Vəkil: "Bəxtiyar Hacıyevin və yaxınlarının evində axtarış gedir, yeni ittiham hazırlayırlar"

Vəkil: "Bəxtiyar Hacıyevin və yaxınlarının evində axtarış gedir, yeni ittiham hazırlayırlar" Foto: sosial media
6 İyun 2023
Mətni dəyiş

Yeni ittihamların vergi və maliyyə məsələlərilə bağlı olacağı ehtimal olunur

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin kirayədə yaşadığı mənzildə,  avtomobilində, Gəncədəki ailəsinin, qardaşının evində və yaxın dostlarının mənzilində axtarış aparılır.

Bu barədə məlumatı Abzas Media-ya vəkil Elçin Sadıqov verib. Sadıqov ehtimal edir ki, B. Hacıyevə qarşı yeni ittiham irəli sürüləcək:

“Cinayət işi ilə əlaqədar axtarışla bağlı vəsatət qaldırılıb, məhkəmə də təmin edib. Ancaq hansısa bir əsas yoxdur. Çox ehtimal ki, ona qarşı yeni ittiham irəli sürüb, həbs müddətini uzatmaq istəyirlər. Başqa yol yoxdur. Ümumilikdə 4-5 nəfərin evində axtarış gedir” – deyə o, bildirib.

 Hüquq müdafiəçisi Rüfət Səfərov da Hacıyevə yeni ittiham irəli sürüləcəyini düşünür. Onun sözlərinə görə, yeni ittihamların vergi və maliyyə məsələlərilə bağlı olacağı ehtimal olunur:

“Yeni ittihamlara hazırlaşırlar. Onun Bakıda kirayədə yaşadığı mənzildə, atasının Gəncədəki evində, qardaşının və dostu Rail Abbasovun evində axtarış gedir. Çox güman hamısının telefonun əlindən alıblar, əlaqə saxlamaq mümkün deyil. Məndə belə narahatlıq var ki, Rail Abbasova da təzyiq olunsun. Bilmirəm hansı ittihamlar olacaq, amma çox böyük ehtimaldır ki, vergidən yayınma və s. kimi ittihamlar ola bilər” – Səfərov bildirib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunaraq saxlanılıb. O, məhkəmə prosesi zamanı qarşı tərəfə, Ülviyyə Alovluya xəsarət yetirməkdə ittiham olunur. Saxlanılmasından sonra ona ilkin istintaq müddəti üçün 1 ay 20 gün həbs verilsə də, sonradan bu müddət də müxtəlif əsaslarla dəfələrlə artırılıb. Hacıyev isə ittihamları rədd edib və həbsinə etiraz olaraq 51 gün aclıq aksiyası keçirib. O, fevralın 28-də aclıq aksiyasını dayandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun