Polis serebral iflic xəstəsini tənqidi yazılarından sonra “narkobaron” kimi tutub

Polis serebral iflic xəstəsini tənqidi yazılarından sonra “narkobaron” kimi tutub Foto: Sosial Media
8 May 2024
Mətni dəyiş

Yaxınları Famil Xəlilovun həbsinin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi paylaşımları ilə bağlı olduğunu bildirirlər

“Evdə heç bir şeyi özü edə bilmirdi. Nə yemək yeyə, nə su içə bilirdi. Paltarlarını da biz geyindirirdik”.

Bu sözləri narkotiklərin dövriyyəsində ittiham olunaraq həbs edilən ictimai fəal Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova deyir.

Famil Xəlilov serebral iflic diaqnozu ilə doğulub, I qrup əlildir. O, sosial şəbəkələrdə Azərbaycan hökumətinin ünvanına tənqidi paylaşımlar edib. Mayın 4-də evinə polis basqını olub, özü, xanımı və 2 azyaşlı uşağı bölməyə aparılıb.

Kiçikxanım Xəlilova deyir ki, polislər evdən guya narkotik tapdıqlarını bildirərək onları bölməyə apardıqdan sonra təhdidlər və təhqirlər başlayıb:

“Məni saldılar otağa, dedilər hökumət əleyhinə yazılar yazanda niyə imkan verirdiniz? Məni təhqir etdilər və mən onda deyirdim ki, heç olmasa iki azyaşlı uşağı buraxın”, – Xəlilova çətinliklə də olsa həmin anları yenidən xatırlayır.

Onun sözlərinə görə, Famil hazırda təcridxanada çox ağır vəziyyətdədir:

“Evdə heç bir şeyi özü edə bilmirdi. Nə yemək yeyə, nə su içə bilirdi. Paltarlarını da biz geyindirirdik. Gözləri də zəifdir, eynək taxır. Eynəksiz ümumiyyətlə görmür. Sadəcə kompüter qarşısında oturub ayaqları ilə yazı yazırdı. Onun əlil kimi aldığı pensiya ilə dolanırdıq.

Dünən yanında idim, vəziyyəti çox pis idi, ağlayırdı. İki gündür pristupu tutub. Deyir ağrıdan çığırırdım, gəlib iynə vururdular, bir az keçirdi, sonra yenidən başlayırdı. Bu gün yenə tutub ağrıları. Onun yeri ora deyil, orda yaşaya bilməz. Bayaq danışmışam, vəziyyəti heç yaxşı deyil, heç kimlə danışmaq istəmir. Ev dustaqlığı ilə bağlı məhkəməsini də saxlayıblar 5-ci günə, niyə bu qədər uzadırlar, anlamıram”.

Famil Xəlilov həbs olunduqdan sonra 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. Mayın 7-də onunla görüşən vəkili Bəhruz Bayramov deyir ki, gördüklərindən dəhşətə gəlib.

“Təcridxanada onun səhhətindəki problemləri nəzərə alaraq, belə qərar verilib. Mən özüm Famil Xəlilovu görəndə dəhşətə gəldim. Hər iki qolu iflicdir. Söhbət zamanı bir də gördüm ki, əsir, təzyiqi kəskin şəkildə qalxır. Hər iki əli işləməyən adam özünü necə idarə edə bilər?!”

Bayramovun sözlərinə görə, Famil Xəlilov narkotik ittihamını qəbul etmir. Deyir ki, onu şərləyirlər, narkotiklə yaxından-uzaqdan heç bir əlaqəsi olmayıb.

Vəkil Elçin Sadıqov isə qeyd edir ki, qanunla I qrup əlilliyi olan şəxslərin həbsi qadağan olunmayıb, ancaq əlilliyin olması həmin şəxsin barəsində humanist qərar verilməsinə, həbs qətimkan tədbirinin dəyişdirilməsinə əsas ola bilər.

“Nazirlər Kabinetinin qərarı var, orada göstərilir ki, həbs şəxsin səhhətinə mənfi təsir göstərirsə, o, həbs cəzasından azad edilir”, - deyə o əlavə edib.

Famil Xəlilov keçmiş siyasi mühacirdir, ötən il İsveçdən redmissiya edilib. O, bu il mayın 2-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun