"Daxili Qoşunların rəhbərliyi yəqin düşünüb ki, belə aqressiv olsaq, daha yaxşı olar"

"Daxili Qoşunların rəhbərliyi yəqin düşünüb ki, belə aqressiv olsaq, daha yaxşı olar" Foto: sosial media
21 İyun 2023
Mətni dəyiş

Deputat: "Polis vətəndaşlara qarşı diqqətli olmalıdır"

İyunun 20-də Gədəbəyin Söyüdlü kəndində ekoloji problemlərə etiraz edən sakinlər polisin dəyənək, gözyaşardıcı qaz, rezin güllələrlə müdaxiləsilə qarşılaşıblar.

Abzas Media-ya danışan təhlükəsizlik eksperti İlham İsmayıl deyir ki, polisin bu vasitələrdən istifadəsi üçün heç bir əsası olmayıb.

“Baş  verənlər adi etiraz idi. Heç bir gizli, strateji obyekt, bu obyektə hücum olmadan, çölün düzündə belə bir adi etiraza o cür müdaxilə olursa, bu o deməkdir ki, işi həyata keçirən heyət təlimatlandırılmayıb və təlimat nədir bilmir. Bu qanunsuzdur, bunu edən adamlar cəzalandırılmalıdırlar. O qadın hansı aqressiv hərəkət edirdi? Adi bir söz etirazına bu cür hərəkət düzgün deyil”.

Ekspertin sözlərinə görə, polis əməkdaşları xüsusi vasitələrdən ən çıxılmaz vəziyyətlərdə istifadə etməlidir.

“Əgər o polislərə qaz balonu veriblərsə, onlar deyəcəklər ki, bizə veriblər, istifadə edirik. Amma məsələ budur ki, nə vaxt istifadə edə bilərsən? Polis silahdan son həddə çatanda istifadə etməlidir. Yəni, qarşı tərəf silah qaldıranda. Burada isə qadın gedir, arxadan çatıb gözünə qaz sıxır. Oradakılar Daxili Qoşunların əsgərləri idi və görünür ki, rəhbərlikləri onları düzgün təlimatlandırmayıb. Düşünüblər ki, belə aqressiv olsaq, daha yaxşı olar”.

Polis haqqında qanunun 27-ci maddəsində göstərilir ki, polis "insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət zamanı" istifadə edə bilər.

"Odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə, xüsusi vasitələr və odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı olan, əlilliyi və digər fiziki və psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silahı tətbiq etməməlidir"- qanunda qeyd olunub.

Millət vəkili, parlamentin insan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu Abzas Media-ya deyir ki, Azərbaycanda hər bir vətəndaşın sivil qaydada etiraz etmək hüquq var. Onun sözlərinə görə, Gədəbəydə baş verən etirazlar da bu qəbildən olub:

“Demokratik cəmiyyətlərdə vətəndaşların qanun çərçivəsində etiraz etməsi normal hadisədir. Polis vətəndaşlara qarşı diqqətli olmalıdır. Daxili İşlər Nazirliyinin adekvat olmayan güc tətbiq edən polis əməkdaşı ilə bağlı açıqlamasını da təqdir edirəm. Bəlkə hansısa polis bu və ya digər səbəblərdən aqressiv  davrana bilir, ancaq bu yolverilməzdir. Ona görə ki, azad, demokratik cəmiyyətlərdə vətəndaş azad söz deyə biləcək qədər cəsarətli olmalıdır. Bu, cəmiyyətin inkişafı, dövlətin güclü olması üçün vacibdir. Vətəndaşların təhlükəsizliyini təmin etməli olan polis orqanları, bu orqanlarda çalışan hər bir polis əməkdaşı bir Azərbaycan vətəndaşı kimi bunu nəzərə almalıdır. Ancaq təəssüflər olsun ki, belə hallarla da rastlaşırıq”.

Millət vəkili bildirib ki, Gədəbəydə baş verən hadisəni nəzarətdə saxlayacaq.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat olan Arzu Nağıyev məsələ ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Abzas Media-ya açıqlamasında əvvəlcə polisin davranışlarının adekvat olduğunu desə də, sonradan verilən məlumatda qeyd olunub ki, qadının üzünə gözyaşardıcı qaz sıxılması halı ilə bağlı xidməti yoxlama başlayıb.

"Gədəbəyin Söyüdlü kəndində polis emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik"- DİN açıqlamasında qeyd edib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Ərazidə ikinci süni göl tikən “Azerbaijan International Mining Company” bunun ətraf mühitə təsiri ilə bağlı rəsmi sənədlərinin olub-olmaması sualına cavab veriləcəyini bildirsə də, sonradan zənglərimizə cavab verilməyib.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli tullantıların atıldığı göl yaradıb. Sakinlər bildiriblər ki, göl Söyüdlüdə heyvanların tələf olmasına, təsərrüfatın sıradan çıxarılmasına, insanların ağır xəstəliklər tutub həyatını itirməsinə səbəb olub. Onların sözlərinə görə, bütün bunlara səbəb olan göl dolduğundan, kənddə yeni belə süni göl yaradılır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun