Azərbaycan AŞPA-da iştirakını dayandırıb

Azərbaycan AŞPA-da iştirakını dayandırıb Foto: Sfera az
24 Yanvar 2024
Mətni dəyiş

“Nümayəndə heyətimizin etimadnaməsinin ratifikasiyasından imtina Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq”

Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti ölkənin bu təşkilatda fəaliyyətini dayandırdığını elan edib.

Abzas Media-nın məlumatına görə, Azərbaycanın təşkilatda fəaliyyətini dayandırmaqla bağlı bəyanatında qeyd olunub ki, AŞPA gözləntiləri doğrultmayıb:

“2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.

Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib” - nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

AŞPA-da 2024-cü ilin qış plenar sessiyasının açılış günündə deputatlar “təşkilatın prinsiplərini pozduğuna görə” Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər.

Parlament Assambleyasının Almaniyadan olan millət vəkili Frank Şvabe bu təklifə əsas səbəb kimi Azərbaycanda siyasi məhbusların sayının artmasını, insanların Qarabağdan məcburi köçürülməsini, Assambleya məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana gələ bilməməsini və fevralın 7-də ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət edilməmələrini göstərib.

Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Yanvarın 23-də təşkilatın monitorinq komitəsi də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına rəy verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun