Sosial Tədqiqatlar Mərkəzinin təklifi: "'Atalar Şurası',  'Ata haqları', 'Ailə Məsələləri Nazirliyi' yaradılsın"

Sosial Tədqiqatlar Mərkəzinin təklifi: "'Atalar Şurası',  'Ata haqları', 'Ailə Məsələləri Nazirliyi' yaradılsın"
13 Oktyabr 2022
Mətni dəyiş

Feminist fəal: "Bu kimi işlər ən yaxşı halda büdcədən pul yeməyə xidmət edəcək" 

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə “Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” başlıqlı tədqiqat aparıb və nəticələrini dərc edib. 

Nəticələrə əsasən STM hökumətə bir neçə təklif göndərib. Mərkəz “Ailə Məsələləri Nazirliyi”nin yaradılmasını, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tam-hüquqlu nazirliyə çevirilməsini, ailə dəyərlərini təbliğ edən şəbəkə hesablarının yaradılmasını və fəallığının diqqətdə saxlanılmasını, feminizm dalğasının qarşısının alınması üçün “Atalar Şurası”nın, “Ata haqları” və s. vətəndaş cəmiyyəti qurumlarının yaradılmasını təklif edib. 

Bəs görəsən, bu təkliflər hansı zərurətdən yaranıb və qeyd olunan istiqamətdəki problemləri həll edə bilərmi? 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc AbzasMedia-ya açıqlamasında bildirib ki, “Ailə Məsələləri Nazirliyi”nin yaradılması eyni əhali sayı olan ölkələrdəki məmur sayı, nazirliklərin balansı ilə paralellər aparılaraq təklif olunub: 

“Ailə kiçik dövlət, dövlət isə böyük ailədir. Bu qloballaşma şəraitində ənənəvi ailə modelinə müxtəlif xarakterli hücumlar olmasına rəğmən, dövlətin nüvəsinə, onun əsas dayaqlarına vurulan zərbələr fonunda irəli sürülən bəlkə də 40 təklifdən biridir ki, bu daha strukturlaşmış bir siyasətə çevrilsin. Komitə hüquqi baxımdan bir çox məsələlərə təsir edə bilmir, ilin sonunda dinləmələrdə iştirak edirlər, ancaq onun da əsasən ictimai-siyasi yükü var. Xüsusilə sosial məsələlər başqa bir nazirliyin səlahiyyətindədir. Ona görə də biz burada xarici təcrübəni araşdırdıq və ölkəyə gətiririk” – deyə o bildirib. 

Sənəddə qeyd olunub ki, "sosial şəbəkələr üzərindən qurulan tanışlıqların ailə strukturuna ciddi zərbə vurması, tanışlığın get-gedə sürətlə şəxsi münasibətlərə çevrilməsi və ailələrin dağılmasına səbəb olması ilə bağlı maarifçi tədbirlərin həyata keçirilməsi zəruridir". 

Mərkəzin idarə heyətinin sədri deyir ki, bu məsələyə qadağanedici mövqedən yanaşmayıblar: 

“Təmsil etdiyim mərkəz o mövqedə deyil ki, sosial şəbəkələr olmasa, ailələr öz təməl möhkəmliyini daha yüksək saxlayacaq. Qapalı cəmiyyətlərin də özünəməxsus problemləri var. Amma bununla bərabər, bir sıra hallarda informasiya vasitələrini ciddi bir silaha çevirən və xüsusilə də dəyərlərə hücum üçün yaranmış, yumşaq güc kursunu dünyada reallaşdıran, alternativ ailə modellərinin təşviqi siyasətini aparan qüvvələr həqiqətən də şəbəkələrin imkanlarından geniş şəkildə yararlanır”- deyə o bildirib. 

Sənəddə qeyd olunur ki, feminizm dalğasının qarşısını almaq üçün “Atalar Şurası”, “Ata haqları” və s. vətəndaş cəmiyyəti qurumları yaradılmalıdır.
Zahid Oruc deyir ki, nəyi təhlükəli hesab ediblərsə, onu hesabatda vurğulayıblar: 
“Biz düzgün mövqedəyik ki, min illik tarixi olan və bu gün də qalib gəlmiş ailə modelini qoruyaq. Həmin övladlar bizdə formalaşaraq gedib səngərdə qəhrəmana çevrilirlər. Biz hansı xətləri təhlükəli görmüşüksə, onu da qeyd etmişik”. 

Feminist fəal Nisə Hacıyeva deyir ki, Ailə Məsələləri Nazirliyinin yaradılmasına ehtiyac görmür: 

“Çünki nazirliyə çevrildiyi halda tamamilə dövlət büdcəsindən asılı olacaq. Bu pullar təhsilə, ümumi yaşayış rifahının artırılmasına xərclənsə, ailədə və ümumiyyətlə cəmiyyətdə mövcud olan problemlərin həllinə daha çox töhfə vermiş olar, nəinki, büdcə hesabına heç bir ciddi fəaliyyəti olmayan qurumlara sərf olunsa. İkincisi isə qanunvericilikdə ailə institutunun fərdin, vətəndaşın hüquqlarından üstün tutulması problemlidir. Məsələn hazırda Komitənin vəzifələrinə həm "öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq", həm də "dövlətin ailə siyasətini həyata keçirmək" daxildir.

Nədir bu dövlətin ailə siyasəti? Üstəlik bunun üçün də ayrıca nazirlik yaradılsın". 

Nisə Hacıyeva deyir ki, alternativ şəbəkələrin yaradılması absurd təklifdir. Çünki bununla bağlı nəzarət mexanizmi  qurmaq mümkün deyil.

O, "Atalar şurası" və s. kimi qurumların yaradılmasını, feminist dalğanın qarşısını almaq , əvəzində ailənin və ailə institutunun möhkəmlənməsinə yönəlik cəhdləri faydasız hesab edir: 

"Bundan sonra bu kimi işlər ən yaxşı halda büdcədən pul yeməyə xidmət edəcək. Çünki 21-ci əsrdə durub cəmiyyəti geri aparmaq mümkün deyil. Hazırki hakimiyyət ailə institutunu qorumağa maraqlı ola bilər, çünki bu gün ailə institutunun möhkəmliyi hakimiyyətin öz yerində möhkəmliyi deməkdir.

Ailə mütləq şəkildə fərdləri asılılığa salır. Misalla izah etsəm, məsələn yalnız özü üçün məsuliyyət daşıyan insan həmişə daha cəsarətli, mübariz olmaq üçün şəraiti olur, prinsiplərinə sadiq qala bilir. Lakin ailə qurduqdan sonra insanlar asılı hala düşür. "Ailə kiçik dövlətdir" misalı elə-belə yaranmayıb. Hər nəyin bahasına olursa olsun ailələri qoruyub saxlamaq üçün edilən canfəşanlıq da ondan irəli gəlir. Lakin dediyim kimi, bu gün dövlətin müxtəlif yollarla ailə instutunu, patriarxallığı qoruması xoşbəxtlikdən yalnız elə kağız üzərində qalacaq. Daha doğrusu büdcədən pul silmək üçün yeni üsula çevriləcək”- Ni. Hacıyeva bildirib. 

Təkliflərlə bağlı hökumət hələ ki, rəy bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun