Sabiq deputat Söyüdlü hadisələrilə bağlı medianı və Elman Nəsirovu məhkəməyə verib

Sabiq deputat Söyüdlü hadisələrilə bağlı medianı və Elman Nəsirovu məhkəməyə verib
27 İyun 2023
Mətni dəyiş

Keçmiş deputat “Yeni Müsavat”, AZTV və deputat Elman Nəsirovdan şikayətçidir 

Sabiq deputat Nazim Bəydəmirli millət vəkili Elman Nəsirovu, “Yeni Müsavat” saytını, AzTV-ni məhkəməyə verib.

Bu barədə məlumatı Abzas Media-ya Nazim Bəydəmirli verib. Keçmiş deputat bildirib ki, şikayətə səbəb onun Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə əlaqələndirilməsi olub. Onun sözlərinə görə, əsas tələbi hər 3 tərəfin təkzib verib, üzr istəməsidir: 

“Mənim haqqımda “Yeni Müsavat”ın yazdığını Azərbaycan Dövlət Televiziyası da verib və daha sonra bunları millət vəkili  Elman Nəsirov parlamentin iclasında təkrar edib. Düzdür, bizim qanunvericilikdə təhqir və böhtana görə məsuliyyət var, ancaq mən media azadlığına hörmət edən bir şəxs kimi “Yeni Müsavat”ı və Dövlət Televiziyasını mülki qaydada məhkəməyə vermişəm.  Onlardan təkzib verib, üzr istəmələrini tələb etmişəm və simvolik olaraq da 1 manat təzminat istəmişəm”. 

Bəydəmirli şikayətini Nizami Rayon Məhkəməsinə göndərdiyini bildirib.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib. Aksiyadan sonra da həbs olunanların olduğu bildirilir. Daxili İşlər Nazirliyi kənddə neçə nəfərin həbs edildiyini açıqlamır.

DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, hələlik cəzalandırılan polis əməkdaşı yoxdur.

Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb. 

Hadisələrin gedişində “Yeni Müsavat” saytı Söyüdlüdəki etirazların Rusiya tərəfindən təşkil olunduğu ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunub ki, təşkilatçılar aksiyanın koordinasiyası üçün Nazim Bəydəmirli və Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovla əlaqəyə keçiblər. İddia olunur ki, N. Bəydəmirli hadisələri Bakıdan koordinasiya edib. 

“Yeni Müsavat”ın bu iddialarını AZTV, daha sonra isə millət vəkili Elman Nəsirov parlamentin iclasında təkrarlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun