Ombudsman şurası: "Mixail Saakaşvili yataq xəstəsi olacaq"

Ombudsman şurası: "Mixail Saakaşvili yataq xəstəsi olacaq" Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili
6 Aprel 2023
Mətni dəyiş

"Hazırda xəstənin nəzarətsiz hərəkəti təhlükəlidir, çünki yıxılma, bədənin zədələnməsi riski çox yüksəkdir"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşdiyi və daha da ağırlaşdığı bildirilir. Onu müayinə edən Ombudsman şurası nəzdindəki tibbi komitə bu barədə məlumat yayıb. 

Bildirilir ki, Saakaşvili ağır sarkopeniyadan, skelet əzələ kütləsinin və funksiyasının itirilməsi ilə xarakterizə olunan xəstəlikdən əziyyət çəkir və əzələ kütləsi hesabına arıqlayıb. Həmçinin keçmiş prezidentin depressiyadan əziyyət çəkdiyi və psixi pozğunluqlardan ciddi şəkildə təsirləndiyi qeyd olunur.

Ekspertlər şurası əlavə edib ki, eks-prezidentin daha çox çəki itirməsi və aşağı bədən əzələlərinin zədələnməsi səbəbindən yataq xəstəsi olacağını düşünürlər.

"Hazırda xəstənin nəzarətsiz hərəkəti təhlükəlidir, çünki yıxılma, bədənin zədələnməsi riski çox yüksəkdir"- açıqlamada deyilir.

Şura üzvləri bazar günü ziyarətləri zamanı Saakaşvilini müalicə edən həkimlə söhbət edə və ya klinikada tibbi sənədlərlə tanış ola bilməyiblər.

Gürcüstan parlamentinin sədr müavini Georgi Volski şuranı siyasi qərəzdə ittiham edib.

O, iddia edib ki, Saakaşvilinin vəziyyətini yaxşılaşdırmaq üçün hansı müalicəyə ehtiyacı olduğu sualına heç kim cavab vermir.

“Bu suala heç kim cavab vermir. Bu suala cavab olmayanda isə bütün bəyanatların və nəticələrin (siyasi vəziyyət əsasında) diktə edildiyindən şübhələnməyə əsas yaranır”, - Volski bildirib.

Lakin Mixail Saakaşvilinin anası Culie Alasaniya müsahibəsində Ombudsman şurasının ekspertlərinin rəyinin dəqiq olduğunu və təəccüblü olmadığını bildirib.

"Düşünürəm ki, şuranın hesabatı obyektivdir və həqiqətən hər gün gördüyüm mənzərəni təsvir edir",- xanım Alasaniya deyib.

Alasaniya əlavə edib ki, şuranın hesabatı Mixail Saakaşvilinin həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə təqdim ediləcək sənədlərə əlavə olunacaq.

Fevralın 2-də Avropa Parlamentində Saakaşvilinin həbsxanada səhhətinin pisləşməsi ilə bağlı deputat Anna Fotiqa çıxış edib: 

“Gürcüstan hakimiyyətinə Saakaşvilinin humanitar səbəblərdən xaricə müalicəyə buraxılması xahişi ilə müraciət edirəm. O, həbsxanada ölür və bu, Gürcüstanın gələcəyinə çox təsir edir”, - deyə Fotiqa bildirib.

Martın 22-də Vivamedi klinikası dərmanlar və ya prosedurların Saakaşvilinin sağlamlığına müsbət təsir göstərməsinə baxmayaraq, onun müalicədən dəfələrlə imtina etdiyini iddia edib və keçmiş prezidentin klinikada qalmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün penitensiar tibb xidmətinə müraciət etmək niyyətində olduqlarını bəyan edib.

Bəyanatda qeyd olunur ki, Saakaşvilinin müalicədən imtina etməsi klinikanın reputasiyasına xeyli mənfi təsir edib.

Mixail Saakaşvili 2022-ci il mayın 12-də həbsinə qarşı bir neçə dəfə aclıq aksiyası keçirəndən sonra Vivamedi klinikasına köçürülüb və o vaxtdan da orada qalıb.

Saakaşvilinin qohumları, tərəfdarları və vəkilləri uzun müddətdir ki, onun müalicə üçün xaricə göndərilməsini tələb edirlər. Fevralın 6-da Tiflis Şəhər Məhkəməsi hökmü təxirə salmaqdan və ya ləğv etməkdən imtina edib.

Ötən ilin dekabrında amerikalı toksikoloq Devid Smit də daxil olmaqla ekspertlər qrupu Tiflisdə yerləşən “Empathy” işgəncələrlə mübarizə təşkilatının himayəsi altında Saakaşvilinin səhhəti ilə bağlı hələ dərc olunmamış hesabat hazırlamışdı.

Smitin sözlərinə görə, Saakaşvili sürətlə irəliləyən demensiya və travma sonrası stress pozğunluğundan əziyyət çəkir.

Mixail Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana daxil olub və daha sonra keçiriləcək həlledici yerli seçkilər ərəfəsində həbs edilib. O, hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə altı il həbs cəzası alıb və vəzifədə olduğu müddətlə bağlı bir sıra digər ittihamlarla üzləşib.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun