İranla münasibətlərin pisləşməsi fonunda 32 dindar həbs edilib

İranla münasibətlərin pisləşməsi fonunda 32 dindar həbs edilib
14 Mart 2023
Mətni dəyiş

Onlar “xarici kəşfiyyat orqanlarının sifarişi ilə işləməkdə” ittiham olunurlar


Qonşu İranla gərginliyin artdığı zamanda Azərbaycanda 32 dindar həbs olunub. 

Martın 13-də bir neçə hökumətyönlü KİV-də yayımlanan bənzər məlumatlara görə, bu şəxslər Azərbaycanda hökuməti devirmək və dini dövlət qurmağı planlaşdırıblar.

Həbs olunduğu iddia edilən bütün şəxslərin fotoşəkillərinin yer aldığı xəbərlərə görə, onlar “din pərdəsi altında” təxribat törədiblər.

“Saxlanılan şəxslər [...] Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş açıq çağırışlar ediblər”.

Xəbərlərdə həmin şəxslər İrana üstüörtülü işarə edərək “xarici kəşfiyyat orqanlarının sifarişi ilə işləməkdə” ittiham olunurdular.

“İstintaq müəyyən edib ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edib və külli miqdarda pul alıblar. Onlar pullarını Azərbaycanda dini radikalizmin təbliğinə və digər təxribat fəaliyyətlərinin maliyyələşdirilməsinə xərcləyiblər”.

Hakimiyyət orqanları həbslərlə bağlı xəbərlərə rəsmi münasibət bildirməyib.

Həbslər barədə məlumat Azərbaycanın İranı hava məkanını pozmaqda ittiham etməsindən az sonra yayılıb. Azərbaycanın Müdafiə və Xarici İşlər Nazirliklərinin şənbə günü birgə bəyanatında deyilir ki, İrana məxsus hərbi təyyarə iki ölkənin ümumi sərhədi boyunca bir neçə dəfə Azərbaycan ərazisini keçərək uçuş həyata keçirib.
Bəyanatda deyilir ki, İran Azərbaycan hakimiyyətinə hərbi təyyarənin yaxınlaşması barədə məlumat verməyib və bu, ümumi qəbul olunmuş beynəlxalq təcrübəni pozur.

Onlar əlavə ediblər ki, insident “iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə xidmət edir”.

Azərbaycan daha sonra insidentlə bağlı İran səfirini çağırıb.

Bazar ertəsi mətbuat konfransında danışan İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani onlara məxsus təyyarənin Azərbaycan hava məkanını keçməsini təkzib edərək, səfirin çağırılması qərarını "yanlış addım" adlandırıb.

“Azərbaycanla müdafiə sahəsində əlaqələrimiz var, hətta səfirlik fəal işləyir, hərbi attaşemiz oradadır”, - deyə Kənani bildirib. “Bu məsələ ilə bağlı İran səfirliyi və hərbi attaşemizlə əlaqə saxlaya bilərlər. Fikir mübadiləsi aparılaraq anlaşılmazlıq aradan qaldırıla bilərdi”.

Hadisə İsrailin kəşfiyyat naziri Gil Qamlielin Bakıda prezident İlham Əliyevlə görüşündən az sonra baş verib.

Məlumata görə, bazar günü 10-cu Bakı Qlobal Forumunda çıxış edən Qamliel İranı regionda qeyri-sabitliyin əsas səbəbi olmaqda ittiham edib.

"Amerikanın Səsi"nin məlumatına görə, o, İranın təkcə İsrailin deyil, bütün dünyanın düşməni olduğunu deyib.

Məsələyə Twitter-də münasibət bildirən Cənubi Qafqazda münaqişələrin transformasiyası, xarici və təhlükəsizlik siyasəti üzrə müstəqil tədqiqatçı Şücaət Əhmədzadə bildirib ki, iki ölkə arasında genişmiqyaslı müharibə ehtimalı azdır, lakin kiçik toqquşmalar mümkündür.

O bildirib ki, İranla “simmetrik münaqişə” Azərbaycan üçün “qətlə bərabər” olacaq, çünki “güclər balansı açıq şəkildə İranın xeyrinədir”.

Əhmədzadə əlavə edib ki, münaqişənin güclü geosiyasi elementi var və Azərbaycan ondan Qərbdə İranı tənqid edən ölkələri öz tərəfinə çəkmək üçün istifadə edir.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun