Laçına köçürülən sakin: "Hazırda öz hesabımıza dolanırıq, iş yoxdur"

Laçına köçürülən sakin: "Hazırda öz hesabımıza dolanırıq, iş yoxdur" Mənbə: Sosial media
14 İyun 2023
Mətni dəyiş

Laçına köçürülən sakinlər ərzaq təminatından və işsizlikdən şikayət edirlər

“Biz gələndə ərzaq gətirmişdik, hələ onunla dolanırıq, o da azalıb. Burda market çətinliyimiz var. Mən işləmək istəyirəm, müraciət etmişəm, deyirlər düzələr" - mayın 27-də Laçına köçürülən Könül Nəcəfova oradakı yaşayışı ilə bağlı Abzas Media-ya danışır. 

İlkin mərhələdə Laçına 20 ailədən ibarət 97 nəfər köçürülüb. Onları Laçında ölkə başçısı İlham Əliyev qəbul edib.  

Görüşdə prezident laçınlılara bildirib ki, onların yaşayışı üçün hər cür şərait yaradılıb: 

“Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək” – deyə o, bildirib. 

Ancaq Laçına köçən sakinlər heç də hər şeyin yaxşı olmadığını deyirlər. 

Könül Nəcəfova bildirir ki, 7 nəfər ailə üzvü ilə birlikdə Laçına köçürülüblər. O, ərzaq təminatı ilə bağlı çətinlik yaşadıqlarını deyir: 

"Gələndə elə təsəvvür eləmirdim ki, burada market olmayacaq. Deyiblər, 15 günə market açılacaq. Burda da bizi yeməklə təmin elədilər. Prezidentlə görüşdə oğluma iş istədim, sağ olsunlar, verdilər. Abadlıqla bağlı işləyir. Gəlinimin işləməsi üçün gözəllik salonu istəmişik, ona söz veriblər".

Laçına köçənlərdən Gündüz Təhməzov da deyir ki, o, Bakıda sürücü işləyib, ancaq Laçında onun üçün iş yoxdur. Onun sözlərinə görə, əlavə dəstək olmasa, orada tələbatlarını təmin edə bilməyəcəklər:

“5 nəfərlik ailəyik. İşə ehtiyacımız var. Mən sürücüyəm, dedilər, müəssisələr açılanda iş olacaq. Hazırda öz hesabımıza dolanırıq. Zəng edirik, lazım olanları qardaşlarım Bakıdan göndərirlər. Burada xırda marketlər var, onlarda da hər şey satılmır.   Mən Bakıda işləyirəm, bura müvəqqəti icazə ilə gəlmişəm. Uşaqlar da azyaşlıdır, burda da heç nə yoxdur. Təlabatlar çoxdur. Evlə bağlı bir-iki çatışmazlıqlar var. Qaz yoxdur, işıq, su var. Uşaqlar körpədir, biri 8-də oxuyur, biri 5-də, anam yaşlıdır, yoldaşım şəkər xəstəsidir. Ordan aldığım 500 manatla təlabatlar ödənmir. Bakıdan işdən da zəng edirlər ki, ya orda qal işlə, ya gəl. Mən də elə adam deyiləm hər şeyi tələb edim”. 

Laçına ikinci köç bu gün, 14 iyunda baş tutub. Daha 22 ailə (72 nəfər) Laçına yola düşüb. 

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə zəng etsək də, zənglərimizə cavab verən olmadı. 

Laçın rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Eldəniz Qasımov isə Abzas Media-ya deyib ki, orada işləri əsasən Prezidentin Xüsusi Nümayəndəliyi görür: 

“Bizim Laçında fəaliyyətimiz təmin olunmayıb. Laçında işləri xüsusi nümayəndəlik görür. Bizim orada nümayəndəmiz də yoxdur. Köçürülməni Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə biz təşkil edirik. Ancaq oradakı insanların problemi üçün xüsusi nümayəndəlik var. Hələlik 40 ailə köçüb, zəruri olan hər şeylə təmin olunublar. Orada kifayət qədər iş var, 2-3 min nəfər tikintidə işləyir. Köçən ailələrdən nə qədər adam işləyir, məlumatımız yoxdur. Gələcəkdə də kifayət qədər iş yeri olacaq, səbrli olmaq lazımdır, yaxşı olacaq. Marketlər də var, bizdə olan məlumata görə gündə onlara 3 dəfə pulsuz yemək də verilir”.

Laçın 1992-ci il 18 mayda Ermənistan ordusu tərəfindən işğal olunub. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi nəticəsində işğalda olan ərazilərin əksər hissəsi azad olunub. 10 noyabrda Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli sənədə əsasən, Laçın rayonu 1 dekabrda boşaldılıb, Azərbaycana qaytarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun