EFJ “Abzas Media” rəhbərliyini azad etməyə çağıran IFJ-ə qoşulub

EFJ “Abzas Media” rəhbərliyini azad etməyə çağıran IFJ-ə qoşulub Foto: Jam-news
24 Noyabr 2023
Mətni dəyiş

“Hakimiyyətdən gələn mesaj aydındır: Azərbaycanda hakimiyyətdə olanlarla bağlı korrupsiya işlərinin işıqlandırılmasını dayandırın”

 

Avropa Jurnalistlər Federasiyası (EFJ) Azərbaycan hakimiyyətini “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və direktor köməkçisi Məhəmməd Kekalovu azad etməyə çağıran Beynəlxalq Jurnalistlər Federasiyasına (IFJ) qoşulur.

EFJ hesab edir ki, həm jurnalistlər, həm də Kekalov Azərbaycanda hakimiyyət sıralarında korrupsiya ilə bağlı araşdırmaları davam etdirmələrinə mane olmaq məqsədilə polis manipulyasiyasının qurbanı olublar.

2023-cü il noyabrın 21-də və noyabrın 23-də Bakının Xətai Rayon Məhkəməsi Həsənli, Vaqifqızı və Kekalovun 4 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Jurnalistlər və direktor köməkçisi “qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə” ittihamında təqsirli bilinərlərsə, onları səkkiz ilə qədər həbs cəzası gözləyir.

20 noyabr 2023-cü ildə Ülvi Həsənli polis tərəfindən saxlanılıb, mənzilində və redaksiyada axtarış aparılıb. O özü Bakı hava limanına gedərkən polis tərəfindən saxlanılıb və “valyuta qaçaqmalçılığı”nda ittiham olunub. Vəkilinin sözlərinə görə, Həsənli özünü təqsirli bilmir və ittihamları əsassız adlandırır.

Polisin bildirdiyinə görə, media qurumunun redaksiyasında 5 saatlıq axtarış nəticəsində 40 min avro nağd pul “tapılıb”. “Abzas Media”nın rəhbərliyi hesab edirlər ki, bu pullar medianın fəaliyyətinin dayandırılması və Ülvi Həsənliyə qarşı ittiham irəli sürülməsi üçün qanuni əsaslar əldə etmək məqsədilə istifadə olunub. Ülvi Həsənli axtarışa gətirilib və jurnalistlərə bildirib ki, polis idarəsində ona verilən suallar “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olub. O, dindirmə zamanı yumruq və təpiklərə məruz qaldığını da deyib.

“Abzas Media” Facebook-da bu barədə məlumat yayıb: “O, jurnalistlərə açıqlamasında deyib ki, həbs olunarkən gözünə yumruq zərbəsi endirilib. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılıb, orada qeyri-insani rəftar və işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, ona yumruq və təpiklə vurublar”.

“Abzas Media” Həsənlinin baş verənləri anlatdığı audio yazı da yayıb: "[Polisin iddia etdiyi] pul ora qoyulub, bu, açıq-aydın görünür. Çünki tapdıqları yer dəhlizdəki şkaf idi. [Aydındır ki, kimsə onu ora atıb]”, - səs yazısında deyilir.

Həmin gün özünü təqdim etməyən mülki geyimli şəxslər Məhəmməd Kekalovu Bakıdakı evindən noutbuku və mobil telefonu ilə birlikdə aparıblar. Daxili İşlər Nazirliyi ona qarşı qaçaqmalçılıq maddəsi ilə cinayət işi açıb.

Bir gün sonra - 21 noyabr 2023-cü il tarixində saat 1:50-də polis “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızını İstanbuldan Bakıya qayıdarkən saxlayıb və evində axtarış aparıb.

Vaqifqızı Bakıya uçan təyyarəyə minməzdən əvvəl hava limanında “Meydan TV”yə müsahibəsində deyib ki, Həsənlinin həbsinin bilavasitə “Abzas Media”nın Qarabağda biznesi olan hakim ailəyə bağlı şəxslərə məxsus şirkətlərdə korrupsiya faktlarını araşdırması ilə əlaqədar olduğuna əmindir.

İyulun 22-də EFJ və IFJ-in baş katibləri Rikardo Qutyerrez və Entoni Bellanqer Bakıda Ülvi Həsənli ilə görüşüb və o, Qarabağda korrupsiya faktının araşdırılmasından sonra ona hakimiyyət tərəfindən təzyiqlərin artdığını deyib.

“Biz əminik ki, haqsız yerə həbs edilmiş jurnalistlər təkcə onları susdurmaq deyil, həm də ölkədə çalışan bütün jurnalistləri qorxutmaq məqsədi daşıyan kobud manipulyasiya obyektidir.

Hakimiyyətdən gələn mesaj aydındır: Azərbaycanda hakimiyyətdə olanlarla bağlı korrupsiya işlərinin işıqlandırılmasını dayandırın”, - deyə  - Qutyerrez bildirib.

Bu ilin əvvəlində Ülvi Həsənli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üç komitəsinin Azərbaycanda jurnalistlərin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı birgə dinləmələrində iştirak edib. O, Azərbaycan hakimiyyətinin jurnalistləri necə təqib etməsindən, onların şəxsi həyatı ilə bağlı intim məlumatları dərc etməklə gözdən salmağa çalışmasından danışıb.

“Biz hesab edirik ki, cənab Həsənlinin qaçaqmalçılıqda şübhəli bilinərək son həbsi onun Parlament Assambleyası ilə əməkdaşlığa və hökumət üzvlərilə bağlı korrupsiya hallarına dair son jurnalist araşdırmalarına görə qisasdır”, - AŞPA məruzəçiləri Hanna Bardell (Böyük Britaniya), Mogens Yensen (Danimarka) və Sunna Aevarsdottirin (İslandiya) imzaladığı birgə bəyanatda deyilir.

Onlar Azərbaycan hakimiyyətini Ülvi Həsənlini dərhal azad etməyə çağırıblar.

EFJ və IFJ məsələ ilə bağlı Avropa Şurasının Jurnalistikanın Müdafiəsi Platformasına xəbərdarlıq göndərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun