İki uşaq SOCAR-ın qazdığı quyuya düşərək həlak olub

İki uşaq SOCAR-ın qazdığı quyuya düşərək həlak olub Foto: qafqazinfo.az
18 May 2023
Mətni dəyiş

Ərazidə başqa üstüaçıq quyuların da olduğu bildirilir 

Mayın 17-də axşam saat 8 radələrində Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq quyuya düşərək həlak olub.

10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşüblər. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Həyatını itirən Hüseyn Qasımovun qohumu Vaqif Rüstəmov Abzas Media-ya deyir ki, hadisə SOCAR-ın ərazisində baş verib. O bildirib ki, evlərin yaxınlığına park yoxdur deyə uşaqlar məcbur qalıb orada oynayırlar.

“Uşaq həyətdə oynayırmış, nənəsi deyib," gedək bibingilə", uşaq da getməyib ki, oynayıram. Nənəsi gedəndən sonra, uşaq dostu ilə orada oynayıb və hadisə olub. Quyu açıq sahədə, köhnədən olan quyudur. Ərazi SOCAR-ın ərazisidir. Orda başqa quyular da var ki, üstü açıqdır. Dərin quyulardır, istifadə olunmur, təhlükəlidir. Bunu bağlamaq lazımdır.  Bizim tərəfdə uşaqların oynaması üçün normal yer yoxdur. Ayda bir dəfə Maştağanın içindəki parka aparırıq, amma bizim evlərin yanında parkımız yoxdur”.

Maştağa qəsəbəsinin icra nümayəndəsinin müavini Ramin Ağazadə Abzas Media-ya təsdiqləyib ki, hadisə SOCAR-ın ərazisindəki quyuda baş verib. 

Ağazadə əlavə edib ki, quyu işlək quyu olmayıb:

“Açıq ərazidir, uşaqlar orda oynamağa giriblər, hadisə həmin vaxt baş verib. Ərazidəki təhlükəsizlik məsələlərinə SOCAR-ın mühafizə xidməti nəzarət edir. Bu günə qədər həmin yerlə bağlı sakinlərdən bizə heç bir şikayət daxil olmamışdı, ancaq hadisədən sonra üstüaçıq quyuların üstünün bağlanması, təhlükəsizlik tədbirlərinin görülməsi üçün SOCAR-a rəsmi müraciət etmişik”.

Baş verən hadisə ilə bağlı SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma başladılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun