Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nazirliyin rəsmi loqosu üçün “Paradox” MMC-yə ödənilən məbləği açıqlayıb.
AbzasMedia xəbər verir ki, cavab Ombudsman Aparatının nazirliyə xəbərdarlığından sonra olub.
Belə ki, iyulun 2-də İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparat rəhbərinin müavini Rəşid Rumzadənin gənclər və idman nazirinin müavini İndira Hacıyevaya xəbərdarlıq məktubu ünvanlayaraq sorğuya natamam cavab verilməsinin hüquqi məsuliyyət yaradacağını xatırladıb.
Nazirlik isə Ombudsman Aparatına cavabında qiyməti açıqlayıb. Bildirilib ki, müsabiqənin qalibi “Paradox” MMC olub, loqonun seçimi tam şəffaf aparılıb, gənc nəslə və idmançılara xas aktivlik, enerji, eləcə də Azərbaycanın beynəlxalq aləmdə Alfa-3 sertifikatlı qəbul edilmiş qısadılmış adı nəzərə alınıb. Loqo üçün “Paradox” MMC-yə 1500 (bir min beş yüz) manat ödənilib.
Nə baş verib?
Martın 18-də Gənclər və İdman Nazirliyi yeni loqolarının təqdimetmə mərasimini keçirib. Nazir Fərid Qayıbov bildirib ki, yeni loqo yüzədək variant arasından seçilib.
AbzasMedia həmin gün nazirliyə sorğu ilə müraciət edib, loqonun hansı şirkət tərəfindən hazırlanmasını, hansı meyarlar əsasında seçilməsini və qiymətini soruşub.
Sorğuya qeyd olunan müddətdə cavab verilmədiyi üçün Ombudsman Aparatına müraciət edilib. Yalnız bundan sonra sorğuya cavab verilib və qeyd edilib ki, müsabiqənin qalibi “Paradox” MMC olub, loqonun seçimi tam şəffaf aparılıb, gənc nəslə və idmançılara xas aktivlik, enerji, eləcə də Azərbaycanın beynəlxalq aləmdə Alfa-3 sertifikatlı qəbul edilmiş qısadılmış adı nəzərə alınıb.
Sorğuya qismən cavab verilməsinə baxmayaraq, nazirlik loqonun qiyməti ilə bağlı sualı cavabsız qoyub. Yenidən nazirliyə sorğu göndərilib cavab istənilsə də, mayın 26-da yenə eyniməzmunlu cavab verilib və loqoya görə ödənilən məbləğ açıqlanmayıb.