Gürcüstan azərbaycanlıları quru sərhədlərin açılması üçün İlham Əliyevə müraciət edib

Gürcüstan azərbaycanlıları quru sərhədlərin açılması üçün İlham Əliyevə müraciət edib Foto: sputnik.az
23 Avqust 2023
Mətni dəyiş

Müraciətə yalnız Gürcüstan azərbaycanlıları deyil, eləcə də Azərbaycanın gürcü vətəndaşları da qoşulur

Avqustun 23-də Gürcüstan azərbaycanlıları sərhədlərin açılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Gürcüstanda insan haqları müdafiəçisi kimi fəaliyyət göstərən Samirə Bayramovanın təşəbbüsü ilə yaradılan petisiyanı mindən çox insan imzalayıb.

Etnik azərbaycanlı Gürcüstan vətəndaşları xahiş ediblər ki, sərhədlərin açılamayacağı təqdirdə alternativ giriş-çıxış təmin olunsun. Petisiyada həmçinin qeyd olunub ki, müraciətə yalnız Gürcüstan azərbaycanlıları deyil, eləcə də Azərbaycanda yaşayan gürcü vətəndaşları da qoşulur.

Dünyanın əksər ölkələrində koronavirusla bağlı karantin tədbirləri yekunlaşsa da, ölkə başçısı 2022-ci ilin ilk 6 ayının yekunlarına dair çıxışında sərhədlərin bağlı saxlanılmasına ehtiyac olduğunu bildirib.

“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir”, - prezident deyib.

Azərbaycanda 2020-ci ildən Covid-19 pandemiyası səbəbi ilə karantin rejimi tətbiq olunur. Azərbaycanda ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən etibarən isə xüsusi karantin rejimi elan edilib.

Son olaraq iyunun 23-də Baş nazir Əli Əsədovun qərarı ilə xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

Azərbaycan 3 ildir quru sərhədlərini bağlı saxlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun