"Yeni siyasi sistemə tam keçid yaxın illərdə baş verəcək" - Nəsimi Məmmədli

"Yeni siyasi sistemə tam keçid yaxın illərdə baş verəcək" - Nəsimi Məmmədli
19 Fevral 2022
Mətni dəyiş

Nəsimi Məmmədli 

Fevralın 14-də Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev istefa verib. Həmin gün AMEA-nın saytına dərc olan məlumatda bildirilir ki, akademiyanın Rəyasət Heyətinin keçirilən iclasında Mehdiyev son vaxtlar onun ünvanına səslənən tənqidi yazılara və açıqlamalara görə deyil, yaşının çox olması ilə əlaqədar istefa verib. Bu istefanı bir çoxları Rusiyanın 5-ci kolonunun çöküşü kimi qələmə verir. Əslində isə nə baş verir? Rusiyanın 5-ci kolonu çöküş edir, yoxsa əl dəyişir? Siyasi şərhçi Nəsimi Məmmədli ASTNA-nın suallarına cavab verib.

Sual: Nəsimi bəy, Ramiz Mehdiyevə qarşı yazılanları, çağırışları yəqin ki izləyirdiniz? Sizcə, Ramiz Mehdiyev yenidən kimin və niyə qəzəbinə gəldi? 

Cavab: Ramiz Mehdiyev məsələsi hakimiyyətin 2016-cı il referendumu ilə başladığı prosesin son mərhələsidir. Hakimiyyət öz ömrünü uzatmaq üçün yeni komanda və yeni sistem qurmaq istəyir. Köhnə komandadan kim yeni sistemə uyğun deyilsə hamısını oxşar aqibət gözləyir. R.Mehdiyevin yeni komandaya münasibətdə ironik yanaşmaları barəsində müxtəlif söhbətlər dolaşırdı. Görünür ki onun tam təcrid olunması iqtidarın sahibi tərəfindən vacib sayılıb.

Sual: Bu istefanı bir çoxları Rusiyanın 5-ci kolonunun çöküşü kimi qələmə verir. Son vaxtlar “köhnə qvardiyanın” üzvləri və digər yüksək məqam tutmuş şəxslərlə bağlı mediada xeyli məlumatlar gedir. Yenidən günahlandırmalar ortaya çıxır, köhnə dəftərlər açılır. Ola bilərmi hakimiyyət rusiyapərəstləri yola salır? Yoxsa bu sadəcə köhnələrin yeniləri ilə əvəzlənməsi prosesinin tərkib hissəsidir? Yəni Rusiyanın 5-ci kolonu çöküş edir, yoxsa əl dəyişir?

Cavab: Azərbaycanda iqtidarın siyasi iradəsi tamamilə tək əldə cəmləşib. Ona təsir edə bilən heç bir kənar qüvvə yoxdur. İstədiyi kadrı vəzifəyə təyin edir, vəzifədən çıxarır, istədiyini həbs edir və ya mükafatlandırır. İstər Rusiyanın, istərsə də Qərbin 5-ci kolonunu müəyyən edən, onlara geniş fəaliyyət meydanı verən iradə birmənalı olaraq iqtidardır. Sadəcə qeyd etdiyim kimi yeniləşmə prosesinin son mərhələsidir. İqtidar nə Qərbin, nə də Rusiyanın maraqlarını ondan daha yaxşı təmin edə bilən qüvvələrin fomalaşmasına imkan verməz. Bu istiqamət çox ciddi nəzarət altındadır.

Sual: Bir tərəfdən bəzi media orqanlarının dili ilə desək, Rusiyanın 5-ci kolonu yola salınır. O biri tərəfdən isə bəzi hakimiyyətin ruporu  və təhdid dili hesab olunan media orqanında Qərbin Azərbaycanda 5-ci kolonu yaratmaq istəyi tənqid olunur. Təhdid dolu məqalələr dərc olunur. İndi bunu necə anlayaq? 

