“Siyasilər “istintaq” adı altında uzun müddət həbsdə saxlanılırlar”

“Siyasilər “istintaq” adı altında uzun müddət həbsdə saxlanılırlar”
16 Fevral 2024
Mətni dəyiş

Hüquq müdafiəçisi hesab edir ki, həbs qətimkan tədbiri siyasi motivlərlə həbs olunanlara qarşı istifadə olunan alətə çevrilib

 

Son illər Azərbaycanda ictimai-siyasi şəxslərə qarşı həbslər dalğasının yüksəlməsi ilə paralel olaraq, onların istintaq dövründə həbsdə saxlanma müddətləri də hər dəfə artırılır.

Məsələn, məhkəmə 2022-ci ilin dekabrında həbs olunan ictimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilməsinə dair ümumilikdə 6 təqdimata baxıb. Onların 5-i həbs müddətinin uzadılması ilə bağlı olub və təmin olunub. Hacıyev istintaq adı altında ümumilikdə 1 il 2 aydır həbsdədir.

2023-cü ilin yayında həbs olunan iqtisadçı alimlər Qubad İbadoğlu və Nazim Bəydəmirlinin işləri üzrə də istintaq davam edir. Hər iki alim barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb və onlar 10 aya yaxındır ki, “istintaq getdiyi üçün” həbsdə saxlanılırlar.

Q.İbadoğlunun vəkili Zibeydə Sadıqova “Facebook” hesabında yazır ki, məhkəmə müvəkkilinin səhhətinin ölümcül həddə ağır olmasını nəzərə almadan istintaqın istəyini yerinə yetirib:

“Dedik ki, keçən dəfə ev dustaqlığına buraxılması üçün müraciət edəndə Qubad müəllimin səhhətindəki problemləri sadalamışdıq. Onda hələ bir insulin iynəsi vururdu. Ciddiyə almadınız və həbsdə saxladınız. İndi artıq gündə iki insulin iynəsi vurur və damarlarında yaranmış tıxacın götürülməsi üçün 10 gün sistem qəbul edir. Səhhəti hansı həddə pozulmalıdır ki, Qubad İbadoğlunu buraxasınız?” - Sadıqova hakimə sual etdiklərini deyir.

Keçmiş müstəntiq, hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, artıq Cinayət Prosessual Məcəlləsinin həbs qətimkan tədbiri aləti siyasi motivlərlə həbs olunanlara münasibətdə istismar olunur. Onun fikrincə, ümumiyyətlə, Azərbaycanda məhkəmə hakimiyyəti siyasi hakimiyyətin əlində bir maşaya çevrilib.

“Cinayət Prossesual Məcəlləsinə görə, həbs qətimkan tədbiri qətimkan tədbirləri arasında ən sərti sayılır. Siyasi yükü olan istintaq işlərinə baxsaq, görərik ki, bu işlər üzrə həbs olunan şəxslər barəsində digər qətimkan tədbirləri yox, əsasən həbs qətimkan tədbiri seçilir. Sonradan müdafiə tərəfi alternativ qətimkan tədbirlərinin seçilməsilə bağlı məhkəməyə müaraciət etsə də, bu, təmin edilmir. İnsanların istintaq adı altında uzun müddət həbsdə saxlanılması, həbs qətimkan tədbirinin siyasi alətə çevrildiyini göstərir”, - deyə o bildirir.

R.Səfərov qeyd edir ki, siyasi işlər üzrə irəli sürülən ittihamlar qurama olsalar da, hətta bu qurama ittihamlar da qeyri-zorakıdır. Ancaq məhkəmələr bunu nəzərə almır:

“Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Nazim Bəydəmirli, Tofiq Yaqublu, “Abzas Media” və ‘Kanal13” işində digər qətimkan tədbirləri də tətbiq oluna bilərdi, amma hamısında həbs qətimkan tədbiri seçildi. Bu işlər üzrə irəli sürülən ittihamlar saxta da olsa, qeyri-zorakı ittihamlardır və əsasən iqtisadi sahə ilə bağlı maddələrdir. Bu da onu göstərir ki, Prosessual Məcəllənin bu aləti istismar olunur və siyasilər “istintaq” adı altında uzunmüddətli həbsdə saxlanılır”, - deyə o vurğulayıb.

İstintaq orqanları isə adətən bu həbsləri istintaqın təhlükəsiz və hərtərfli aparılması ilə əlaqələndirirlər.

Yerli instansiya məhkəmələri bu qərarları ləğv etmir, ancaq beynəlxalq məhkəmələr adətən bu cür həbs qərarları ilə bağlı pozuntu hallarını tanıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun