Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 2008-ci il 1 mart hadisələri ilə bağlı bütün faktlar məlumdur və günahkarlar məsuliyyətə cəlb edilməlidir.
“Armenpress”in məlumatına görə, Paşinyan bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
Baş nazir qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarında 1 mart 2008-ci il hadisələrini dövlətin təşkil etdiyi açıq şəkildə göstərilib və buna hüquqi-siyasi reaksiya verilməlidir.
“İctimaiyyət bu iş üzrə günahkar şəxslərin məsuliyyətə cəlb olunacağını gözləyir”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, cəmiyyətdə Robert Koçaryan və Qaqik Sarukyanla bağlı məsələlərdə hakimiyyətin güzəştə getdiyi barədə təsəvvür yaranıb.
“İnsanlar məndən cavab tələb edir və belə bir təəssürat yaranır ki, guya mən hansısa pərdəarxası razılaşmalara görə Robert Koçaryan və Qaqik Sarukyana loyal yanaşıram. Mən isə deyirəm ki, ədalət qalib gəlməlidir”, - Ermənistan hökumətinin başçısı vurğulayıb.
Paşinyan bildirib ki, şəxsi əlaqələrinin olduğu məsələlərdə daha ehtiyatlı davranmağa çalışır.
“Şəxsi bağlılığım olan hallarda iki, üç, hətta dörd dəfə daha ehtiyatlı oluram. Amma siyasi məsuliyyət yenə də mənim üzərimdə qalır. İndi artıq Avropa Məhkəməsinin qərarı var və bu qərara baxılmalıdır”, - o qeyd edib.
Baş nazirin sözlərinə görə, 1 mart işi artıq açılmış hesab oluna bilər.
“Günahkarlar cəzalandırılmalıdır. 1 mart işi açılıb, çünki cinayət işinin bütün materialları və bütün faktlar ortadadır. Aydındır ki, 1 mart hadisələrini Robert Koçaryan təşkil edib və o, buna görə mütləq cavab verməlidir”, - Paşinyan deyib.
2008-ci il fevralın 19-da Ermənistanda keçirilən prezident seçkilərindən sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Etirazlara Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan rəhbərlik edib. O və tərəfdarları Serj Sarqsyanın prezident seçilməsinin nəticələrini qəbul etmirdilər.
Etirazçılar Yerevandakı Azadlıq meydanında çadırlar qurmuş, paytaxtın müxtəlif yerlərində yürüş və mitinqlər keçiriblər. 2008-ci il martın 1-də etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 10 nəfər həlak olub. Ölənlərdən ikisi polis əməkdaşı olub.
2025-ci ilin sentyabrında AİHM 1 mart hadisələri ilə bağlı qərarını açıqlayıb. Məhkəmə yekdilliklə Ermənistan hakimiyyətinin 9 qurbanın 7-si ilə bağlı yaşamaq hüququnu pozduğunu müəyyən edib və ölüm hallarının effektiv araşdırılmadığını bildirib.
Bundan başqa, Ermənistanın məhkəmə ilə əməkdaşlıq öhdəliyini pozduğu da qeyd olunub. AİHM hökuməti həlak olanların yaxınlarına mənəvi zərərə görə hərəsinə 30 min avro kompensasiya ödəməyə məcbur edib. Məhkəmə xərclərinin qarşılanması üçün isə əlavə 35 min avro ayrılıb.