“Söz azadlığını, siyasi fəaliyyəti məhdudlaşdırmaq istəyəcəklərsə, onlara heç qanun da lazım olmayacaq”

“Söz azadlığını, siyasi fəaliyyəti məhdudlaşdırmaq istəyəcəklərsə, onlara heç qanun da lazım olmayacaq”
30 Dekabr 2022
Mətni dəyiş

“Düşünmürəm ki, “Media haqqında” qanun ləğv edilə bilər”

Dekabrın 9-da Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən görüşündə Azərbaycanla bağlı qətnamə qəbul edilib. Qətnamədə bir sıra hüquqi və siyasi məsələlərlə yanaşı, bu il qəbul olunan “Media haqqında” qanunla bağlı da çağırışlar olub.

AŞ NK-nın qəbul etdiyi qətnam ədə"Media haqqında” qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmasına çağırış edilir. Bundan başqa, “Media haqqında” qanunun tələblərini, xüsusilə də jurnalistləri, media subyektlərini Media Reyestrinə daxil etmək və ya daxil etməməklə vəzifələndirilmiş Medianın İnkişafı Agentliyinin tərkibi və fəaliyyət təcrübəsi haqqında məlumatlar təqdim edilməsi tövsiyyə edilib.

Bəs görəsən, hökumətin bu çağırışlara münasibəti necədir? AbzasMedia məsələ ilə bağlı Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadəyə suallar ünvanlayıb.

Müsahibəni təqdim edirik:

Asim müəllim, Avropa Şurası Nazirlər Komitəsi bu il qəbul olunan “Media haqqında” qanunla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, bu qanun ifadə azadlığını məhdudlaşdırır və dəyişdirilməlidir. Siz necə düşünürsünüz, hazırki qanunun tətbiqi dayandırıla bilərmi?

- Mən düşünmürəm ki, Avropa Şurası Nazirlər Komitəsinin bu qətnaməsinə görə “Media haqqında” qanun ləğv edilsin.

Bəs siz nə düşünürsünüz, qanun demokratik prinsiplərə uyğundur, tətbiq olunmalıdır?

- Mən o qanunda hansısa ciddi problemlər görmürəm, söz azadlığını məhdudlaşdırmır. İstisna etmirəm ki, belə bir qətnamənin arxasında hansısa ölkənin maraqları durur.

Amma Azərbaycan Avropa Şurasının üzvüdür, qərarı da qəbul edən Avropa Şurasının Nazirlər Komitəsidir.

- Avropa Şurasında Azərbaycanı istəməyən ölkələr var. Dəfələrlə görmüşük ki, bu istiqamətdə xoşagəlməz qərarlar olub. Ona görə də mən istisna etmirəm ki, bu qərarın arxasında Azərbaycanı istəməyən ölkələrin fəaliyyəti dayana bilər.

Azərbaycanın əleyhinə hesab olunan qərarların arxasında düşmən axtarmaq sizcə, siyasi, diplomatik və ölkənin inkişafı baxımından nə qədər doğrudur?

- Bu müzakirə olunmalıdır. Müəyyən ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı çox mənfi qərarlar qəbul edilir. Məsələn, Fransa parlamentində, Avropa parlamentində. Ermənistan lobbisinin korrupsiyası ilə qəbul edilmiş bir sıra qərarlar şübhə doğurur. Siz məgər bunu görməmisiniz.

Qanunda nəzərdə tutulur ki, həbsdə olmuş şəxslər, Azərbaycan Respublikasında daimi yaşamayan şəxslər media rəhbərilyində təmsil oluna bilməz.  Ali təhsili olmayanlar da jurnalist sayılmırlar. Jurnalistikanın həm də ictimai peşə olduğunu nəzərə alsaq, sizcə, dövlətin belə qadağalara, məhdudiyyətlərə getməsi nə qədər doğrudur?

- Burada söhbət Azərbaycan jurnalistikasını təhlükəli şəxslərdən qorumaqdan gedir. Bu qərarlarda hansısa bir problem görmürəm. Ağır cinayət törətdiyi üçün həbsdə olub çıxan şəxslər həyatlarını bərpa etmək istəyirlərsə, yaxşı olardı ki, digər peşələrlə etsinlər. Belə insanların ictimai fikrə təsirini mən çox təhlükəli hesab edirəm.

Asim müəllim, qanunda həm də Media Reyestri məsələsi var. Qeyd olunur ki, reyestrdən keçməyən media orqanları məhkəməyə veriləcək. Sizcə, müstəqil, hansısa icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma üzv olmayan jurnalistin və ya medianın buna görə məhkəməyə verilməsi nə qədər doğrudur?

- Bunun üçün müvafiq vaxt verilir, qeydiyyatdan keçmək üçün də problem yoxdur. Məncə, qeydiyyatla bağlı da problem olmayacaq, olarsa da, çox ciddi araşdırma aparmaq lazımdır. Onda bilinəcək kimin qarşısı alınır, kim qeydiyyata alınmır. Media özünü müdafiə etməyə qadirdir və məncə belə olan halda müvafiq dövlət qurumu azad mediadan qorxmalıdır.

Avropada da belədirmi? Media Reyestrinə düşməyən media orqanları, jurnalistlər məhkəməyə verilirlərmi?

- Ola bilər. Mən bütün Avropa ölkələrinin media qanunvericiliyi ilə tanış deyiləm.

Yəni, dünyada da jurnalist fəaliyyəti üçün lisenziya tələb edilirmi?

- Bir sıra ölkələrdə media qurumları müvafiq qeydiyyatdan keçib.

Avropa ölkələrində?

- Bəli.

Məsələn, hansı ölkədə?

- Əksəriyyətində var.

Asim müəllim, 2022-ci ildə həm “Media haqqında” qanun, həm də “Siyasi Partiyalar haqqında” qanun qəbul edildi. Hər iki qanunda məhdudlaşdırmalar var və bu da müzakirələrə səbəb olur. Sizcə inkişafın və ya problemi həll etməyin yolu məhdudlaşdırmalara getməkdirmi?

- Mən siz sadaladığınız qanunlarda ciddi problem görmürəm. Onlardan qorxmağa ehtiyac yoxdur. Söhbət müəyyən sahələrin nizamlanmasından, hüquqi platformanın yaradılmasından gedir. Əgər söz azadlığını və siyasi fəaliyyəti məhdudlaşdırmaq istəyəcəklərsə, onlara heç qanun da lazım olmayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun