Ekspertiza rəyi saxta sənədlərdəki imzaların siyasətçiyə aid olmadığını, mobil operatorların verdiyi məlumatlar hadisə zamanı onun fərqli ünvanda olduğunu göstərsə də, hakim bunu nəzərə almayıb
Martın 10-da prezident ailəsinin əsas tənqidçilərindən biri, siyasətçi Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edilib.
Bu barədə qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev çıxarıb. Siyasətçi külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, saxta sənəd hazırlamaqda təqsirli bilinib.
Ancaq nə Yaqublu özü, nə də yerli və beynəlxalq ictimaiyət ittihamları qəbul edir.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.
“Abzas Media” ötən ilin sentyabrında dərc etdiyi jurnalist araşdırmasında 8 epizod üzrə üzə çıxartmışdı ki, Yaqubluya qarşı ittihamlar əsassızdır.
Belə ki, Elnur Məmmədov məhkəməyə verdiyi ifadədə bildirib ki, 2023-cü il dekabrın 8-də saat 17.13-17.20 aralığında “Zabrat-1” qəsəbəsində Tofiq Yaqublu ilə görüşüb ona 25 min avro və 10 min manat pul verib. Vəkillərin sorğusu nəticəsində “Nar Mobile” və “Bakcell” mobil operatorlarının təqdim etdiyi məlumatlardan aydın olub ki, ötən il həmin tarix, həmin saat aralığında Tofiq Yaqublu “Zabrat-1” qəsəbəsində yox, Pirşağı qəbiristanlığında olub.
Bundan əlavə, Elşən Hüseynov məhkəmədə verdiyi ifadəsində bildirib ki, o, 2023-cü il dekabrın 8-də saat 16-da Elnur Məmmədovla “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Gold Gənclik” dükanının qarşısında görüşüb və Tofiq Yaqubluya çatacaq 25 min avro və 10 min manatı ona verib. Sonuncu da pulu dərhal aparıb Tofiq Yaqubluya verib. Ancaq Elnur Məmmədovun mobil nömrəsinin anten dairəsindən məlum olub ki, o, həmin saatlarda Mehdiabad, Pirşağı, Fatmayi ərazilərində olub.
Tofiq Yaqublunun məhkəmədə bildirdiyinə görə, istintaqda Elnur Məmmədovla üzləşdirmə zamanı onun başında parik olduğunu görüb. Yaqublu qeyd edib ki, Elnur Məmmədov polisin ştatlı “agenti” olduğundan tanınmamaq üçün parikdən istifadə edib, başında parik olduğunu deyəndə isə o, bunu inkar edib.
Müdafiə tərəfinin vəsatəti əsasında Elnur Məmmədovun telefon danışığı məlumatları əldə edildiyi zaman məlum olub ki, elə həmin ərəfələrdə o, bir “parik” dükanın satıcısı ilə telefon əlaqəsi saxlayıb.
Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. 2023-cü ilin noyabrından etibarən Azərbaycanda kütləvi həbslər həyata keçirilir. Jurnalistlər, tənqidçi yazarlar, hüquq müdafiəçiləri və müxalif fəllar ard-arda müxtəlif ittihamlarla istintaqa cəlb olunurlar.
Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, ölkədə 360-a yaxın siyasi məhbus var.
Yerli və beynəlxalq qurumları təqibləri siyasi sifariş hesab edir, hökumət isə iddiaları təkzib edir.