Cavab: İqtidar üçün də, Rusiya üçün də Ramiz Mehdiyev çoxdan öz istifadə müddətini bitirib. Onun ictimai-siyasi mühitdə aktiv olması birbaşa iqtidara, dolayısı ilə Rusiyanın da maraqlarına toxunurdu. Bir an öncə onun səhnədən getməsi həm də Rusiyanın işinə yarayır. Rusiya Azərbaycanın inzibati-siyasi, hüquqi sistemində çox dərin kök salıb. R.Mehdiyevdən qat-qat məhsuldar, güclü və gənc fiqurları hazırda iqtidarın razılığı ilə iş başındadırlar. Rusiya Azərbaycanda əvvəlki gücün nəinki itirib, əksinə daha da artırıb. Hətta Rusiyanın informasiya və digər dəstəyi ilə onların ölkə ictimai rəyində mövqelərinin getdikcə güclənməsi də baş verir.

“Qərbin 5-ci kolonu” tezisi Rusiyanın yeni həmləsini pərdələmək üçün ortaya atılıb. Diqqəti əsas hədəfdən yayındırmaqdır. İqtidarın yeni təyinatlarında qərbtəhsilli şəxslərin olmasını Qərbin “5-ci kolon” yaratması kimi təqdim etmək köhnə “qvardiyanın” prezidentin yeni seçiminə özünəməxsus etiraz formasıdır. Eyni zamanda rəqiblərə gələcək siyasi təzyiqlər üçün bu tezisin gündəmdə qalması məsləhətdir.

Sual: Mehdiyevin vurulması mövzusunu deputat Cavanşir Feyziyevin London məhkəməsi tərəfindən həbs qoyulan 5,6 milyon funt sterlinq mövzusunu unutdurmaq məqsədi ilə edildiyini düşünənlər də var. Feyziyev hakim ailəyə yaxın şəxslərdən biri hesab olunur.  Ola bilərmi, hakimiyyət Feyziyevi qorumaq üçün Mehdiyevi qurban verir? Və yaxud Mehdiyevin yola salınmasını hakimiyyətdaxili çəkişmə hesab etmək olarmı? 

Cavab: Mehdiyevin istefasını hakimiyyət daxilindəki çəkişmə kimi ifadə etməyə əsas görmürəm. Çünki hazırda belə bir çəkişmə yoxdur. 3-4 il öncə belə etimallar olsa da indi mümkün saymıram.  R.Mehdiyevi istefasının C.Feyziyevlə əlaqələndirilməsi də real deyil. Feyziyevlə bağlı məsələ ölkə daxilindəki məsələ deyil. Beynəlxalq müstəvidə ortaya çıxan bu məsələni iqtidar istəsə belə ört-basdır edə və ya gündəmdən çıxara bilməz. Ölkə gündəmindən çıxsa da, çıxmasa da C.Feyziyev olayı tez-gec mütləq hüquqi-siyasi qiymətini alacaq. Digər tərəfdən bu məsələ hakim ailə üçün həlledici məsələ olsa Feyziyevi qurban vermək problem olmayacaq.

Sual: Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. Və qohum-əqrəbası, yaxınları hələ də yüksək postlar tuturlar. Həm də təcrübə göstərib ki, Azərbaycanda yüksək ranqlı bir şəxs yola salınandan sonra da siyasət dəyişmir. Məsələn, Əli Həsənov yola salındı. Amma onun kadrları hələ də yerindədir və onun dəsti-xəttini davam etdirirlər. Ramiz Mehdiyevin də dövlət strukturlarında kifayət qədər kadrları var. Sizcə, həmin şəxslər də yola salınacaq, idarəetmədə hansısa yeniliklər olacaq, yoxsa heç nə dəyişməyəcək?  

Cavab: Mövcud siyasi sistemin başı qalmaqla Prezident Administrasiyasında və digər dövlət qurumlarında əsaslı kadr dəyişiklikləri 2018-cı ildən daha intensiv baş verir. Ölkənin idarəetmə sistemində güc nazirlikləri və hüquq-mühafizə orqanları istisna olmaqla digər sahələrdə yeni və gənc kadrlar idarəçiliyə gətirilir. Bunlar əsasən tayfa, regional və siyasi mənsubiyyətə görə deyil, 1-ci vitse-prezidentin “kadr bankı” vasitəsilə həyata keçirilir. Əsasən xaricdə təhsil alan, savadlı, reputasiyası təmiz olan kadrlar yüksək vəzifələrə gətirilir. Müşahidələr göstərir ki, yeni təyinatlar əvvəlki ilə müqayisədə seçim meyarını xeyli təkmilləşdirib. Yeni kadrlar gəncdir və peşəkarlıq baxımından yüksək qiymətləndirilə bilər.

Məncə ölkədə yenidən Konstitusiya dəyişikliyi ilə yeni siyasi sistemə tam keçid yaxın illərdə baş verəcək. Bunun dəqiq vaxtını deməyə çətinlik çəksəm də hazırlığının aparıldığını görürəm. Mehdiyev və qohumlarının idarəetmədən təmizlənəcəyini istisna etmirəm. Ölkədə ümumiyyətlə siyasi sistemdə köklü dəyişiklik üçün dərin islahatlar lazımdır. Təcrübələr göstərir ki islahatlar adi şəraitdə baş vermir.

Sual: Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub. Eyni zamanda Eldar Əmirov Ramiz Mehdiyev Administrasiya rəhbəri olduğu dövrdə də onun köməkçisi idi. Ola bilərmi, Eldar Əmirovdan Ramiz Mehdiyevə qarşı istifadə etmək istəsinlər? 

Cavab: R.Mehdiyevin Administrasiyadakı fəaliyyəti dərindən araşdırılsa ona qarşı nəhəng cinayət işləri açmaq olar. Amma bunu kim edəcək? İqtidar öz pisliklərinin üstünü qətiyyən açmaz. Amma Mehdiyevə qarşı təşkil edilən mütəşəkkil kampaniya siyasi sifariş idi. Ola bilər ki Mehdiyevdən nələrsə tələb olunur. O isə bunları verməkdən imtina edir. Özünə müəyyən səbəblərdən toxunmasalar da, ətrafındakı şəxslərə və yaxınlarına qarşı təzyiqi artırırlar. Heç bir ictimai etimadı olmayan Mehdiyevin nə özü, nə də qohumları iqtidara təhlükə törədə bilər. Sadəcə olaraq hansısa istəyə müqavimətin bədəlini belə ödədirlər.

Sual: Ramiz Mehdiyevi müxalifətin gizli patronu adlandıranlar da var. Bunu deyənlər onunla əlaqələndirirlər ki, Ramiz Mehdiyev administrasiya rəhbəri olarkən, müxalifət daha fəal idi. O AMEA rəhbəri təyin olunduqdan sonra isə müxalifətin də aktivliyi azaldı. Nə dərəcədə məntiqli təsbitdir?

Cavab: Bu iddiaları ciddi qəbul etmirəm. Siyasi qurumlar bir-biri ilə mübarizədə bu kimi qeyri-ciddi iddiaları mütəmadi ortaya atır. Vaxtilə iqtidarla, xüsusən də R.Mehdiyevlə hər cür açıq və gizli əlaqədə olan şəxslərin indi ən çox bu barədə danışdıqlarını müşahidə edirik.

Müxalifətin aktivliyinin azalmasının əsas səbəbi ölkədəki azadlıqların və hüquqi mühitin daha da daralması ilə bağlıdır. Hakimiyyətin mütəşəkkil zor aparatı, hüquqlara məhəl qoymadan əzici davranışı öncəki illərlə müqayisədə dəfələrlə artıb. Bu isə ölkədə kütləvi qorxu mühiti yaradıb. Elementar siyasi hüquqlar belə təmin olunmur. Habelə, pandemiyaya görə gətirilən qadağalar da ictimai aktivliyi xeyli azaldıb. Bununla yanaşı müharibədən sonrakı dövrdə cəmiyyətdə sosial-psixoloji gərginlik də azalıb. Müxalifətin fəallığının aşağı düşməsinin köklü siyasi-hüquqi səbəblərini bir yana qoyub, bunu hansısa fərdlərə bağlamaq əslində iqtidarın marağına xidmət etməkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun