Masallıya toya gələn talış tədqiqatçısı “dövlətə xəyanət”də ittiham olunur

Masallıya toya gələn talış tədqiqatçısı “dövlətə xəyanət”də ittiham olunur Foto: Azadlıq Radiosu
25 July 2024
Mətni dəyiş

Azərbaycan hökuməti etnik talış tədqiqatçısını dövlətə xəyanət və etnik ədavətin qızışdırılması ittihamı ilə həbs edib

Çərşənbə günü İqbal Əbilov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun ailəsi ilə görüşünə qadağa qoyulduğu bildirilir.

Əbilovu bazar ertəsi Dövlət Təhlükəsizlik Xidməti Masallı rayonunun Bala Kolatan kəndində saxlayıb. 

Hakimiyyətyönlü “Qafqazinfo” xəbər saytı bildirir ki, Əbilov Ermənistan təhlükəsizlik orqanlarına işləməkdə ittiham olunur.

Xəbər saytı bildirib ki, o, Azərbaycanın ərazi bütövlüyünə qarşı “fəaliyyət təşkil etmək”, “müxtəlif ölkələrdən pozucu qüvvələri cəlb etmək” və “etnik zəmində nifrət və düşmənçilik yaratmaq məqsədi daşıyan hərəkətlər etmək”də ittiham olunub.

Qeyd edilib ki, o, erməni alimləri ilə Skype vasitəsilə “gizli danışıqlar və sövdələşmələr” etməkdə günahlandırılır.

Onların arasında Yerevandakı Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri Qarnik Asatryan da. Asatryan da “Azərbaycanın ərazi bütövlüyünə qarşı məqsədyönlü iş aparmaqda” ittiham edilib.

“Qafqazinfo” həmçinin yazıb ki, Əbilov “Vardan Voskanyana və Ermənistanın Xüsusi Xidmət Təşkilatı ilə əlaqəli digər şəxslərə yardım göstərməkdə” şübhəli bilinir. Vardan Voskanyan İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasına rəhbərlik edir.

Əbilov Belarusda yerləşən Talış Milli Akademiyasının təsisçilərindən biri və eyniadlı jurnalın redaktorudur. Təşkilat jurnalı “talış dilinin hərtərəfli öyrənilməsinə həsr olunmuş ilk beynəlxalq elmi nəşr” olduğunu bildirib.

Əbilovun atası Şahin Əbilov oğluna qarşı irəli sürülən bütün ittihamları rədd edib. O, “OC Media”ya bildirib ki, uşaqlıqdan Belarusda yaşayan Əbilov Qafqazdan Çinə qədər bir çox etnik azlıqların, o cümlədən talışların tədqiqatçısı olub.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti oğluna ilk dəfə iyunun 22-də müraciət edib. O zaman polis əməkdaşları onu 6 saat dindiriblər.

Şahin Əbilov bildirib ki, oğlundan müxtəlif şəxslərlə görüşləri barədə soruşublar. Əbilov Azərbaycanda bəziləri etnik talış olan bir çox insanlarla görüşüb və onlarla əlaqə saxlayıb.

Ertəsi gün o, oğlunun ölkəni tərk etməyə çalışdığını, lakin onun pasportu və telefonunun müsadirə olunduğu hava limanında saxlanıldığını söyləyib. 

Talış hüquqları və mədəniyyəti mövzusu onilliklər ərzində Azərbaycan hakimiyyəti üçün həssas mövzu olub. 1993-cü ildə Azərbaycanın cənubunda özünü “Talış-Muğan Muxtar Respublikası” adlandıran qısamüddətli separatçı qurum yaranıb. Onun lideri tezliklə həbs olunub.

O vaxtdan bəri Azərbaycan tez-tez talış fəallarını və mədəniyyət xadimlərini dövlətə xəyanət ittihamı ilə həbs edib.

2020-ci ilin noyabrında talış tarixçisi və fəalı Fəxrəddin Abbasov vətənə xəyanətdə təqsirli bilinərək 16 il cəza çəkdiyi həbsxanada vəfat edib.

2021-ci ilin aprelində talış bloger Aslan Qurbanov “milli ədavəti qızışdırmaq” ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ölkədə talışların hüquqlarını müdafiə edən Azərbaycan Talış İctimai Şurasının 2021-ci il hesabatında Azərbaycan hökuməti talış dilinə, kimliyinə və onların öz dilində təhsil hüququna hörmət etməməkdə qınanıb.

Hesabatda bildirilib ki, “Talışlar Azərbaycan hökuməti tərəfindən xalq kimi tanınmır”.

“Hökumət talışların de-fakto assimilyasiyası siyasəti aparır”, – deyə hesabatda qeyd edilib

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz

Related News

Subscribe to stay updated