Deputatın 50 milyon dollarlıq mülkü həbs altında qalacaq - YENİLƏNİB

Deputatın 50 milyon dollarlıq mülkü həbs altında qalacaq - YENİLƏNİB Foto: Amerikanın Səsi
9 Mart 2024
Mətni dəyiş

Böyük Britaniya hökumətinin azərbaycanlı deputat Cavanşir Feyziyevlə həyat yoldaşının şübhəli yollarla əldə etdiyi 50 milyon dollarlıq daşınmaz əmlakının dondurulması haqqında verdiyi qərar qüvvəsində qalır.

“OCCRP”nin yazdığına görə, Britaniya məhkəməsinin hakiminin dünən verdiyi qərarda belə deyilir. 

------

Böyük Britaniya hökuməti azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz yollarla əldə edilən gəlirlərlə" Londonda şübhəli yollarla satın aldıqları 22 mülkünü dondurub.

Bu barədə cümə axşamı günü Ali Məhkəmə məlumat verib.

“OCCRP”-nin əldə etdiyi hüquqi sənədlərə əsasən, 39,5 milyon funt sterlinqdən (50 milyon ABŞ dolları) baha qiymətə alınmış əmlak Ali Məhkəmə tərəfindən 2023-cü ilin iyununda verilən qərardan sonra dondurulub.

Feyziyev xəbər dərc olunan vaxta qədər mövzu ilə bağlı sorğulara cavab verməyib. Lakin cümə axşamı ailənin vəkili hakim Naycel Pulun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) lazımi prosedura əməl etmədiyini və “hər hansı bir əmlakın qanunsuz yollarla əldə edildiyinə dair heç bir əsaslı dəlilin olmadığını” deyərək dondurma qərarlarının ləğv edilməsinə dair vəsatət verib.

Siyasətçinin ailəsi daha əvvəl də Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin bank hesablarında milyonlarla funt sterlinq saxladığına görə təhqiqata məruz qalmışdı. Agentliyə görə, həmin vəsait 2017-ci ildə “OCCRP”-nin üzə çıxardığı “Azərbaycan Çamaşırxanası” (Azerbaijani Laundromat) olaraq tanınan beynəlxalq çirkli pulların yuyulması sxemi ilə əldə edilib.

2022-ci ildə Böyük Britaniya bu vəsaitin 5,6 milyon funt-sterlinqini (7,56 milyon dollar) Feyziyevin həyat yoldaşı, böyük oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus hesablardan müsadirə edib.

Agentliyin bəyanatına görə, Feyziyev və onun həyat yoldaşının əldə etdiyi əmlakların satışına və ya köçürülməsinə mane olan ən son dondurulma qərarları onların çirkli pulların yuyulması yolu ilə əldə edildiyinə dair "güclü sübutlar" olması səbəbiylə tələb edilib.

Cinayətkarlıqla Mübarizə Agentliyindən məhkəməyə təqdim edilən sənəddə "tutarsız, yalan və ya uydurma təsvirlərlə" müşayiət olunan və çirkli pulların yuyulmasında iştirak edən şirkətlərə gedib çıxan "son dərəcə mürəkkəb pul vəsaitləri hərəkətlərinin" olduğunu qeyd edib.

Feyziyev dondurulmuş ən bahalı əmlakı - 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış dəbdəbəli “Chelsea Barracks” kompleksindəki iki iqamətgah - 2020-ci ildə, Britaniya hakimiyyəti onun həyat yoldaşı, oğlu və qardaşı oğlu ilə bağlı çirkli pulyuma əməliyyatını araşdırarkən alıb.

Dondurulmuş digər əmlaklar arasında “Regent`s Park”a baxan mənzil, eləcə də Londonun şimal-qərbində yeni tikilmiş binada 19 mənzil daxildir. Feyziyev 2008-2018-ci illər arasında mülkləri 10 milyon funt sterlinqdən (13,7 milyon dollar) baha qiymətə alıb və sonra onları təmənnasız olaraq bir dərnəyə ötürüb.

NCA-nın məlumatına görə, dondurulmuş əmlakların ümumi dəyəri 50 milyon funt sterlinqdən (63 milyon dollar) çoxdur.

Hakim Pul əmlakların dondurulmuş olaraq qalıb-qalmayacağı ilə bağlı qərarını daha sonra verəcək.

2010-cu ildən bəri deputat olan Feyziyev Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna və 2022-ci ilə qədər Avropa İtifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik edib.

Böyük Britaniya məhkəməsi qohumlarına məxsus hesablardan 5,6 milyon funt sterlinqdən çox pulun müsadirə edilməsini təsdiqlədikdən bir neçə ay sonra o, bu vəzifələri tərk edib. Hakim qərarı verərkən pulların qanuni biznes əməliyyatlarından əldə edildiyini göstərən sənədlərin "tamamilə uydurma olduğuna və bu hesabların çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün yaradıldığına" dair "böyük sübutlara" istinad edib.

Həmin vaxt ailənin vəkilinin mətbuata verdiyi açıqlamaya görə, ailə müsadirə qərarından məyus olub, lakin NCA-nın istədiyi kimi 15,4 funt sterlinqin deyil, sadəcə 5,6 milyon funt sterlinqin dondurulmasından "məmnun qalıb". Onlar həmçinin vurğulayıblar ki, məhkəmə nə “Cavanşir Feyziyevin, nə də təqsirləndirilən şəxslərin heç birinin korrupsiya ilə məşğul olmadığını” təsdiqləyib.

“OCCRP”-nin 2017-ci ildə “Azərbaycan Camaşırxanası”nı ifşa edən araşdırması mürəkkəb çirkli pulların yuyulması sxeminin iki il ərzində Britaniyada qeydiyyatdan keçmiş dörd offşor şirkət vasitəsilə keçmiş Sovet respublikasından təxminən 2,9 milyard dolları necə “yuduğunu” ortaya çıxarıb. Pul alanlar arasında ən azı üç avropalı siyasətçi, rejimin maraqlarına uyğun məqalələr yazan jurnalist, hökuməti tərifləyən iş adamları, dövlət vəzifələrində çalışan və ya əlaqələri olan tanınmış azərbaycanlılar olub.

“OCCRP” müəyyən edib ki, Feyziyevin təsis etdiyi iri Azərbaycan əczaçılıq şirkəti “Avromed” ilə eyni addan istifadə edən daha iki şirkət də bu sxem vasitəsilə 138 milyon dollar alıb.

Bu araşdırma Feyziyevin “OCCRP”-yə qarşı diffamasiya iddiasının predmeti olub və razılaşdırılmış şərtlərlə həll edilib. O, çirkli pulların yuyulmasında və ya hər hansı qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə inkar edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun