Ermənistanın yeni biometrik pasportunda yer alan şəkillər ölkədə mübahisələrə səbəb olub. Tənqidçilər sənəddə Ermənistanın əsas milli simvollarından sayılan Ağrı dağının qəsdən göstərilmədiyini bildirirlər.
Pasportun səhifələrində Ermənistanın tarixi və mədəni irsini əks etdirən görüntülərdən biri XVII əsrə aid Xor Virap monastırıdır. Bu məkan adətən fonunda Ağrı dağı ilə birlikdə təsvir olunur. Lakin yeni pasportda monastır fərqli rakursdan təqdim edilib və arxa planda yalnız adi dağ silsilələri görünür.
“Azadlıq Radiosu”nun yazdığına görə, tənqidçilər bunu Ağrı dağının rəsmi sənəddə yer almaması üçün düşünülmüş addım kimi qiymətləndirirlər.
Ermənistanın Baş naziri Nikol Paşinyan daxili işlər naziri Arpine Sarqsyanla söhbəti zamanı Xor Virap təsviri ilə bağlı mübahisələrə eyham vuraraq “biz uzun müddətdir müzakirə etdiyimiz siyasətə uyğun rakurs seçmişik” - bildirib.
Paşinyan əlavə edib ki, Ermənistan Respublikasının pasportu “Ermənistan Respublikasının ərazisini əks etdirməlidir”.
2026-cı ilin payızından dövriyyəyə buraxılması planlaşdırılan yeni pasportlarda Ağrı dağının yer almaması hökumətin ötən il pasport möhürlərindən də dağın təsvirini çıxarmasından sonra baş verib. Həmin qərar ölkədə etirazlara və hökumətə qarşı məhkəmə iddiasına səbəb olmuşdu.
Müxalifətçi deputat Hayk Mamijanyan o vaxt hökuməti tənqid edərək bildirmişdi ki, “Paşinyanın Türkiyə və ya Azərbaycanı razı salmaq üçün nə qədər həvəslə addım atması təəccüb doğurur”.
2023-cü ildə Azərbaycanın Qarabağa nəzarəti tam bərpa etməsindən sonra Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır.
2025-ci ildə Ermənistan və Azərbaycan arasında paraflanan sülh sazişində tərəflərin bir-birinə qarşı ərazi iddiaları irəli sürməməsi barədə müddəa yer alıb. Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə isə uzun illərdir Ermənistanın Ağrı dağını milli simvol kimi istifadə etməsinə, o cümlədən sovet dövrü Ermənistan gerbində dağın təsvirinə etiraz edib.
“International Crisis Group” təşkilatının analitiki Coşua Kuçera hesab edir ki, Xor Virapın yeni təsviri Paşinyanın irəli sürdüyü “real Ermənistan” konsepsiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, hökumət ermənilərin diqqətini “tarixi Ermənistan” ideyasından yayındıraraq mövcud sərhədlər daxilindəki məsələlərə yönəltməyə çalışır.
Ekspert bildirir ki, bu yanaşma Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsinə münasibətdə də özünü göstərir.
Bəzi siyasətçilər isə növbəti hədəfin Ermənistanın gerbi ola biləcəyindən ehtiyat edirlər. Hazırkı gerbin mərkəzində Nuhun gəmisi ilə birlikdə Ağrı dağı təsvir olunub. Xristian inancına görə, Nuhun gəmisi tufandan sonra məhz Ağrının zirvəsinə enib.
Paşinyan 2023-cü ildə gerbi tənqid edərək onun “tarixi Ermənistan” və “real Ermənistan” arasında ziddiyyət yaratdığını bildirmişdi.
Baş nazirin keçmiş müttəfiqlərindən olan siyasətçi Edmon Marukyan isə Ağrı dağının pasport möhürlərindən çıxarılmasını gerbin dəyişdirilməsinə hazırlıq kimi qiymətləndirib.
Foto: Amos Chapple