Azərbaycanda şəxslərin təkrar cinayət törətməsi halları artıb

Azərbaycanda şəxslərin təkrar cinayət törətməsi halları artıb Foto: Pressklub.az
28 Dekabr 2023
Mətni dəyiş

Hüquq müdafiəçisi: “Məhkumların azadlığa çıxdıqdan sonra yenidən cinayət törətməsi əsasən sosial-iqtisadi səbəblərdəndir”

Ötən il Azərbaycanda keçmiş məhkumların azadlığa çıxdıqdan sonra yenidən cinayət törətməsi halları artıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci il üzrə hesabatında qeyd olunur.

Hesabata görə, ötən il ən çox cinayət törədənlər əvvəllər də məhkum olmuş şəxslərdir:

“2022-ci ildə belələrinin sayı 6 min 811 nəfər olub. 2015-2019-cu illərdə bu say təxminən 3 min nəfərə yaxın idi. 2020-ci ildən bəri təkrar cinayət törətmək halları çoxalıb”, – rəsmi məlumatda qeyd olunur.

Təkrar cinayət halları əsasən narkotiklərin qanunsuz dövriyyəsilə bağlıdır.

Hazırda mühacirətdə olan keçmiş siyasi məhbus Əfqan Muxtarlı deyir ki, həbsdə olduğu müddətdə məhkumların islah olunması ilə bağlı hansısa işlərin görüldüyünün şahidi olmayıb.

Muxtarlı 2017-ci ildə “dövlət sərhədini qanunsuz keçmək”də və “qaçaqmalçılıq”da ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. O, məcburi mühacirətə göndərilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Əfqan Muxtarlının sözlərinə görə, həbsxanalarda dəstə rəhbərlərinin, rəisin təlim-tərbiyə üzrə müavinin demək olar ki, heç bir funksional fəaliyyəti yoxdur:

“Mən 3 il həbsdə olmuşam, bunun 1 ilini təcridxanada, 2 ilini Cəzaçəkmə Müəssisəsində keçirmişəm. Həbsxanada olanda oradakı dustaqlara islah olunmaqla bağlı heç bir töhvə verilmirdi. Formal olaraq islah proqramı var. Ancaq bu proqram faktiki olaraq heç bir həbsxanada həyata keçirilmir.

Digər problemli məsələ isə odur ki, məhkumların məşğulluq məsələləri həll olunmur. Həbsxanada məcburi əmək qadağandır, ancaq könüllü olaraq da işləməyə bir iş yoxdur. Məhkumlara peşə öyrədilmir. İçəridə təsbeh, mebel əşyaları hazırlanan yerlər olur, onlar da həbsxana və ya Penitensiar Xidmət rəhbərliyinə aid olur, onlar hər ay haqq alırlar”, – deyə o, bildirib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov deyir ki, keçmiş məhkumların həbsdən azad olunduqdan sonra təkrarən cinayət törətmələrinin əsas səbəbi sosial-iqtisadi məsələlərdir. Onun fikrincə, şəxsin həbs müddətində mənimsədiyi yanlış fikirlər də rol oynayır:

“Həbsdən azadlığa çıxan şəxslərin təkrarən cinayət törətməsinin bir neçə səbəbi var: sosial-iqtisadi, cəzaçəkmə müəssisələrində kriminallaşmaları, həbsdən sonrakı adaptasiya məsələləri və son olaraq həbsdə olan islah proqramlarının lazımi səviyyədə yerinə yetirilməməsi.

Mənə elə gəlir ki, bizdəki məhkumların azadlığa çıxdıqdan sonra yenidən cinayət törətməsi ən çox sosial-iqtisadi səbəblərlə bağlıdır. Düşdükləri mühit də yaxşı olmayanda, sosial-iqtisadi çətinliklər onların yenidən eyni əməlləri törətməsinə səbəb olur” – deyə o bildirir.

Z.Əhmədov deyir ki, müəssisələrdə normal islah proqramının aparılmamasına təsir göstərən bir problem də məhkumların sayıdır. Onun sözlərinə görə, Azərbaycan həbsxanalarda məhkum sayı müəyyən olunmuş normaları aşır:

“Qanunvericiliyə görə, ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrində 1250 nəfər, xüsusi rejimli müəssisələrdə 400 nəfər, məntəqətipli müəssisələrdə 250 nəfər, həbsxanalarda 800 nəfər məhkum saxlanıla bilər. Ancaq bizdə bu normalara əməl etmək mümkün deyil və yaxud da çox çətindir. Rəsmi məlumatlara görə, bu ilin ortalarına kimi Azərbaycanda 24 min nəfərə yaxın məhkum olub. Bu sayı mövcud resurslarda yerləşdirmək mümkün deyil.

Dünyada belədir ki, məhkumlar müəssisələrdə yerləşdiriləndə adətən kateqoriyalara bölünürlər. Məsələn, xüsusi ictimai təhlükə kəsb etməyən cinayət törətmiş şəxslər peşəkar cinayətkarlarla birlikdə saxlanılmırlar. Ancaq bizdə məhkum sayı çox olduğu üçün buna da əməl edilmir. Hansısa sadə cinayətdə ittiham olunan gənci salırlar peşəkar cinayətkarların arasına və onların təsirinə düşür. Nəticədə azadlığa çıxandan sonra da həmin yolu davam edə bilir”, – Əhmədov bildirir.

Ancaq Əhmədov yenə də əsas problemin sosial-iqtisadi və sosial adaptasiya məsələsində olduğuna inanır:

“Azad olunmuş məhkumların sosial adaptasiyası ilə bağlı çox ciddi nöqsanlar var. Keçmiş məhkumların işlə təmin olunması həddən artıq böyük çətinlik yaradır. Həbsdən çıxdıqdan sonra da bir neçə il məhkumluq onların üzərində qalır. İşə qəbul edənlər məhkumluq haqqında arayış tələb edirlər. Arayışda məhkumluğun qaldığını görüb, işə götürmürlər. Bu adam evlənməlidir, ailəsinə baxmalıdır. Ancaq iş tapmayanda artıq problemlər onu cinayətə kimi aparır”, – deyə o, bildirib.

Məsələ ilə bağlı dövlət qurumlarının da mövqeyini öyrənməyə çalışdıq. Ədliyyə Nazirliyindən bildirildi ki, sorğu cavablandırılması üçün Penitensiar Xidmətə göndərilib. Penitensiar Xidmət isə sorğunu cavablandırmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun