“Toplum TV”-nin ofisi möhürləndi, əməkdaşları saxlanıldı

“Toplum TV”-nin ofisi möhürləndi, əməkdaşları saxlanıldı
6 Mart 2024
Mətni dəyiş

Ələsgər Məmmədli: “Dərhal, yaralar dərinləşmədən bu prosesi durdurmaq zəruridir”

Martın 6-da polis “Toplum TV” İnternet Televiziyasının ofisinə basqın edib. Bundan sonra media qurumunun ofisi möhürlənib. Əməliyyat çərçivəsində jurnalistlər və media qurumunun texniki heyəti saxlanılıb. 

“Əməliyyat zamanı ofisdə olan əməkdaşlar Pərvanə Qurbanlı, Fərid İsmayılov, Alya Ağazadə, Şahnaz Bəylərqızı və Elmir Abbasov saxlanılıb. Cavid Ramazanov, Cəmilə Əzimova Gülyetər Mahmudova, Fidan Alijanovanın da saxlanıldğı ehtimal olunur”,  –  “Toplum Tv”-nin “Facebook” səhifəsində dərc olunan məlumatda bildirilir. 

Bununla bərabər, III Respublika Platformasının qurucu üzvlərindən Akif Qurbanov, Ruslan İzzətli və Araz Əliyevin də saxlanıldığı bildirilir. Media qurumunun təsisçisi Ələsgər Məmmədli özünün “Facebook” hesabında hökuməti əməliyyatları dayandırmağa çağırıb.

“Ölkədə balanslı, müstəqil media nümunələri çox azdır. “Toplum Tv” bu baxımdan ən çox cəhd edən resurslardan biridir. Həm tənqidi xarakterini qorumaq, həm də balanslı olmaq asan deyil. “Toplum” buna cəhd edirdi.  

Anlaşılan "ölkədə azad, müstəqil media heç nə yoxdur, olanlar ələbaxımlılardır" deyənləri tam haqlı çıxarmaq üçün bu "əməliyyat" keçirilir. Yəni biriləri istəyir ki, yalnız kənarda olub, söyüşlə danışanlar meydanda qalsın. Peşəkar mediaların qapısına kilid vurmaqla bu iradə sərgilənir.  Baş verənlər normal deyil. Dərhal, yaralar dərinləşmədən bu prosesi durdurmaq zəruridir”, –  deyə Ələsgər Məmmədli qeyd edib.

Toplum TV-nin əməkdaşı Fərid İsmayılovun evində də axtarış aparılıb.

Onun yaşadığı evdən 3100 avro götürüldüyü bildirilib.

Bundan başqa, III Respublika Platformasının spikeri Akif Qurbanovun təşkilatın ofisindən çıxarılaraq polisə aparılıb. Onun evində də axtarış aparılıb. 

A.Qurbanovun vəkili Şəhla Hümbətova axtarış aparılan mənzilə buraxılmayıb. Bu barədə Şəhla Hümbətova “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

“Akif Qurbanovun mənzilində axtarış gedir, özü də içəridədir. Gəlmişəm, qapını döyürəm, açmırlar. İçəridən xəbər verdilər ki, polis icazə vermir açmağa”, – Şəhla Hümbətova belə yazıb.

Şəhla Hümbətova polis zorakılığına məruz qaldığını bildirib.

Onun sözlərinə görə,  6 nəfər polis zorakılıq edərək onu Akif Qurbanovun yaşadığı mənzilin qarşısından uzaqlaşdırıblar.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib ki, əməliyyat daxil olmuş məlumat əsasında başlayıb və başqa ünvanlarda da keçirilir. 

Noyabrdan etibarən Azərbaycanda müstəqil medialar qapadılır və əməkdaşları kütləvi şəkildə həbs olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun