“Toplum Tv” işi üzrə tutulanlardan biri aclıq aksiyasına başladı

“Toplum Tv” işi üzrə tutulanlardan biri aclıq aksiyasına başladı
7 Mart 2024
Mətni dəyiş

Son 1 gündə iş üzrə 10-dan çox şəxs saxlanılıb, 7 nəfərə cinayət işi açılıb

“Toplum Tv” işi üzrə tutulanlardan Ramil Babayev baş verənlərə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Abzas Media-ya bu barədə onun qardaşı Nail Babayev məlumat verib.

“Tutulanda üzərində 3 manat olub, amma guya evdən 2700 avro pul tapılıb. O, əsassız həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb” – Ramil Babayevin qardaşı bildirib.

Martın 6-sı səhər saatlarında müstəqil internet televiziyası olan Toplum Tv-nin və III Respublika Platformasının ofisinə polis əməliyyatı olub. Ofisdə olan şəxslər kütləvi şəkildə saxlanılıblar. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.

Ümumilikdə ondan çox şəxs polis orqanına aparılsa da, onlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açılıb.

Toplum Tv-nin və III Respublika Platformasının ofisilə yanaşı, tutulanların da evlərinə baxış keçirilib. Vəkillərin verdiyi məlumata görə, polislər ofisdən 30 min avro, tutulanların evlərindən də müxtəlif məbləğlərdə xarici valyuta aşkarladıqlarını bildiriblər.

Hüquq müdafiəçiləri əməliyyatları azad mediaya növbəti hücum kimi dəyərləndirirlər. ABŞ Dövlət Departamenti də “Toplum Tv” əməliyyatını pisləyib və təzyiqləri dayandırmağa çağırıb.

Toplum Tv-nin baş redaktoru Xədicə İsmayıl isə kanalın fəaliyyətini davam etdirəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun