Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin keçmiş baş köməkçisi, İstanbulda 70 kiloqram qızıl külçələrlə saxlanılmış polkovnik-leytenant Qəhrəman Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə qərar aprelin 27-də Bakı Hərbi Məhkəməsində çıxarılıb.
Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin sabiq baş köməkçisi Qəhrəman Məmmədovu 2024-cü ilin noyabrında İstanbulda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxlayıb. Onun üzərindən 70 kiloqram qızıl külçə aşkar edildiyi bildirilib.
“Qafqazinfo” yazır ki, İstanbul hava limanında müsadirə edilən qızılın dəyəri 10,3 milyon manatdan (təxminən 6 milyon dollar) çox olub. Qeyd edilir ki, sözügedən qızıl müxtəlif ölkələr arasında qaçaqmalçılıq yolu ilə daşınıb.
“Azadlıq Radiosu”nun məlumatına görə, Məmmədov ittihamları qəbul etmir və onları “əsassız” adlandırır. O, həmçinin cinayətin Azərbaycandan kənarda törədildiyini əsas gətirərək Bakıda mühakimə olunmasına etiraz edib.
İttiham aktında göstərilir ki, Məmmədov 22 noyabr 2024-cü ildə ABŞ-dən Türkiyəyə gəlib. Onun İstanbulda digər azərbaycanlı Anar Qasımovla görüşdüyü bildirilir. İddia edilir ki, həmin gün Qasımov Birləşmiş Ərəb Əmirliklərindən İstanbula gəlib və özü ilə gətirdiyi qızıl külçələr olan çantanı hava limanının gömrük nəzarətindən kənarda yerləşən saxlama yerində qoyub.
Məmmədov diplomatik pasportundan istifadə edərək qızılı bəyan etməyib. Daha sonra taksi ilə Qasımovla görüşə - İstanbuldakı otelə gedərkən hüquq-mühafizə orqanları onu saxlayıb.
İttihama əsasən, hava limanındakı saxlama yerində gömrük rəsmiləşdirilməsindən keçməyən daha 14 kiloqram qızıl külçə olan ikinci çanta da aşkar edilib.
Hüquq müdafiəçisi Yalçın İmanov məhkəmənin qərarını tənqid edərək bu hökmü “Abzas Media” nəşrinin əməkdaşlarına verilmiş 7,5 ildən 9 ilədək həbs cəzaları ilə müqayisə edib.
İmanov “OC Media”ya açıqlamasında bildirib ki, daxili qanunvericilik hamı üçün bərabər hüquq və azadlıqları təmin edir və siyasi və digər mənsubiyyətə görə ayrı-seçkiliyi qadağan edir.
“Lakin qaçaqmalçılığın miqyasına baxmayaraq, keçmiş dövlət məmuru və əməkdaşı daha yüngül cəza aldı. Bu isə vətəndaşlara siyasi baxışlarına görə fərqli yanaşan ayrı-seçkilikçi dövlətin bariz nümunəsidir. Bu cür yanaşma həm Azərbaycan qanunvericiliyinə, həm də ölkənin qoşulduğu beynəlxalq konvensiyalara, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə ziddir”, - deyə o vurğulayıb.