində zorakılıq, cəza məqsədli köçürmələr və uzunmüddətli qandallanma ilə üzləşdiyi qeyd olunur.

Bir sıra fəallar, o cümlədən Elvin Mustafayev, Afiəddin Məmmədov və Hacı Vəliyev uzunmüddətli təkadamlıq kameralarda saxlanılıb. Saxlanılan şəxslərin sağlamlıq vəziyyətinin pisləşdiyi və tibbi yardımın yetərsiz olduğu vurğulanır.

Qadınlar və LGBTI şəxslər

Qadınlar və LGBTI şəxslər diskriminasiya və zorakılıqla üzləşməkdə davam edib, dövlət isə bu halların qarşısını almaq və cəzalandırmaq üçün yetərli tədbirlər görməyib.

Martın 8-də LGBTI fəalı Rauf Heydərov Bakıda təkbaşına aksiya keçirdiyinə görə 30 sutka inzibati həbs cəzası alıb.

Noyabrın 4-də isə Yasin İbadov (Rüzgar kimi tanınır) Bakıda qətlə yetirilib. Bildirilir ki, qətl onun seksual orientasiyası ilə bağlı əvvəlki təhdidlərdən sonra baş verib və hadisə zamanı polis və tibbi xidmətin gec reaksiya verdiyi qeyd olunur.

Azərbaycan hakimiyyəti bu hesabatı hələlik şərh etməyib. Ancaq indiyədək oxşar hesabatlarda deyilənləri təkzib edib, beynəlxalq insan haqları qurumlarını qərəzli mövqedə ittiham edib. Hakimiyyət təmsilçiləri ölkədə təməl insan haqlarının qorunduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun