Əliyev və Şolts Azərbaycanda həbs olunan jurnalistlərin məsələsini müzakirə ediblər

Əliyev və Şolts Azərbaycanda həbs olunan jurnalistlərin məsələsini müzakirə ediblər Foto: AzərTac
26 Aprel 2024
Mətni dəyiş

İlham Əliyev: “Xaricdən qanunsuz maliyyə alan media nümayəndəsi istintaqa cəlb edilibsə, bu, o demək deyil ki, bizdə media azad deyil”

Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub.

Təkbətək və geniş tərkibli görüşlərdən sonra mətbuat qarşısında çıxış edən dövlət rəhbərləri bildiriblər ki, görüşlərin əsas mövzularından biri Azərbaycandakı insan haqlarının və media azadlığının vəziyyəti olub.

“Biz sivil ictimaiyyət, azad media haqqında da müzakirə apardıq, ətraflı danışdıq. Canlı demokratiyanın ayrılmaz hissəsi tənqidi sivil cəmiyyətin olmasıdır. Fikir azadlığı, mətbuat azadlığı mövcud olmalıdır. Federal Respublika dünyada insan hüquqlarının qorunmasına öz töhfəsini verir. Hər bir ölkədə azad mətbuat olmalıdır, insan hüquqları pozulmamalıdır. Müxtəlif ölkələrdə bu vəziyyətin yaxşılaşdırılmasına potensial var”, - deyə Olaf Şolts bildirib.

Jurnalistin “Abzas Media işi” üzrə həbs olunmuş İmran Əliyev barədə və ümumilikdə müstəqil medialara təzyiqlə bağlı verdiyi suala cavab olaraq İlham Əliyev bildirib ki, Azərbaycanda insan hüquqları qorunur, media azadlığı təmin edilir.

“Senzura yoxdur, azad internet var. Yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə də Azərbaycanı medianı əngəlləyən addımlar atmaqda tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdidiyyətdən söhbət gedə bilər?

Fərdi məsələlərə gəldikdə isə, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırır. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir.

Əgər xaricdən qanunsuz maliyyə alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, bu o demək deyil ki, bizdə media azad deyil. Hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən digər bir ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq. Azərbaycanda azad cəmiyyət var və insanlar azad şəkildə qururlar, yaradırlar, o cümlədən, media nümayəndələri də”.

Görüşlərdə Azərbaycan-Ermənistan münasibətləri, Rusiya-Ukrayna müharibəsi və iqlim məsələləri də müzakirə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun