Jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri 3 ay uzadılıb

Jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri 3 ay uzadılıb
7 Mart 2024
Mətni dəyiş

“İstintaq gedir” arqumenti ilə həbsdə olan jurnalistlərin həbs müddətinin uzadılması prosesi davam edir.

Martın 7-də Xətai Rayon Məhkəməsində “Abzas Media” işi üzrə həbs edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətlərinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Abzas Media-nın məlumatına görə, istintaq orqanının hər iki şəxslə bağlı verdiyi təqdimat təmin olunub və onların həbs müddəti daha 3 ay, iyun ayının 13-nə qədər uzadılıb.

Qərarları hakim Sülhanə Hacıyeva çıxarıb.

Bundan əvvəl fevralın 24-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın həbs müddəti 3 ay (mayın 29-nadək) uzadılıb.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun