Nazirlik buğda məhsuldarlığını 5 tona çatdırmağı hədəfləyir: “Təkcə vəd yox, həll yolu da açıqlansın”

Nazirlik buğda məhsuldarlığını 5 tona çatdırmağı hədəfləyir: “Təkcə vəd yox, həll yolu da açıqlansın”
8 May 2026
Mətni dəyiş

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda ərzaqlıq buğda istehsalında məhsuldarlığı artıraraq hektardan orta göstəricini 5 tona çatdırmağı hədəflədiyini açıqlayıb. İqtisadçı Natiq Cəfərli isə bu məqsədə nail olmaq üçün konkret mexanizmlərin və islahat addımlarının ictimaiyyətə təqdim olunmadığını bildirir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda ərzaqlıq buğda istehsalı üzrə orta məhsuldarlığın artırılmasının hədəfləndiyini bildirib.

Nazir “Report” informasiya agentliyinə müsahibəsində deyib ki, əsas məqsəd ölkə üzrə buğda istehsalında orta məhsuldarlığı hektardan 3 tondan 5 tona çatdırmaqdır.

Nazirin sözlərinə görə, ərzaqlıq buğda proqramına daxil olan əkin sahələri genişləndirilir.

“Ötən il proqram daxilində 22 min hektar ərazidən 126 min ton ərzaqlıq buğda yığılıb. Cari ildə bu sahə 29 min hektara qədər artırılıb. Hər il bu göstəricini daha da yüksəltməyi planlaşdırırıq”, - deyə o qeyd edib.

Məcnun Məmmədov bildirib ki, ötən il proqram çərçivəsində hektardan 5,7 ton məhsuldarlıq əldə olunub. Onun sözlərinə görə, bu göstərici ölkə üzrə mövcud orta məhsuldarlıqdan xeyli yüksəkdir.

Nazirin açıqlamasına iqtisadçı Natiq Cəfərli münasibət bildirib. O, sosial şəbəkədə paylaşım edərək hökumətin bu hədəfə hansı üsullarla nail olacağını açıqlamadığını deyib.

Cəfərli qeyd edib ki, dünyada buğda məhsuldarlığı üzrə daha yüksək nəticələr əldə edən ölkələr mövcuddur. Onun sözlərinə görə, Almaniyada orta məhsuldarlıq hektardan 7,5 ton, Fransada 6,8 ton, Misirdə isə 6,4 ton təşkil edir.

“Dünyada hər hektardan məhsuldarlığa görə lider ölkələr var. Məsələn, Almaniyada orta məhsuldarlıq 7,5 ton, Fransada 6,8 ton, Misirdə 6,4 ton, Çində 6 tona yaxındır. Rusiyada orta məhsuldarlıq hər hektardan 4 tona yaxındır. Stabil olmasa da yüksək məhsuldarlığa nail olan ölkələr arasında Zambiya, Səudiyyə Ərəbistanı, BƏƏ də var. Yeni Zelandiyanın bəzi bölgələrində hektardan 10 ton məhsul alınır, ortalama göstərici 5,9 ton olsa da, yüksək məhsuldarlıq olan ərazilər var”.

İqtisadçı Azərbaycanda məhsuldarlığın uzun illərdir aşağı səviyyədə qaldığını vurğulayaraq problemin həlli yollarının açıqlanmasının vacibliyini bildirib.

“Nazir arzu-istəklərini dilə gətirməklə yanaşı, problemin həlli yollarını da göstərməli, bu haqda danışmalı, əsas da iş görməlidir”, – deyə o yazıb.

Natiq Cəfərli həmçinin Azərbaycanın əmtəəlik taxıl üzrə idxaldan asılılığının davam etdiyini qeyd edib. Onun sözlərinə görə, ölkə hazırda bu sahədə 70-75 faiz xaricdən asılıdır.

Azərbaycanda ərzaqlıq buğda proqramı çərçivəsində Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən məhsula 2023-cü ildən etibarən 5 il müddətinə subsidiya tətbiq olunur.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun